İrəvanda “Zelenski döyüşü” – Balans dəyişə bilər?
Anti-Rusiya ritorikası güclənəcək, müxalifətin yarığı uduzmaqdan qorxur
30 Aprel 2026
Ermənistanın media məkanında aktiv şəkildə Volodimir Zelenskinin İrəvana mümkün səfəri ilə bağlı məlumatlar yayılmağa başlayıb. Mətbuatın yazdığına görə, Ukrayna lideri Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak edə bilər.
168.am portalının məlumatına görə, səfər artıq planlaşdırılıb, lakin xarici siyasət qurumları təhlükəsizlik baxımından bunu son ana qədər ictimailəşdirməməyə üstünlük verirlər.
Mayın 4-nə planlaşdırılan sammitin Ermənistanın müstəqillik tarixində təmsilçilik səviyyəsinə görə görünməmiş səviyyədə olacağı gözlənilir. İrəvana Emmanuel Makron, Antonio Costa, Ursula von der Leyen və digər yüksək vəzifəli Avropa rəsmilərinin gələcəyi gözlənilir.
Ukraynanın Ermənistandakı müvəqqəti işlər vəkili Valeriy Lobaç NEWS.am-ın sualına cavabında dövlət başçısının mümkün səfərini nə təsdiq edib, nə də təkzib edib. Diplomat suala elə diplomatik cavab verib: “Prezidentimizi burada, bu tədbirdə görməkdən məmnun olaram. Gözləyək, görək”.
Məlumdur ki, Ukrayna qitənin təhlükəsizlik, əməkdaşlıq və davamlı inkişaf məsələlərinin müzakirə ediləcəyi sammitə dəvət olunan ölkələr sırasındadır.
Tədbirin özü və Zelenskinin mümkün səfəri artıq Ermənistanın müxalif düşərgəsində narazılıq doğurub. “Beynəlxalq əməkdaşlıq və dialoq vacibdir, lakin Ermənistanda iyun ayında keçiriləcək parlament seçkiləri ərəfəsində baş tutacaq bu sammit birbaşa hakimiyyətə, xüsusilə də baş nazir Nikol Paşinyana siyasi dəstək elementləri daşıyır”. Bu barədə müxalif “Ayakve” hərəkatının Avropa İttifaqına üzv dövlətlərə ünvanladığı və Avropa Siyasi Birliyinin sammitində iştiraklarını yenidən nəzərdən keçirməyə çağırdığı məktubda qeyd olunur.
“Belə yanaşma digər siyasi qüvvələr üçün qeyri-bərabər şərait yaradacaq və ədalətli demokratik rəqabət prinsiplərini sarsıdacaq. Ermənistan hazırda dərin daxili qütbləşmə vəziyyətindədir və ciddi xarici təhlükəsizlik çağırışları ilə üz-üzədir. Bu baxımdan, beynəlxalq aktorlar daxili siyasi balansın birbaşa pozulması kimi qiymətləndirilə biləcək istənilən addımdan çəkinməlidirlər.
Demokratik proseslər xarici siyasi təsirdən kənar şəkildə həyata keçirilməlidir. Əks halda, bu, Nikol Paşinyana dolayı dəstək kimi qəbul oluna bilər.
Mövcud hakimiyyətin möhkəmləndirilməsinə yönələn istənilən addım, xüsusilə də Türkiyə-Azərbaycan tandemi tərəfindən göstərilən təzyiq şəraitində, ölkənin strateji dayanıqlığını risk altına qoya bilər. Bu səbəbdən Avropa liderləri və institutları strateji məsuliyyət nümayiş etdirməlidirlər”.
Hərəkat Avropa liderlərini “strateji məsuliyyət nümayiş etdirməyə” və sammiti təxirə salmağa çağırıb.
“Alternativ layihələr” ekspert qrupunun üzvü və “Çiçəklənən Ermənistan” Partiyasının proporsional siyahısından deputatlığa namizəd göstərilən Vahe Ovannisyan bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin Ermənistana səfəri etdiyi halda Avropa Siyasi Birliyinin 8-ci sammitinin mahiyyəti keyfiyyətcə dəyişə bilər: “Şübhəsiz ki, bu, Nikol Paşinyanın planlarında onun seçki kampaniyasının əsas tədbiri idi. Belə planlaşdırılmışdı, belə razılaşdırılmışdı və belə də nəzərdə tutulmuşdu. Aprelin 25-də Azərbaycana gözlənilməz səfərdən sonra Zelenskinin İrəvana da gəlməsi ehtimalı kifayət qədər yüksəkdir. Bu isə İrəvanda keçiriləcək tədbirin həm məzmununu, həm də PR komponentini ciddi şəkildə dəyişir.
