Logo
news content
User
Kateqoriyalar

Analitika

Növbəti potensial təxribat cəhdi?
İrəvan israr edir, Bakı isə qoşunların hər iki tərəfdən geri çəkilməsi təklifini qəbul etmir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dekabrın 13-də bəyan edib ki, Bakı və İrəvan qoşunların dövlət sərhədindən geri çəkilməsi məsələsini müzakirə edirlər. "Qoşunların Ermənistan-Azərbaycan dövlət sərhədindən geri çəkilməsi məsələsi müzakirə edilib və mən ümid edirəm ki, bundan sonra da müzakirə ediləcək. Yekun razılaşmamızın olduğunu deyə bilmərəm, amma bu, müzakirə edilən ideyadır".

Dekabrın 14-də isə Azərbaycan tərəfi Miroyanın bəyanatına cavab verib. Bakı bildirib ki, İrəvanın hər iki tərəfin paralel şəkildə qoşunları sərhəddən çəkməsi təklifi ilə razılaşmır. Bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyənin Xarici İşlər naziri Hakan Fidan ilə danışıqların yekunları ilə bağlı mətbuat konfransında deyib.

"Ermənistanla sərhəd məsələsində hələ də cavabı bəlli olmayan suallar var və buna görə də, qoşunları geri çəkmək mümkün deyil. Əgər Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi yoxdursa, o zaman bu ərazilərin təhlükəsizliyinə kim təminat verə bilər?

Azərbaycanla Ermənistan arasında sərhəd delimitasiya edilməyib. Belə bir şəraitdə qoşunları çıxartsaq, kim təminat verə bilər ki, qarşı tərəf bu mövqeləri tutulmayacaq?

Qoşunların çəkilməsi ideyası qəbuledilməzdir. Bu gün Azərbaycan ordusu sərhədlərimizi qoruyur”, - deyə Bayramov bildirib.

Çox maraqlıdır: qoşunların hər iki tərəfdən qarşılıqlı şəkildə geri çəkilməsi məsələsi nə dərəcədə önəmlidir?

İlk növbədə, bu, Ermənistana nəyə görə lazımdır? Axı 44 günlük müharibənin bitməsindən sonra İrəvanın bu təklifi dilə gətirməsi ilk dəfə deyil. Əgər hər iki tərəf qoşunlarını şərti sərhəddən geri çəksə, bu nə verəcək? Ermənistan iddia edir ki, hazırda Azərbaycan qoşunlarının bir hissəsi onun sərhədyanı ərazilərində yerləşir - bu, böyük müharibədən sonra bir neçə hərbi toqquşma nəticəsində mümkün olub. Azərbaycan isə dəqiq müəyyən edilmiş sərhədlərin olmamasını əsas gətirərək, bunu təkzib edir. Bəlkə Ermənistan bu təkliflə Azərbaycanın qoşunlarını 1991-ci ilə qədər Ermənistan SSR-in tərkibində olan torpaqlardan çıxarmasını nail olmaq istəyir?

Bakı niyə bu təkliflə razılaşmır? Ceyhun Bayramov bu halda Ermənistan qoşunlarının bu ərazilərə girməyəcəyinə dair təminatların olmamasına istinad edir. Amma bu baş verərsə, Azərbaycan ordusunun potensialı onları əvvəlki mövqelərinə qayıtmağa “inandırmağa” kifayət edəcək.

Kənardan sadə insana bütün bu vəziyyət bir qədər qəribə görünür və buna aydınlıq gətirmək lazımdır.

Azərbaycan Müdafiə Nazirliyinin informasiya-analitik idarəsinin keçmiş əməkdaşı, tanınmış hərbi ekspert Azad İsazadə old.pressklub.az-a açıqlamasında buna aydınlıq gətirməyə razılaşıb.

