Logo
news content
User
Kateqoriyalar

Analitika

Növbəti yoluxma rekordu! 

Belə görünür ki, bəşəriyyət COVİD-19-dan tez və asanlıqla xilas ola bilməyəcək. Peyvəndlərin hazırlanması və dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda əhalinin əksəriyyətinin peyvəndlənməsindən sonra virusun yayılması səngimiş, bu isə hökumətləri yüngülləşdirici tədbirlərə sövq etmişdi. Lakin hazırda virusun yayılmasında yeni bir dalğa müşahidə olunur. 

Azərbaycanda bu gün açıqlanan statistika xüsusilə narahatlıq doğurur. Ölkəmizdə son sutkada 1736 nəfər COVID-19-a yoluxub, 435 nəfər sağalıb. Üzü payıza getdiyimiz bir məqamda bu rəqəm nikbinliyə heç də əsas vermir. Dünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı da bir müddət əvvəl jurnalistlərə açıqlamasında bildirmişdi ki, sentyabr-oktyabr aylarında yoluxma saylarında artım gözlənilir.

Bəs, ekspertlər bu barədə nə düşünür? 

Həkim infeksionist Nicat Əzimli “Press Klub”a açıqlamasında öncədən proqnoz verməyi sevmədiyini söylədi:

“Hazırkı vəziyyətlə bağlı onu deyə bilərəm ki, bir ailə üzvü xəstələnirsə, ertəsi gün digər ailə üzvləri də xəstələnir. Bu cür hallar rastıma çox çıxdığına görə, onu qeyd edə bilərəm ki, hazırkı dalğa bu cür xüsusiyyəti ilə fərqlənir. Delta ştammı yoluxma qabiliyyəti olduqca yüksək olan bir variantdır. Bu, virusun ağırlığına dəlalət etmir. Ancaq yoluxma qabiliyyəti çox olduğuna görə rəqəmlərdə artımın olması gözləniləndir”.

Həkim farmakoloq Müşfiq Hüseynov isə “Press Klub”a şərhində vurğuladı ki, toyların keçirilməsinə icazə verilməsi ilə əlaqədar yoluxma sayının artacağı bəlli idi:

“Yoluxma sayı bir neçə gün arta bilər. Ancaq Məhərrəmlik günlərində artım olacağına inanmıram. Yoluxmaların sentyabrın sonuna qədər 2500-3000-dən yuxarı olacağını gözləmirəm. Amma yoluxanların xəstəliyi ağır keçirəcəyini düşünürəm”.

Həkimin qənaətinə görə, peyvəndləmə tempi istənilən kimi olmadı:

“Bir qədər sonra payız ayına girəcəyik. Senytabrın 20-dən sonra yoluxma sayının artacağını düşünürəm. O zaman yoluxma sayı beş minə qədər qalxa bilər. Qapanmanın olub-olmayacağı barədə nəsə demək çətindir. Yoluxma sayı üç minə çatmazsa, qapanmaya gərək olmayacaq. Keçən günlərdə dediyim kimi, qapanma heç bir məsələyə kömək etməyəcək. İnsanlar özlərini qorumalıdır. Qapalı yerlərdə, ictimai nəqliyyatda mümkün qədər məsafə saxlanılmalı, maskadan istifadə edilməlidir. Yoluxma sayının bu cür artacağını gözləyirdik. Kütləvi şəkildə toy və yas mərasimlərinin keçirilməsi və heç bir sosial məsafənin gözlənilməməsi, maskadan istifadə olunmaması öz təsirini göstərməli idi. Çünki toyda maskadan istifadə ilə bağlı verilmiş qərar çox absurd qərar idi. Bir sözlə, yoluxma sayının hələ də artacağını gözləyirəm. Amma öhdəsindən gəlinməyəcək bir say olmayacaq”. 

Həkim-radioloq Aydın Əliyev “Press Klub”a şərhində son günlər yeni növ koronavirusa yoluxma hallarının sayının artmasının insanlarda panika yaratdığını dedi:

“Panikanı aradan qaldırmaq və maariflənirmə məqsədilə bir neçə nüansı qeyd etmək istəyirəm. Birincisi, əsas olan yoluxma sayının artması yox, ağırlaşma hallarının sayıdır. Məsələn, hər il dünyada təqribən 1 milyarda yaxın insan qrip virusuna yoluxur. Bəs, niyə qrip xəstəliyinə görə karantin tətbiq edilmir? Çünki qrip xəstəliyi təxminən 95-99% hallarda yüngül keçir. Deməli, əsas yoluxma sayı yox, ağırlaşma faizidir. İkincisi, son günlərdə olan yoluxma sayının içərisində ağırlaşma faizinə baxmaq lazımdır. Əgər yeni yoluxanlar arasında xəstəliyi ağır keçirənlərin faizi aşağıdırsa, heç bir panikaya əsas yoxdur. Amma niyə aidiyyəti rəsmi qurumlar bu faizi açıqlamır? Məqsəd nədir? Burada şübhəli məqamlar var. Yeni yoluxanların və ağırlaşanların arasında peyvənd edilənlərin sayı çox azdır. Deməli, peyvənd yoluxmanı və yoluxarkən ağırlaşmanı çox azaldır. Nə qədər çox peyvənd edilsək, yoluxma da bir o qədər azalacaq”.

A.Əliyevin sözlərinə görə, yeni yoluxanlar arasında saxta COVİD pasportu alanların sayı çoxdur:

“Saxta peyvənd pasportu almayın! Bu, həm sizə, həm də cəmiyyətə zərərlidir”.

Həkim sonda qeyd etdi ki, bütün viruslar mutasiya etdikcə zəifləyir və insanla yaşamağa məcbur olur:

“Koronavirus da mutasiya edərək zəifləyir. Ən yaxın gələcəkdə koronavirus adiləşəcək”.

Ülviyyə Şahin