Nə qədər qəribə səslənsə də, Zelenskinin mümkün səfərindən ən çox zərər görə biləcək şəxs elə Paşinyanın özü ola bilər. Zelenskinin İrəvanda olması o deməkdir ki, əsas fiqur məhz o olacaq – öz imici, apardığı müharibə və Avropa üçün daha cəlbedici olan obyektiv statusu ilə. Zelenskinin İrəvanda olması Ermənistanın bir neçə gün ərzində anti-Rusiya gündəminin episentrinə çevrilməsi deməkdir. Zelenskinin İrəvanda olması, onun bəyanatları ən azı üç qonşu ölkə – İran, Gürcüstan və hətta Türkiyəndə narahatlıq yaradacağı anlamına gəlir.
Amma bütün bunlara baxmayaraq Zelenski Avropa Siyasi Birliyinin 8-ci sammiti çərçivəsində İrəvana səfər edər və tədbirdə iştirak edərsə, Ermənistan ətrafında və ölkə daxilində atmosfer dəyişəcək. Rusiyanın reaksiyası özünü çox gözlətməyəcək. Rusiya Ukrayna ilə müharibə vəziyyətindədir və anti-Rusiya xəttinin güclənməsi halında (xüsusilə yeni anti-Rusiya platformalarının yaradılmasına çağırışlar olarsa) müəyyən cavab addımları atacaq. Ermənistan seçicisi də bunu hiss edəcək.
Avropa liderləri Ermənistan üçün mümkün nəticələrə qarşı əslində biganədirlər. Son 5–6 ildə bunu açıq şəkildə gördük. Zelenski Avropa Siyasi Birliyi qarşısında PR imkanından istifadə etməyə çalışacaq, Avropa elitası isə məmnuniyyətlə İrəvanda anti-Rusiya siyasəti nümayiş etdirəcək.
Ermənistan bundan nə qazanacaq? Yeni problemlər. Paradoks ondadır ki, belə bir vəziyyətdə Paşinyan da qalib gəlməyəcək. Gözəl və kəskin çıxışlardan sonra onlar öz ölkələrinə qayıdıb daxili problemləri ilə məşğul olacaqlar. Biz isə yüksək gərginlik potensialına malik yeni bir reallıqla üz-üzə qalacağıq və bu da daxili əhval-ruhiyyədə müəyyən dəyişikliklərə səbəb olacaq”.
Ermənistan müxalifəti belə bir mövqedən çıxış edir. Bəs, müxalifət əslində nədən narahatdır? Bu sammit və Zelenskinin mümkün iştirakı parlament seçkiləri ərəfəsində onların mövqelərinə həqiqətən ciddi zərbə vura bilərmi?
Pressklub.az-ın suallarını politoloq, Milli Məclisin deputatı Rasim Musabəyov cavablandırıb.

Onun fikrincə, adı çəkilən kiçik siyasi qüvvələrin bəyanatları və ritorikası heç bir əhəmiyyət daşımır. “Aydındır ki, Avropa Siyasi Birliyinin İrəvanda seçkilər ərəfəsində keçiriləcək 8-ci sammiti düşünülmüş qərardır. Və o da dəqiqdir ki, İrəvanda hansısa bəyanat verən siyasi cırtdanların fikri təşkilatçıları ən az maraqlandıran məsələdir.
Bu, Nikol Paşinyana birbaşa dəstəkdir. Bu dəstək həm də ondan ibarətdir ki, Avropa İttifaqı Rusiyanın informasiya və təxribat xarakterli addımlarının, mümkün rüşvət cəhdlərinin və ölkəni yenidən Rusiyaya yönəltməyə hesablanmış digər təsirlərin qarşısını almaq üçün Ermənistana xüsusi missiya göndərir və onu maliyyələşdirir. Bütün bunlar məlumdur və buna görə də sammitin keçirilməsi ilə bağlı qərara bu müraciətlərin heç bir təsiri olmayacaq”, – analitik bildirib.
Onun sözlərinə görə, Zelenskinin iştirakı məsələsinə gəlincə, bu cür sammitlərə bütün dövlətlərin liderləri dəvət olunur. “Üstəlik, 10-cu sammitin Bakıda keçirilməsi planlaşdırılır. Bəs biz nə edəcəyik – Zelenskini qəbul edib-etməmək barədə tərəddüd edəcəyik? Təbii ki, Zelenski dəvət olunacaq.
Əgər o, Ermənistana getməsə, bunun yalnız bir səbəbi ola bilər – təhlükəsizlik məsələsi. Çünki Ermənistan ərazisində Rusiya hərbi bazaları yerləşir və ölkə faktiki olaraq Rusiya agenturası ilə doludur. Ermənistanın hava məkanı hərbi baxımdan hələ də əsasən Rusiyanın və onun hava hücumundan müdafiə sistemlərinin nəzarətindədir. Belə şəraitdə Zelenskinin risk edib-etməyəcəyi sual altındadır.
Lakin siyasi baxımdan Nikol Paşinyan Zelenskiyə dəvət göndərməyə bilməz. Onun iştirak etməməsi üçün təhlükəsizliklə bağlı obyektiv səbəblərdən başqa hər hansı əsas yoxdur”, – Musabəyov yekunlaşdırıb.
Rauf Orucov