Logo
news content
User
Kateqoriyalar

Analitika

Küçədə tutulan koronavirus xəstələrinin CƏZALARI: Elektron qolbağ, məhkumluq, işsizlik…

İctimai yerlərdə aktiv COVID-19 xəstələrinin aşkarlanması və onların məsuliyyətə cəlb olunması barədə xəbərlər pandemiyanın gətirdiyi yeniliklərdəndir.

Bakı sakini T.Ə. bu cür cəza ilə üzləşənlərdən biridir. Onun məhkəməsi keçirilib və 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. T.Ə. 3 il ərzində elektron qolbağ taxaraq, yalnız Bakı şəhər və Abşeron rayonu hüdudlarında hərəkət etməli olacaq, üstəlik, saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk edə bilməyəcək.

Mövzu ilə bağlı old.old.pressklub.az-ın suallarını Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev cavablandırıb. O, bildirib ki, Azərbaycanda COVID-19 virusuna yoluxduğu aşkar edilən şəxslərə 14 gün, bəzən daha çox – sağalana qədər ev şəraitində qalması, ictimai yerlərə çıxmaması ilə bağlı xəbərdarlıq edilir:

“Bu da yoluxmanın kütləvi yayılmasının,  digər şəxslərin həyat və sağlamlığı üçün real təhlükənin qarşısının alınması məqsədi daşıyır. Xəbərdarlığa əməl etməyən şəxslərlə bağlı cinayət qanunvericiliyində nəzərdə tutulan məsuliyyət 2020-ci il 17 mart tarixində Cinayət Məcəlləsinin həyat və sağlamlıq əleyhinə olan cinayətlər fəslinə yeni - 139-1 ( Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi əlavə edilməklə müəyyən edilib. 

139-1.1-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaradan şəxslər 2500 manatdan 5000 manatadək cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

R.Əliyev deyib ki, Məcəllənin 139-1.2-ci maddəsi isə eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda məsuliyyət nəzərdə tutur və bu əmələ yol verən şəxslər daha ağır cəza - 3 ildən 5  ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:

“Bu maddələrlə təqsirli bilinən və nəzərdə tutulan cəzalardan hər hansı biri - cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrumetmə ilə cəzalandırılan şəxslər ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkum hesab edilirlər. Onlar məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir”.

Kollegiya üzvü əlavə edib ki, cinayətlərin təsnifatına görə, bu əməl az ağır cinayət hesab edilir:

“Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir”.

Xatırladaq ki, hazırda əksər dövlət müəssisələrindən işə qəbul üçün məhkumluq haqqında arayış tələb edilir. Məhkumluğu olan şəxslərin isə işə qəbulu mümkün olmur.

Şəfəq