Logo
news content
User
Kateqoriyalar

Analitika

Narahat toplum

Hansı bucaqdan baxsaq, cəmiyyətdə hökm sürən gərginliyin əsas səbəbi ictimai maraqların təmin olunmamasıdır. Tək sosial, maddi ehtiyaclar deyil, siyasi, mənəvi tələbatın qarşılanmaması, ümumi tərəqqinin, çoxluğu sevindirəcək nailiyyətlərin yoxluğu da cəmiyyətdə sıxıntı yaradır. Məsələn, Azərbaycanda uzun illərdir ki, insanlar nadir hallarda ölkə adına kiçik qələbə ilə seviniblər. İstər cəbhədə, istər siyasətdə və başqa sahələrdə üzləri güldürən, fəxarət hissi yaradan hadisələr baş vermir. Zaman-zaman idmanda əldə olunan nailiyyətlər toplumun ehtiyaclarını ödəyə bilməz. Özü də bu qələbələr cəmiyyətin yox, siyasi hakimiyyətin ayağına yazılırsa...

Bəs, həyatımızda niyə qələbələr, tərəqqi yoxdur? İnsanları ruhlandıran, mübarizəyə kökləyən hədəflər nədən əlçatmaz olub? Ümumiyyətlə, peşəsindən asılı olmayaraq, vətəndaşlar niyə sabit həyatdan, davamlı gəlirdən, karyera yüksəlişindən, adi məişət uğurlarından məhrum olublar? Hamı özünü niyə daim təhlükədə, sığortasız hiss edir, işinin, övladının üstündə yarpaq kimi titrəyir?

Belə ritorik sualların sayını çox uzatmaq olar. Varlı ölkənin yoxsul, hüquqsuz və narahat vətəndaşlarının yaşadığı psixoz bir ildə, beş ayda yaranmayıb. Cəmiyyət indiki acınacaqlı duruma fərqində olmadan pillə-pillə gəlib - seçkini, azad bazar rəqabətini, medianı, vətəndaş cəmiyyətini itirməklə. Bunlar fəsadları uzun illər aradan qaldırılması mümkün olmayan böyük itkilərdir.

Qapalı sistemlərin dəyişməyən qaydaları var: toplum ictimai sərvətlərdən, özünəməxsus qələbələrdən məhrum edilir. Bütün nailiyyətlər sistemə məxsusdur, uğursuzluqların müəllifi isə ya daxili, ya da xarici düşmənlərdir. Belə sistemlərdə siyasi hakimiyyətin başqa, cəmiyyətin isə başqa qəhrəmanları olur. Bir qayda olaraq, siyasi ruporların qəhrəmanları cəmiyyətin içindən çıxmayan, dəyərlərə yad olan əməllərdən formalaşır. Bu sırada ölkənin taleyində mühüm rol oynamış şəxsiyyətləri, idealları görmək mümkün deyil. Onların cəmiyyətin mənəvi tələbatını əks etdirən dəyərləri də qadağan olunur.

İctimai rahatsızlığın əsas səbəblərindən biri də ölkədə razılaşdırılmış idarəçiliyin yoxluğudur. Davamlı olaraq ortaya çıxan ziddiyətlər əsasən ictimai fikrin nəzərə alınmamasından doğur. Uzun illərdir bu ziddiyətlər həllini tapmır, ona yeniləri əlavə olunur. Hakimiyyətin həmişə özünəməxsus yanaşması, qərarları olur, təəssüf ki, bu zaman cəmiyyətin tələbatları, istəkləri nəzərə alınmır. Hökumət ilk növbədə öz maraqlarını nəzərə alıb, qərar verir, bəzən milli maraqlar da ikinci plana atılır.

Normal, rəqabətli seçkinin siyasi və iqtisadi inkişafın əsas təməli olduğu sübuta ehtiyacı olmayan aksiomadır. Azad, liberal iqtisadi münasibətlərin inkişafın, sosial rifahın təməl daşı olduğunu bütün inkişaf etmiş ölkələrin təcrübəsi göstərib. Müstəqil medianın hakimiyyət üzərində cəmiyyətin nəzarətini təmin edən əsas güc olması da mübahisə doğura bilməz. Vətəndaş cəmiyyəti isə dövlət idarəçiliyində ictimai işirakçılığın dəyişməz formasıdır. Bu dəyərlərin bərqərar olduğu cəmiyyətlərdə gərginlik olmur, bütün ziddiyyətlər, mübahisələr rahat şəkildə, dialoqla həll olunur. İnsanların həyatında addımbaşı maneələr yox, tərəqqi, yüksəliş olur, fərdlərə öz potensiallarını realizə etmək üçün hər cür şərait yaranır. Beləliklə, güclü, özgüvənli vətəndaşlardan ibarət olan toplum bəşəri dəyərlərə əsaslanan güclü cəmiyyət yaradır. Onu istənilən problem, hətta xarici müdaxilə sarsıda bilmir.

Turqut