Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini çox mühüm hadisə adlandırıb
30 Aprel 2026
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin Ermənistana səfərini çox mühüm hadisə adlandırıb.
Ermənistan mediası xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbəti zamanı bildirib.
"Mən iki ölkənin baş nazir müavinlərinin qarşılıqlı səfərlərini sülh prosesi çərçivəsində tarixi hesab edirəm. Mən çox şadam ki, biz bu mərhələyə çatdıq", - o deyib.
Paşinyan, həmçinin əlavə edib ki, Azərbaycan və Ermənistan arasında münasibətlər daim yaxşılaşmalı, sülh isə tədricən möhkəmlənməlidir.
"Normal və uzunmüddətli perspektivdə mehriban qonşuluq münasibətləri qurmaq lazımdır", - o vurğulayıb.
Qeyd edək ki, aprelin 29-da baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdə olub.