Logo
news content
User
Kateqoriyalar

Analitika

Kredit ödənişlərində vətəndaşlara möhlət veriləcəkmi?

Ülviyyə Şahin

“Kapitalbank”ın mətbuat katibi: “Xüsusi rejim 5-6 gündür tətbiq olunub, hələ ki problem yoxdur”

“Bütün dünyada banklar vətəndaşa möhlət verir, Azərbaycandakı banklar isə krediti gecikdirənə "xox" gəlir: “Pandemiya-zad bizlik deyil, şotçik işləyir, pulu gətir!” İnsafsız Elman, şotçikləri dayandır!”

Bu sözləri Milli Hüquq Evinin rəhbəri, hüquqşunas Nicat Gözəlov öz Facebook səhifəsində yazıb. Mövzu ilə bağlı N.Gözəlovla söhbətləşdik.

Hüquqşunas bildirdi ki, hər gün ona çoxlu sayda şikayət gəlir: “İnsanlarımız hiddətləniblər. İş yerləri bağlanır, ofislər işləmir, məcburi evəburaxmalar, məcburi məzuniyyətlər var, əhali təşviş içindədir. Bank sahəsində hələ də yalançı vədlər verilir, xüsusi rejim və tədbirlər qəsdən tətbiq edilmir. Əksinə, bəzi bankların əməkdaşları vətəndaşlara zəng edərək kreditləri ödəmələri barədə sərt xəbərdarlıq edirlər, hətta cərimə ilə təhdid edirlər! Bütün dünyada banklar vətəndaşa möhlət verir, Azərbaycandakı banklar isə krediti gecikdirəni hədələyir.”

N.Gözəlov qeyd etdi ki, qonşu Gürcüstanda banklar azı 3 ay ərzində vətəndaşların kredit ödəmələri üçün möhlət verilməsi haqda qərar qəbul ediblər: “Fikrimcə, əsl centlmen hərəkət, xalqsevərlik, millilik budur! Bizdə isə tərsinədir. Narazılığın və növbəti devalvasiyanın qarşısını almaq, ödənişlərə möhlət barədə qərar qəbul etmək əvəzinə, Mərkəzi Bank başqa işlə məşğuldur.  Bəs insanlıq, bəs mərhəmət? Almaniya vətəndaşın, sahibkarın itkilərini ödəmək üçün 600 milyard pul ayırdı. Ukrayna kasıb olmasına baxmayaraq, koronavirusla bağlı tətbiq edilən karantini hüquqi fakt olaraq fors-major hal kimi qəbul etdi. Yəni Ukraynada bağlanmış bütün mülki hüquq xarakterli müqavilələrə əsasən tərəflər rahat nəfəs ala biləcəklər. Ancaq Azərbaycanda bu məsələlər ya qəsdən, ya da savadsızlıqdan öz həllini bu günə qədər tapmayıb. Bizim qanunvericiliyə görə, fors-major halı üçün hüquqi əsas fövqəladə vəziyyətin elan edilməsidir. Ancaq Milli Məclis konkret bu hal üçün də fors-major müəyyən edə bilərdi, etmədi. Azərbaycanda COVİD-19 adlı monstr və tətbiq ediən xüsusi karantin rejimi müqavilə tərəfi olan insanlarımız, sahibkarlarımız üçün böyük problemlər yaradıb.”

Bəs banklar bu barədə nə düşünür? Hansısa güzəştlər planlaşdırılırmı?

“Kapitalbank”ın mətbuat katibi Pərviz Sədrəddinov bildirdi ki, ölkədə hələ 5-6 gündür xüsusi rejim tətbiq edilib: “Bizim banklarda hələ heç bir ixtisar yoxdur. Bütün filiallarımız var gücü ilə işləyir. Sadəcə, bir fərq odur ki, filiallarımız daxilində adam sıxlığı çox olmasın deyə, insanlar növbə ilə buraxılır, dezinfeksiya işləri mütəmadi olaraq aparılır. Hələ ki ixtisar və kreditlərin ödənilməsinə görə hər hansı möhlətlə bağlı məlumat yoxdur. Qeyd etdiyim kimi, xüsusi rejim hələ beş gündür tətbiq olunub.”

Bank nümayəndəsi qeyd etdi ki, sahibkarlar üçün müəyyən güzəşt paketləri təqdim olunub: “Bununla əlaqədar açıqlama verəcəyik. Digər məsələlərə dair konkret heç bir söz deyə bilmərəm. “Kapitalbank” əvvəllər necə fəaliyyət göstərirdisə, indi də istər kreditləşmədə, istər pul nəğdləşdirilməsində və digər sahələrdə eyni qaydada fəaliyyət göstərir. Kredit ödənişləri hər zaman ayın tamamında özünü göstərir.  Bu barədə danışmaq hələ tezdir.  Haradasa, bir aydan sonra biləcəyik ki, bir aydır müştəri işləmir, artıq işdən çıxıb, pulu da yoxdur, kreditini ödəyə bilmir. Yəni beş gün üçün belə bir şeyi demək tezdir.  Bizim bankda hələ ki kreditlərin ödənilməməsi kimi problemlər yaranmayıb.  İstər müştərilər, istərsə də bank öz qrafiki üzrə fəaliyyət göstərir və hələ ki heç bir problem yoxdur.