Logo
news content
User
Kateqoriyalar

Analitika

Nəzrin Cavadzadənin baş rolda çəkildiyi filmin Parisdə premyerası olacaq

“Bestyle” onlayn dərgisinin fevral buraxılışı türk aktrisası Nəzrin Cavadzadənin fotosu ilə açılır. Jurnal 2013-cü ildən yayımlanır və əsasən məşhur insanların, kino ulduzlarının, şou-biznes nümayəndələrinin həyat və fəaliyyətini işıqlandırır.

“Bu ayın qonağı qısa zamanda möhtəşəm uğurlara imza atmış, içərisində yer aldığı bütün layihələrdə adını yaddaşlara yazmağı bacarmış bir şəxsdir.  Oynadığı seriallarda və filmlərdə olduqca başarılıdır. Bu – kiçik yaşlarından Türkiyəyə köçmüş və bildiyi dillər sayəsində hər kəsi valeh edə bilmiş, fərqli və gözəl ada sahib Nəzrindir. Aktrisalıq fəaliyyətində olduğu kimi, şəxsi həyatında da ən xırda detallara əhəmiyyət verən birisidir. Hər gün artan mükafatlarının sayını görüncə, ona həsəd aparmamaq mümkün deyil”. - “Bestyle”  Azərbaycan əsilli türk aktrisası Nəzrin Cavadzadə ilə müsahibəsini məhz bu formada tədqim edir.

Yeni "Aşk tesadüfleri sever 2" türk filminin ilk təqdimatı yanvarın 29-da İstanbulda baş tutdu. Filmdə əsas qadın rolunu Nəzrin Cavadzadə oynayıb.

“Zerkalo”-ya eksklüziv müsahibəsində aktrisa təəssüratlarını bölüşür:

“Aşk tesadüfleri sever ” adlı ilk filmin uzun müddət əvvəl çəkilməsinə baxmayaraq, türk tamaşaçıları onu hələ də xatırlayır və sevirlər. Buna görə ikinci filmin necə qəbul ediləcəyini həyəcanla gözləyirdik. Lakin bütün kollektivin: rejissorların, ssenaristlərin və aktyorların işi hədər getmədi. Film uğurlu alındı, hər halda, Türkiyə mediası belə yazır. Yanvarın 31-dən etibarən o, artıq Türkiyənin kinoteatrlarında gedir ”.

Nəzrin bizi daha bir xəbərlə heyrətləndirdi: filmdəki bütün mahnıları o özü ifa edir. “Mən bir neçə dəfə teatr tamaşalarında  oxumuşam, hətta akkordeonda da ifa etmişəm. Ancaq səhnədə oxumaqla filmdə oxumaq fərqlidir ... Çox həyəcan keçirdim. Bir neçə ay vokal dərsləri aldım. Hətta bir neçə dəfə başqalarından xəlvət Bakıdan olan yaxın qohumlarımın qarşısında “çıxış etdim”. Vokal müəlliminin sözlərindən sonra isə özümə inam yarandı: “Qız, sən peşəni səhv seçmisən. Oxumağa başla, albom çıxar" (gülür).

(Klipi izləyə və mahnılardan birini

dinləyə bilərsiniz)

Filmin təqdimatı Türkiyənin bir çox  böyük şəhərlərində: Ankara, İzmir, Bursa, Əskişəhər, Antalya, Adana, Mersində keçiriləcək və fevralın 4-də Parisdə olacaq. Nəzrin gərgin iş cədvəli səbəbindən təqdimatlarda iştirak edə bilmədiyini, ancaq mütləq Parisə gedəcəyini söylədi.

Aktrisa hal-hazırda “Yasak elma” serialında çəkilir. Yeri gəlmişkən, bu, onun ilk mənfi roludur.

“Mən çoxdan özümü yeni ampluada sınamaq istəyirdim, - Nəzrin gülür. - Mənim, demək olar ki, bütün qəhrəmanlarım güclü xarakterə malik müstəqil qadınlardır, həm də hədsiz dərəcədə müsbətdirlər. Mən çoxdan mənfi rolda oynamaq istəyirdim, nəhayət, belə bir fürsət ələ düşdü. Şahika (serialdakı qəhrəmanın adı) çox hiyləgərdir, mən onu sevmirəm, amma "pis qız" rolunu oynamaqdan kef alıram. Təəssüf ki, izləyicilər həmişə filmdəki mənlə həyatdakı məni fərqləndirə  bilmirlər. Qəzəbli şərhlər o qədər idi ki, hətta bir ara bu roldan imtina etməyi düşünürdüm. Ancaq sonra başa düşdüm ki, Şahikaya qarşı bunca nifrət yarada bilmişəmsə, deməli, doğrudan da yaxşı aktrisayam”.

«Aşk tesadüfleri sever 2» filminin Bakıda da təqdimatının olub-olmayacağını soruşduqda, Nezrin indiyə qədər belə bir təklif almadıqlarını söylədi.