Logo
news content
User
Kateqoriyalar

Analitika

Koronavirus Azərbaycan sərhədində!

Çində baş qaldıran koronavirus (Covid19) İran İslam Respublikası ərazisində də yayılmağa başlayıb. Artıq qonşu ölkədə bu xəstəlikdən ölənlərin sayı 9-a çatıb.

İranda koronavirusa yoluxanların 30 nəfər olduğu bildirilsə də, bu sayın daha çox olduğu və dövlət orqanlarının real rəqəmləri hələlik gizlətdiyi barədə gümanlar var. İraq hökumətinin İranla bütün sərhəd qapılarını bağlaması və bu ölkəyə uçuşları dayandırması, Küveyt hökumətinin də İrana uçuşları ləğv etməsi bu gümanların doğruluğuna dəlalət edə bilər. Bu gün İranda parlament seçkiləri keçirildiyi üçün rəsmi dairələr son günlər koronavirus mövzusunun mümkün qədər arxa planda qalmasına çalışıblar. Çünki ali rəhbərlik əhalinin seçkidə fəal iştirakında maraqlıdır.

Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkələrin sıralamasında İran birinci yerdədir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə xarici ölkələrə gedən ölkə vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 13,4% artaraq 5 567,7 min nəfər olub. Bunların üçdə birindən çoxu - 36,7%-i İrana səfər edib. Azərbaycana gələn iranlıların sayı da ildən-ilə artır.

Hələlik Azərbaycan hökuməti İranla sərhədin bağlanması, qarşılıqlı uçuşların dayandırılması kimi radikal addımlara getmir. Sadəcə olaraq, Dövlət Gömrük Komitəsindən açıqlama verilib ki, İranda aşkarlanan koronavirus təhlükəsinə görə bütün sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejimi tətbiq olunur, profilaktik tədbirlər görülür. Bu tədbirlərə avtomobillərin dezinfeksiya olunması, termovizorlar vasitəsilə insanların hərarətinin ölçülməsi daxildir. Lakin bu tədbirlərin nə dərəcədə yetərli olduğu sual doğurur. Çünki koronavirusun inkubasiya dövrü 14 gün çəkir. Məsələn, bu gün koronavirusa yoluxan şəxsdə 13 gün ərzində hər hansı əlamət aşkarlanmaya bilər. Lakin həmin şəxsin başqalarını yoluxdurması mümkündür. Ona görə də, Azərbaycan və İran arasında gediş-gəlişin məhdudlaşdırılmaması risk yaradan haldır.

Press Klub