O, ilk növbədə qeyd edib ki, indiki vəziyyətdə qoşunların bu cür geri çəkilməsi qeyri-realdır və Azərbaycan birmənalı olaraq buna getməyəcək. “Səbəbini izah etməyə çalışacağam. Əslində, bu gün faktiki olaraq dövlət sərhədi olmadığından, bu haqda danışmamalıyıq. Yəni, bu gün ancaq qoşunların təmas xəttindən geri çəkilməsindən danışmaq olar. Lakin sırf hərbi-siyasi baxımdan, adətən qoşunları geri çəkmirlər. Ən yaxşı halda, hər iki tərəf ağır silahların - tankların və iri çaplı artilleriyanın geri çəkilməsi barədə razılaşır. Amma yüngül silahlar, kiçik çaplı artilleriya, minaatan və s. təchiz olunan piyadalar mövqelərində qalır. Çünki təmas xəttinə yaxın ərazidə vəziyyətə ordu nəzarət etməlidir”, - ekspert bildirib.

İsazadə qeyd edib ki, sərhədin delimitasiyası və demarkasiyası baş tutandan sonra oradan bu və ya digər silahların hansısa formada çıxarılmasından danışmaq mümkün olacaq: “Yaxın keçmişdən bir misal çəkəcəm. Səhv etmirəmsə, haradasa 2016-2017-ci ilə qədər Azərbaycan ordusu Qazax rayonu ərazisində Ermənistanla sərhəddə dayanmışdı. Orada işğal olunmuş anklavlarla bağlı problem olsa da, ən azı pis və ya yaxşı şəkildə sərhəd müəyyən edilib. Beləliklə, haradasa 2016-cı ildə Azərbaycan ordusunun hissələri həmin ərazidən çıxarıldı. Onun yerini isə səhv etmirəmsə, sərhəd xidmətinin tərkibində yaradılan “Qazax” diviziyası tutdu. Ordu hissələri isə geri çəkilərək kazarmalarda, bir növ ikinci eşelonda yerləşdilər. Bu, hələ də belə olaraq qalır.

Yəni, tamamilə mümkündür ki, Azərbaycan gələcəkdə Ermənistanla sərhəddən qoşunlarını geri çəkəcək, onların yerini isə sərhədçilər tutacaq. Onlar artıq sərhədin bəzi hissələrində yerləşdiriliblər. Düzdür, bu, hələlik yalnız İran yaxınlığındakı işğaldan azad edilmiş torpaqlara aiddir. Yəni bunlar Füzuli, Cəbrayıl və Zəngəlan rayonlarının cənub hissəsidir. Amma bu proses artıq gedir və sülh sazişinin ilk əlamətləri müşahidə ediləndə, döyüş əməliyyatlarının bərpa olunmayacağına əminlik yarananda, istisna etmirəm ki, Azərbaycan ordusu Ermənistanla bütün sərhəddən geri çəkiləcək və onun yerini sərhəd qoşunları tutacaq”, - hərbi analitik qeyd edib. Onun sözlərinə görə, bu zaman bir şey olsa, ilk zərbəni sərhədçilər üzərinə götürəcək.

Amma ümumilikdə Ermənistan tərəfinin bu məqamları səsləndirməsi təəccüb doğurur. Belə problemlər müzakirə oluna bilər və mümkündür ki, dövlətlərimizin nümayəndələrinin görüşləri zamanı onlarla belə mübahisəli məsələlər ətrafında müzakirələr aparılır. Amma bu mövzu ilə bağlı heç bir qərar verilməyənə qədər onu gündəmə gətirmək düzgün deyildi. Bu cür təfərrüatların açıqlanması doğru deyil və danışıqlar etiketinin pozulmasıdır. Üstəlik, onu da qeyd edək ki, xarici işlər naziri Ararat Mirzoyan Paşinyandan bir qədər fərqli mövqe tutur. Dəfələrlə müşahidə etmək olar ki, o, Azərbaycanla əldə edilməkdə olan bəzi razılaşmaları pozmağa cəhd edib. Ona görə də, istisna etmirəm ki, bu, həm də onun tərəflərin yaxınlaşmaqda olan mövqelərini pozmaq üçün atdığı təxribatçı addımdır”, - deyə Azad İsazadə yekunlaşdırıb.

Rauf Orucov