Logo
news content
User
Kateqoriyalar

Analitika

Laboratoriya: “Ağciyər Xəstəlikləri İnstitutundakı ölümlər koronavirusla bağlı deyil”

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda son bir ay ərzində 23 xəstə ölüb. Bu faktın Çində və bəzi digər ölkələrdə koronavirusun yayılması ilə eyni dövrə təsadüf etməsi sosial şəbəkələrdə müxtəlif iddialara səbəb olub. Ağciyər Xəstəlikləri İnstitutundakı xəstələrin də məhz koronavirusdan öldüyü barədə şübhələr var.

Hüquqşünas, ictimai vəkil Samir Zeynalov ölüm hallarının artmasını xəstəxanada həkim-reanimatoloqun olmaması, ağır xəstələrin zəruri tibbi yardımdan məhrum olması ilə izah edib. İnstitutun Kliniki Diaqnostika Laboratoriyasının şöbə müdiri Nuriyyə Səlimova isə vəfat edənlərin çox ağır vəziyyətdə xəstəxanaya daxil olduqlarını söylədi:

“Xəstələr ağırlıq dərəcəsinə görə dünyasını dəyişir. Heç bir xəstə diqqətdən kənarda qalmır, bütün xəstələr həkim nəzarətində olur. Ağır xəstələr terapevtik müayinəyə çıxarılır. Onların diaqnozu və müalicə təyinatı müzakirə olunur, protokollaşdırılır, rəy verilir. Yəni hər bir proses qanun çərçivəsində, protokollara uyğun aparılır - həm diaqnostika, həm də müalicə. Üç, dörd növbə həkimlərimiz var.  Hamısı növbə ilə öz vəzifəsini icra edir. Xəstənin rəhmətə getməsi tək Ağciyər İnstitutunda deyil, hər bir xəstəxanada belə hadisələr baş verir. Nəinki Azərbaycanda, bir çox ölkələrdə xəstə ölümləri olur. Məsələn, bir neçə gün əvvəl Türkiyənin hansısa xəstəxanasında altı nəfər dünyasını dəyişib.”

Ölüm səbəbi kimi koronavirusun qeyd edilməsinə gəlincə isə, N.Səlimova belə bir hala təsadüf olunmadığını bildirdi: “Bu barədə daha ətraflı məlumat almaq istəyirsinizsə, institutun rəhbərliyi ilə əlaqə saxlayın.”

Press Klub