Logo
news content
User
Kateqoriyalar

Analitika

Müəmmalı intihar...

İkinci Qarabağ müharibəsində xəsarət almış 35 yaşlı Vüsal Musayevin Silahlı Qüvvələrin Baş Klinik Hospitalında intihar etməsi ilə əlaqədar Bakı Hərbi Prokurorluğunda araşdırma başlayıb. Baş Prokurorluğun mətbuat xidmətindən “Press Klub”a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb:

“Yanvarın 6-da Vüsal Musayevin müalicə olunduğu xəstəxanada özünü asaraq intihar etməsi barədə Bakı Hərbi Prokurorluğuna məlumat daxil olub. Prokurorluq əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar qablaşdırılaraq götürülüb, təxirəsalınmaz hərəkətlər icra edilib. Fakt üzrə cinayət işi başlanaraq, şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib, digər zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda iş üzrə hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Baş Prokurorluğun məlumatında qeyd edilib ki, Vüsal Musayev sentyabrın 29-da Goranboy rayonunun Gülüstan kəndi istiqamətində olarkən düşmənin atdığı mərmi partlayışı nəticəsində xəsarət alıb. O, hospitalın psixiatriya bölməsində “partlayış travması, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət” diaqnozu ilə stasionar müalicə alıb.

Hospitaldakı mənbə “Press Klub”a Vüsal Musayevin hamamda özünü asdığını deyib.

Mərhum hərbçinin yaxınları bildirib ki, Vüsal Mehdiyevin əvvəl sağlamlıq problemi olmayıb. O, ötən ilin iyulunda Tovuz rayonu istiqamətində döyüşlərdən sonra öz istəyi ilə müddətdən artıq xidmət etməyə yollanıb:

“Xüsusən general Polad Həşimovun ölümü ona pis təsir eləmişdi. Gedəndə də əlbəttə ki, həkim komissiyasından keçib. Problemi olsaydı, qoymazdılar ki... Müharibədə belə oldu. Hospitalda da tapşırılmışdı ki, psixoloji durumu yaxşı deyil, muğayat olsunlar. Əmin eləmişdilər ki, burada nəzarət altındadır, narahatlığa əsas yoxdur”.

Vəkil Aqil Layıc deyir ki, cinayət işi Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə başlansa da, istintaqın gedişində bu hadisədə başqa cinayət tərkibli əməllər müəyyənləşdirilsə, maddə də dəyişə bilər:

“Bir qayda olaraq, intihar və ya intihara cəhd hadisəsi baş veribsə, 125-ci maddə ilə cinayət işi başlanır. Buna fakt üzrə cinayət işinin başlanması deyilir. İstintaq araşdırma aparır ki, hadisə hansı şəraitdə baş verib, səbəb nə olub və s. Əgər onu kiminsə özünü öldürmə həddinə çatdırdığı üzə çıxarsa, həmin şəxs və şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər. Biz qazinin özünü asmasıyla bağlı hadisənin detallarını bilmirik. Bəlkə kimsə ona qarşı pis davranıb, buna görə edib. Bu, sadəcə, ehtimallardan biri ola bilər. İstintaq isə bu məsələlərin hər birini hərtərəfli araşdırmalıdır və yəqin ki, araşdıracaq”.

Hüquqşünas vurğulayıb ki, hospital əməkdaşlarının səhlənkarlığa yol verib-vermədikləri də araşdırma predmeti olacaq. Çünki xəstəxanalar, həbs yerləri, polis idarələri kimi qurumlara gətirilən, orada saxlanılan şəxslərin təhlükəsizliyi, sağlamlığına görə məsuliyyət həm də onların üzərindədir:

“Şəxslərin təhlükəsizliyinin, sağlamlığının təmin olunması o qurumların öhdəliyidir. Bu, pozitiv öhdəlik adlanır. Təfərrüatları bilmədiyimiz üçün qəti fikir söyləmək çətindir ki, Vüsal Musayevin nəzarətdən kənarda qalıb, özünə qəsd etməsində hospital işçilərinin səhlənkarlığının rolu olub, ya yox. Amma bir məsələ də dəqiqdir ki, psixoloji durumuyla bağlı problemi olan şəxsi nəzarətsiz qoymaq olmaz. Ümumiyyətlə, xəstələrə ümumi yanaşmaq olmaz. Hər birinə fərdi yanaşma olmalıdır. Çünki hər birinin psixoloji durumu fərqlidir. Əgər istintaqın gedişində səhlənkarlıq olduğu üzə çıxsa, məsələn, məlum olsa ki, hansısa tibb işçisi ona nəzarət etməliydi, amma etməyib, bu halda, 125-ci maddənin tərkibi olmasa da, səhlənkarlıq, vəzifə səlahiyyətlərini aşma kimi əməllərə görə cinayət məsuliyyətinə cəlbetmə ola bilər. Hər şey istintaqın gedişindən asılıdır”.

Gülər