Logo
news content
User
Kateqoriyalar

Analitika

Koronavirus gömrükdən keçəcəkmi?

Müəllif: Zahir Əmənov

Azərbaycanın cənub qonşusu İranda koronavirus (Covid 19) yayılıb və artıq ölənlər var. Bununla əlaqədar Azərbaycan-İran sərhədindəki gömrük-keçid məntəqlərində yaranmış vəziyyətlə maraqlandıq.

Astara gömrük-keçid məntəqəsində bizə məlum oldu ki, İranda koronavirusun yayılması hələlik gediş-gəlişə mane olmayıb. Qonşu ölkəyə bazarlıq, müalicə, ziyarət məqsədilə gedənlərin sayında ciddi azalma yoxdur.

”Amerika dolları və manatımız İranda bahadır. Oradan nə alsaq, sərf edir. Eyni ölçüdə olan xalça burda 350 manatdır, İranda isə 150 manata satırlar.” Bunu İrana tez-tez səfər edən Azərbaycan vətəndaşlarından biri söylədi. O bildirdi ki, virusla əlaqədar həm İran, həm də Azərbaycan gömrük məntəqələrində yoxlamalar aparılır: ”Aparatı qulağın dibinə yaxınlaşdırırlar və qızdırmanı ölçürlər. Şübhələndikləri insanları xüsusi otaqlara aparırlar və daha ciddi yoxlayırlar. İran Astarasının bazarında oldum. Oraya İranın bütün bölgələrindən adamlar gəlir. Virusla bağlı narahatlıq gördüm.”

Məşhəd ziyarətindən qayıdan xanım isə adətən Məşhədə gedənlərin Qum şəhərinə də aparıldığını, amma bu dəfə Qum ziyarətinin olmadığını diqqətə çatdırdı: “Səbəbini demədilər.” (İranda koronavirusdan ölüm halları məhz Qumda qeydə alınıb.)

Gömrük məntəqəsinin ətrafındakı taksilərdən birinin sürücüsü son günlər Azərbaycana gələn iranlıların sayının artdığını vurğuladı: ”Qarşıdan Novruz bayramı gəlir, qonaqların sayı artacaq. İranlılar öz ölkələrindəki vəziyyətdən narazılıq edirlər. İmkanı olanlar Bakıda ev alır. Astara rayonunda ev, torpaq alanlar da var. Öz aralarında yeni xəstəlikdən ölənlərin olduğunu deyirdilər. Narahat idilər...”

Onu da əlavə edək ki, artıq bir aya yaxındır Astara gömrük-keçid məntəqəsinin önündə İrana keçmək istəyən Rusiyaya məxsus yük avtomobillərinin böyük növbəsi yaranıb. Sürücülərdən biri virus probleminin işlərini pozduğunu bildirdi: “Biz Monqolustandan ət, Çindən tərəvəz məhsulları daşıyırdıq. İndi o tərəflərə getməkdən qorxuruq. İrana üz tutmuşuq. Burada bizə məlumat verdilər ki, İranda da həmin vurusdan ölənlər var. Çaşıb qalmışıq. Hara gedək?.. Ailəmizi dolandırmaq məcburiyyətindəyik.”

Biləsuvar Gömrük İdarəsinin növbətçi hissəsindən isə bildirdilər ki, koronavirusla bağlı bütün lazımi tədbirlər görülüb: “Hətta maskalar da verilib. İnsanlar yoxlanılır.”

“Azərbaycan Səhiyyə Nazirliyi koronavirusla bağlı bütün səhiyyə müəssisələrinə, o cümlədən Masallı Mərkəzi Xəstəxanasına müvafiq təlimat və göstərişlər göndərib.” Bunu Masallı Mərkəzi Xəstəxanasının (publik hüquqi şəxs) direktoru Cəlil Nəzərov dedi. Onun sözlərinə görə, nazirliyin təlimatına uyğun olaraq xəstəxananın İnfeksiya şöbəsində 5 palata ayrılıb: “Hər palata bir xəstə üçün nəzərdə tutulub və bu palatalara giriş-çıxışın fərqli istiqamətdən olması təmin edilib. Palatalar hər cür avadanlıq və ləvazimatla təchiz olunub. Ehtiyac yaranarsa, ehtiyat palatalar da nəzərdə tutulub.”

Direktor qeyd etdi ki, həkimlər, tibb bacıları və əhali arasında maarifləndirmə işləri aparılır. Xəstəliyin əsas əlaməti qızdırma olduğu üçün bu halın müşaşahidə olunduğu şəxslər xüsusi nəzarətə götürülür.