Logo
news content
User
Kateqoriyalar

Analitika

NATO-da “soyuq müharibə”?
Türkiyə “səfirlər böhranı”nı davam etdirir 

Müəllif: Seymur Həzi

Türkiyə Respublikasının quruluşunun 98-ci ildönümü münasibətilə keçirilən rəsmi törənə bir çox Qərb ölkələrinin səfirləri dəvət edilməyib. Bir neçə gün öncə baş verən Osman Kavala krizisindən sonra gərginləşən münasibətlərin yumşalacağı gözlənilsə də, olay ölkənin rəsmi protokoluna təsirsiz ötüşməyib. Osman Kavalanın azadlığını tələb edən Qərb səfirlərinə münasibət demək olar ki, yeni müstəviyə keçib. Onlar “arzuolunmaz şəxs” kimi ölkədən qovulmasalar da, ölkə içində “arzuolunmaz şəxs” rəftarına məruz qalıblar. 

Türkiyə mətbuatı yazır ki, ABŞ, Almanya, Fransa, Kanada, Niderland, İsveç, Norveç, Yeni Zelandiya, Finlandiya və Danimarka səfirləri prezident sarayındakı tədbirə dəvət edilməyiblər.  Tədbirə dəvət edilməyəcəkləri öncədən səfirlərə bildirilib. 

Böhran dərinləşirmi? 

Görünən odur ki, Türkiyə XİN səfirlərin ölkədən xaric edilməsinin qarşısını ala bilsə də, problemi köklü şəkildə həll edə bilməyib. Əlbəttə, sözügedən Qərb ölkələri üçün də Türkiyə ilə münasibətlər önəmlidir, amma hazırda yaşananlar gələcək üçün ciddi siqnallar verməkdədir.

  1. Türkiyə-Qərb münasibətlərinin yolunda olmadığına dair xəbərlər Türkiyənin maliyyə bazarına ciddi təsirlər edəcək. Lirənin məzənnəsi ilə bərabər enməkdə olan hakimiyyətin ictimai nüfuzu onu kənar siyasi güclərdən daha da asılı vəziyyətə sala bilər. Rusiya və Çin kimi qüvvələrin Türkiyəyə təsirinin böyüməsi bu ölkənin demokratik və iqtisadi gələcəyi üçün problem ola bilər.  
  2. Türkiyə bu addımı ilə (səfirləri tədbirə dəvət etməmək) NATO daxilində “soyuq müharibə”nin əsasını qoymuş sayılır və bununla da birlikdəki yerini laxlatmış olur. 
  3. Türkiyə bu durumda regional münaqişələrdə Rusiya ilə üz-üzə olduğu bütün nöqtələrdə geri çəkilmək məcburiyyətində qala bilər. Çünki Qərb ölkələrindən beli bağlı olmayan Ankara “şərq cəbhəsi”ndə iri rəqiblərin qarşısında irəliləməkdənsə, geri çəkilib, onları daha da qıcıqlandırmamaq yolu tuta bilər. Biz bunu zaman-zaman Suriya cəbhəsində  görürük.  
Baydenlə görüş 

Bu analizin hazırlandığı saatlarda bütün maraqlı tərəflər G-20 sammiti çərçivəsində ABŞ prezidenti Cozef Baydenlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşünü gözləyirdi. Görüş barədə “Reuters” xəbər agentliyinə məlumat verən və adını açıqlamayan Ağ Ev nümayəndəsi deyib ki, sözügedən krizisdə Ərdoğan əvvəlki mövqeyini qorusaydı, yəqin ki, bu görüş olmayacaqdı. 

Görünür, Vaşinqtonda da hansısa yumşalmaya ümid edirlər. Çünki okeanın o tayında da fərqindədirlər ki, dünyanın mühüm bir hissəsində və  böyük su hövzələrinin mərkəzində qərarlaşan müttəfiqi itirmək uzunmüddətli və çətin həll olunan problem yarada bilər. Buna görə də onlar çalışırlar ki, məsələ diplomatik yollarla həllini tapsın. Türkiyənin bu məsələdə xüsusi inad göstərməsi dövlət başçısının “geri çəkilmək” kimi bir görüntü verməməsi istəyindən doğur. Başqa halda Ankaranın bu məsələdə israrı başadüşülən deyil. Görünür, Baydenlə görüşdə bu məsələ daha mühüm razılaşma ilə kölgədə qoyulacaq. Əgər belə olmasa, bu, daha dərin bir prosesin başlanğıcı kimi qiymətləndirilməlidir.