Ofis həyatı bitir?
13 May 2020
ABŞ-ın “Twitter” şirkəti öz əməkdaşlarına pandemiya bitdikdən sonra da evdən çalışmağa icazə verib. Bunu şirkətin rəhbəri Cek Dorsi açıqlayıb.
C.Dorsi bildirib ki, əməkdaşlar istəsələr, koronavirus pandemiyasından sonra da ofisə gəlməyib, kənardan işləyə bilərlər. “Son bir neçə ay göstərdi ki, biz bu rejimdə iş görməyi bacarırıq. Ona görə də, əgər əməkdaşlarımız evdən işləməyə davam etmək istəyirlərsə, biz buna imkan verəcəyik”.
C.Dorsi “Twitter” ofislərinin sentyabrdan əvvəl açılmayacağını, 2020-ci ilin sonuna qədər əməkdaşların fiziki iştirakını tələb edən hər hansı korporativ tədbir keçirilməyəcəyini, işgüzar səfərlərin hələ bir müddət bərpa olunmayacağını söyləyib.
“Google” və “Facebook” şirkətləri də ötən həftə əməkdaşlara bildiriblər ki, ilin sonuna qədər kənardan işləyə bilərlər. Amma hər iki şirkət bu yay öz ofislərini açacaq.
Qeyd edək ki, koronavirusdan sonrakı dünya barədə bir çox şərh və proqnozlarda ofis həyatının tam bitməsə belə, əvvəlki qədər məcburi və alternativsiz olmayacağı fikri tez-tez vurğulanır. Xüsusən insanların fiziki mövcudiyyəti tələb olunmayan və online rejimdə çalışmağın problemsiz mümkün olduğu sahələrdə evdən işləmək metodunun ağırlıq qazanmağa başlayacağı gözlənilir. Bu üsulun üstünlüyü odur ki, ofis icarəsi və kommunal xərclərə sərf olunan böyük vəsaitlərə qənaət edilməsinə və həmin vəsaitləri başqa istiqamətlərə yönəltməyə imkan verəcək. Lakin bir çoxları bunun əksinə olaraq, hesab edir ki, kollektivin bir arada olmaması və asosial iş həyatı məqsədəuyğun deyil, bunu bir çox zərərləri ola bilər.