Logo
news content
User
Kateqoriyalar

Analitika

Mingəçevir: küçə və parklar boşalsa da, həyat davam edir

Müəllif: Fərman Nəbiyev,
“Mingəçevir işıqları” qəzetinin və mi-news.az səhifəsinin baş redaktoru

Son günlərədək Mingəçevirdə əhalinin koronavirusdan qorunması istiqamətində görülən tədbirlər yetərli deyildi. Hökumət qurumlarının ciddi səylərinə baxmayaraq, problemi ciddi qəbul etməyənlər vardı. Şəhərin mərkəzi bazarı əvvəlki kimi işləyirdi. Əksər satıcılar nə maska, nə əlçək taxır, nə də digər qorunma vasitələrindən istifadə edirdilər. Bu barədə bir həftə əvvəlki  məqaləmizdə də yazmışdıq. (https://old.pressklub.az/ekskluziv/bolgelerde-insanlar-veziyyetin-ciddiliyini-anlamirlar/?lang=az)

İndi isə vəziyyət dəyişib. İnsanlar artıq narahat olmağa başlayıblar. Bu barədə rəsmi məlumat verilməsə də, WhatsApp şəbəkəsində müzakirələr gedir: “O bədbəxt kimdir?”, “Deyirlər ailəsini, qonum-qonşularını gəlib aparıblar”, “O gündən bazarı bağlayıblar...”

Əslində bu arzuolunmaz faktların bir müsbət tərəfi var. Amerikada, İtaliyada, İspaniyada, hətta Bakıda baş verənlərə bölgədəki insanlar laqeyd yanaşırdılar: “Əşşi, bizdən uzaqdadır...” Amma indi canlarına “isti” keçib. Hər kəs düşünür ki, yaşadığı şəhərdə də bu xəstəliyə tutulan varsa, adi bir ehtiyatsızlıq üzündən onun və ailəsinin də virusa yoluxması mümkündür. Ona görə də əksəriyyət indi başa düşür ki, hökumətin “Evdə qal!” çağırışına əməl etmək vacibdir.

Hələ də uşaqları həyətlərdə görürük

Aprelin 2-3-də şəhərin müxtəlif məhəllələrinə baxış keçirdik. Toxucular və Nərimanov küçələrinin kəsişməsində yerləşən həyətlərin birində uşaqların topa halında həyətdə oynadıqlarının şahidi olduq. Valideynləri balkondan baxırdılar, sanki “Evdə qal, ailəni qoru!” çağırışından xəbərsiz idilər. Valideynin birindən soruşuruq: “Niyə övladınızı küçəyə buraxırsınız? Qorxmursunuz ki, virusa yoluxar?!” Cavabı belə olur ki, uşağı evdə saxlamaq mümkün deyil. Bəzi valideynlər hesab edirlər ki, məktəbləri bağlayıb, uşaqlara tətil veriblər.

Yolboyu küçədə hərəkət edən balacaları və böyükləri görürük. Heç də hamısının ağzında maska yoxdur. Hətta aralıq məsafə də gözlənilmir. Tanıdığımız polis işçilərindən biri deyir ki, xoşluqla evində oturmaq istəməyənlərə qarşı gərək əvvəldən sərt tədbirlərə əl atılaydı.

Qaydaları pozanlar saxlanılır

Karantin rejim qaydalarının təmin olunması məqsədilə Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları reydləri davam etdirirlər. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Yevlax rayon sakini Habil İbrahimov Mingəçevir şəhərinin girişində yaradılan postda polisin “saxla” əmrinə məhəl qoymayaraq şəhərə daxil olub. Həmin şəxs saxlanılıb və şəhər məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunub. Eyni zamanda, ŞPŞ-nin əməkdaşları xidmət zamanı şəhər sakinləri Asim Cəfərov və Fəqani Ağayevin sərxoş halda çöldə gəzdiklərini müşahidə ediblər. Məhkəmə həmin şəxslər haqqında da inzibati həbs qərarı verib. Ümumiyyətlə, bu yazı qələmə alınarkən Mingəçevirdə karantin qaydalarını pozan 40-dan çox vətəndaş barəsində inzibati protokol tərtib edilmişdi.

Məktəblər bağlansa da, dərslər dayanmayıb

Mövcud vəziyyətlə əlaqədar olaraq tədris prosesində davamlılığın təmin edilməsi üçün Mingəçevir Dövlət Universitetində (MDU) dərslərin online rejimdə aparılmasına başlanıb. Bu məqsədlə məsafədən təhsil sahəsində beynəlxalq təcrübədə geniş yayılmış ZOOM platformasının videokonfrans alətinin tətbiqi  müəllim və tələbələr arasında bağlantı yaratmağa, görüntülü və çoxtərəfli müzakirələr aparmağa imkan verib. Eyni zamanda, alternativ tədris metodu qismində universitetin professor-müəllim heyəti üzvlərinin hazırladıqları videodərslər youtube kanalına yerləşdirilib. Mingəçevirin musiqi məktəblərinin müəllimləri də videodərslər vasitəsilə tədris proqramını davam etdirirlər.

Küçələr boşalıb, amma həyat davam edir

Get-gedə küçə və məhəllələr adam sarıdan boşalsa da, Mingəçevirdə həyata davam edir. Ərzaq mağazaları və apteklər əvvəlki qaydada işləyir və əhalinin zəruri ehtiyaclarının ödənməsi təmin edilir. Əhalinin narazılığı əsasən maska tapa bilməməsi ilə bağlıdır.

Şəhərdə indiki ağır durumda aprel şəhidlərinin xatirəsi də unudulmayıb. Aprelin 3-də Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Şəhidlər Xiyabanına gələrək 4 il öncə şəhid olmuş Teymur  Qasımov, Adil Adilzadə, Rüstəm Əhmədov və Rahim Tağıyevin məzarlarını ziyarət edib.

Şəhər İH-dən aldığımız məlumata görə, aprelin 2-3-də Dezinfeksiya Stansiyasının əməkdaşları sərnişindaşıyan 30 ədəd avtobus və mikroavtobusların salonlarını, hündürmərtəbəli binalarda 26 ədəd lift kabinaları və düymələrini dezinfeksiya ediblər. 120 çoxmərtəbəli yaşayış binasının giriş və pilləkən qəfəsləri, 1 inzibati bina, Mərkəzi Xəstəxananın təcili yardım şöbəsi, 4 sahibkar obyekti, 12 küçə, 4 MİS-in ərazisində məhəllədaxili yollar, 1 fərdi yaşayış massivində də dezinfeksiya aparılıb. İcra Hakimiyyəti tərəfindən yaradılmış işçi qrupunun üzvləri hər gün həyətləri gəzərək, açıq havada olan əhalini evinə getməyə, xüsusi karantin rejiminin tələblərinə riayət etməyə çağırırlar. Amma qaydaları pozanlar hələ də var...