Logo
news content
User
Kateqoriyalar

Analitika

“Mənim özümə də xəsarət yetirdilər, harda qaldı qanunlar?!”

Yeni Yasamalda eyvandan polisə zibil atmaqda günahlandırılaraq evindən zorakılıqla, çılpaq şəkildə aparılan Elvin Süleymanova 15 sutka inzibati həbs cəzası verilib. İyunun 8-də Yasamal rayon Məhkəməsində bu barədə qərar çıxarılıb.

E.Süleymanovun anası Gülər Süleymanova “Press Klub”a açıqlamasında bildirdi ki, polislər səhər saat 07-də evə gəliblər:

“Qapını elə döyürdülər, evdə gəlinin, uşağın əl-ayağı əsirdi. Qapını açanda soxuldular evə, otaqları axtardılar. Səhər 7-də hamı yatıb, Elvin də yatmışdı. Onun yatdığı otağa girib, çılpaq vəziyyətdə sürüyə-sürüyə aparanda o biri oğlum Kərim dedi ki, “imkan verin, heç olmasa, paltarını geyinsin”. Bu sözə görə Kərimi də sürüyüb apardılar. Ona da 15 sutka cəza veriblər. Belə haqsızlıq olar?!”

G.Süleymanova deyir ki, nə Elvin, nə də digər ailə üzvləri aşağı zibil atıb, başqa qonşular kimi, onlar da iyunun 7-də baş verənləri eyvandan izləyiblər: “Polislər heç nəyi araşdırmadan evlərə soxulublar”.

G.Süleymanova onu da dedi ki, kiçik oğlu Kərim Süleymanovun səhhətində problem var, 6 ay əvvəl əməliyyat olunub: “Polislərə bunu dedik. Amma heç veclərinə də olmadı. Mənim özümə də xəsarət yetiriblər. Şəxsən özümə görə də şikayətçi olacağam. Belə insanlıq olmaz. Harda qaldı qanunlar?!”

Övladları iyunun 8-də evdən aparılandan sonra G.Süleymanova onların heç birini görməyib. Ancaq eşidib ki, polis bölməsində onları döyüblər. Bir də, Yasamal rayon Məhkəməsində onların işinə baxılıb, hər birinə 15 sutka həbs cəzası verildiyini öyrənib.

Vəkil Cavad Cavadov bildirib ki, G.Süleymanova və onun övladlarının hüquqlarını müdafiə edəcək.

Daxili İşlər Nazirliyinin Yeni Yasamaldakı insidentlə bağlı yaydığı rəsmi açıqlamada isə deyilir ki, iyunun 7-də karantin rejiminə nəzarət edən polis əməkdaşları yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayıb. Həmin vaxt binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üstünə müxtəlif əşyalar ataraq, onların ünvanına təhqiredici ifadələr səsləndiriblər. Amma polis əməkdaşları təmkin nümayiş etdirib və karantin rejimini pozan həmin şəxs barəsində inzibati tədbir görüb. “Aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətiriliblər. Hazırda onların törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün zəruri araşdırmalar davam etdirilir”, - deyə nazirliyin məlumatında qeyd olunub.

Gülər