Logo
news content
User
Kateqoriyalar

Analitika

Koronavirus Türkiyə ilə Ermənistanı əlaqə yaratmağa məcbur edir?

Pandemiya ilə bağlı bəzi məsələlərin həlli üzrə Yerevanla Ankara arasında uzun fasilədən sonra əlaqə yaradılmasının mümkünlüyü müzakirə olunur.

Rusiya nəşri “Nezavisimaya qazeta”nın məlumatına görə, Ermənistan hökuməti Türkiyədən 100 vətəndaşının təxliyəsini təşkil edib. Erməni mənbələri isə bir neçə avtobusdan ibarət karvanın yolda olduğunu bildirirlər. Sərnişinlər Gürcüstandan keçib Ermənistana çatdıqdan sonra karantinə göndəriləcəklər. Ölkələr arasında diplomatik münasibətlərin olmadığını və sərhədlərin çoxdan bağlı saxlanıldığını nəzərə alsaq, bu, qeyri-adi haldır.

Ermənistanın news.am saytı Türkiyədə 6 il qalandan sonra evinə qayıdan bir qadınla söhbətini dərc edib. Qadın hansısa varlı ailənin evində qeyri-leqal çalışdığını, karantin qaydaları tətbiq edildikdən sonra isə işsiz qaldığını deyir. Əvvəl o, vəziyyətin tezliklə normallaşacağını və öz iş yerinə qayıda biləcəyini düşünürmüş. Amma bir ay evdə oturduqdan sonra Ermənistanın Xarici İşlər Nazirliyinə müraciət etmək məcburiyyətində qalıb. “Orada mənə Türkiyədə kiminlə əlaqə yaratmalı olduğumu dedilər, yığışıb evə dönməyimə kömək etdilər”, - deyə qadın əhvalatın detallarını açıqlamaq istəməyib.

“Aydındır ki, vətəndaşların mütəşəkkil qaydada təxliyəsi nəinki diplomatik münasibətlərin, hətta arada vasitəçilərin olmadığı bir şəraitdə... yüksək səviyyədə əlaqəsiz mümkün deyil, - “Nezavisimaya qazeta” bu qənaətə gəlir. – “Məsələ ən azı Xarici İşlər nazirlikləri səviyyəsində razılaşdırılmalı idi. Əlbəttə, buradan “böyük” nəticə çıxarmaq lazım deyil, Ankara ilə Yerevan arasında münasibətlərin istiləşməsi haqda danışmaq tezdir. Amma çətin dəqiqədə dil tapmağın özü yaxşı əlamətdir”.

Türkiyənin hürriyyət.com saytı isə aprelin 8-də prezident Rəcəp Təyyip Ərdoğanın Türkiyə erməniləri patriarxı Sahak Maşalyanı telefonla aradığını bildirir. Türkiyə prezidenti koronavirusla əlaqədar ölkədə həyata keçirilən Milli Dayanışma Kampaniyasına maddi dəstək üçün dini təmsilçiyə təşəkkürünü çatdırıb. Patriarxlığın mətbuat xidmətinin məlumatına görə isə, Ərdoğan söhbət zamanı Ermənistana dərman yardımı göstərməyə hazır olduğunu söyləyib. Onu da əlavə edək ki, bu yaxınlarda türk mütəxəssislərinin COVID-19 əleyhinə peyvənd axtarışında uğurlu nəticə əldə etdikləri barədə xəbər yayılmışdı.

Ermənistanda türk dilində yayımlanan Ermeni haber ajansı bu mövzuda beynəlxalq əlaqələr üzrə ekspert Suren Sarqsyanla söhbət edib. Politoloq bildirib ki, Ərdoğanın Türkiyə erməniləri patriarxı Maşalyana Ermənistana yardım barədə söylədiyi sözlərə baş nazir Nikol Paşinyanın cavab verməsi gərəkdir: “Ərdoğanın bu təklifi rədd edilə bilər, qəbul edilə bilər, ya da bu təklifə güclü bir siyasi cavab verilə bilər, lakin heç bir şey söyləməmək - xüsusilə də bir təklif erməni kilsəsi vasitəsilə alınmışsa - yanlış olar”.

Xatırladaq ki, Daqlıq Qarabağda fəal hərbi əməliyyatlar zamanı Azərbaycanla həmrəylik nümayiş etdirən Ankara, Yerevanla diplomatik əlaqələrini kəsmiş və iki ölkə arasında sərhədləri bağlamışdı. 2000-ci illərin ikinci yarısında Ermənistan və Türkiyə münasibətləri şərtlər qoymadan normallaşdırmağa cəhd göstərmişdilər. Prezidentlər Abdulla Gül və Serj Sarqsyan futbol üzrə dünya çempionatında eyni seçmə qrupda yarışan milli komandalar arasında oyunları bəhanə edərək qarşılıqlı səfərlər həyata keçirmişdilər. “Futbol diplomatiyası” adı almış bu proses 2009-cu ilin oktyabrında Türkiyə və Ermənistanın diplomatik idarələri arasında Sürix protokollarının imzalanması ilə nəticələnmişdi. Amma dünyanın siyasi mərkəzlərinin səyləri də bundan o tərəfə keçməyə - iki ölkə arasında diplomatik münasibətlər yaratmağa kömək etməmişdi. Azərbaycanın güclü tənqidi altında Türkiyə Sürix protokollarının dondurulması barədə parlament qərarı çıxarmışdı. 2015-ci ilin fevralında isə prezident Sarqsyan bu protokollarla bağlı sənədləri parlamentdən geri çağırmaqla Türkiyə ilə münasibətlərin normallaşdırılması məsələsini ümumiyyətlə, gündəmdən çıxarmışdı. O vaxtdan bəri Yerevanla Ankara arasında rəsmi əlaqələr barədə heç bir məlumat yox idi.

Paşinyanın təklifə reaksiyası bəlli deyil. Amma Ermənistanda koronavirusla bağlı şərait mürəkkəbləşməkdə davam edir. Virusa yoluxanların sayına görə bu ölkə Qafqazda liderdir.

Faktların toplanması üzrə «COVID-19 Ermənistan» ictimai qrupu ölkədə həyəcan doğuran bəyanatla çıxış edib. Qrup bildirib ki, xəstələrin sayı barədə rəqəmlər süni surətdə azaldılır, koronavirusdan ölənlərin guya başqa səbəbdən dünyasını dəyişdikləri elan edilir. Qrup onu da deyir ki, məhz hakimiyyətin davranışları onlara belə kəskin müraciətlə çıxış etməkdən savayı yol qoymayıb.

Bəyanat erməni ictimaiyyətində ikili münasibət yaradıb. Bir qrup belə ağır məqamda siyasi kapital toplamağa və hakimiyyətin opponentlərinə xal qazandırmağa çalışanları qınayıb. Hətta Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da uzun illərin susqunluğunu pozub və xalqa, bütün siyasi qüvvələrə müraciətlə çıxış edib. O, hamını dramatik vəziyyətdən indiki hakimiyyətə nifrət yaratmaq üçün istifadə etməməyə çağırıb.

Press Klub