Konqres “sanksiya mövsümü”nü açdı
12 May 2020
COVİD-19 şokundan yavaş-yavaş çıxmağa başlayan ABŞ siyasətçiləri yenidən ənənəvi gündəmə qayıdıblar. Konqresin Nümayəndələr Palatasında Rusiya hökumətinin üzvlərinə qarşı sanksiyaların tətbiqinə dair qanun layihəsi hazırlanıb.
Palatanın Xarici Əlaqələr Komitəsində hazırlanan layihədə jurnalistlərə, müxalifətə, vətəndaş cəmiyyətinə və dini fəallara qarşı təqiblərə görə Rusiya rəsmilərinə sanksiyaların tətbiqi nəzərdə tutulur. Qanun layihəsi komitənin demokrat sədri Eliot Engel və onun respublikaçı müavini Maykl Makkol tərəfindən təqdim olunub. İkipartiyalı konsensusla hazırlandığı üçün sənədin qəbul olunması ehtimalı yüksəkdir.
“Vladimir Putin vətəndaş azadlıqlarını, azad mətbuatı, söz azadlığını, siyasi müxalifəti və ümumulikdə demokratiyanı əzmək üzrə çoxillik təcrübəyə sahib olan sərt avtoritar liderdir. Putinin öz əleyhdarlarına qarşı necə rəftar etdyini görmək üçün Boris Nemtsovun qətlinə baxmaq kifayətdir”, - deyə E.Engel bildirib.
Müəlliflər qeyd edirlər ki, qanun layihəsi ABŞ Konqresinin azadlıq və demokratiya naminə öz həyatını riskə atan qəhrəmanlara dəstəyinə dair Kremlə ikipartiyalı siqnal rolunu oynamalıdır. Onlar Tramp administrasiyasını layihəni dəstəkləməyə çağıraraq insan haqları pozuntularında əli olan Rusiya rəsmilərinə qarşı Maqnitski Aktı çərçivəsində sanksiyaların tətbiqinə səsləyiblər.
Xatırlatmaq yerinə düşər ki, Azərbaycanda müxalifətə, aktivistlərə və jurnalistlərə qarşı təqib və təzyiqlərin artması ilə əlaqədar Konqresin Helsinki Komissiyasının sədri Alsi L.Hastinqs və həmsədri, senator Rocer Viker birgə bəyanat yayıblar. Bəyanatda deyilir ki, pandemiya dövründə sağlamlıqla bağlı tədbirlər siyasi motivli repressiyalara haqq qazandıra bilməz: “Azərbaycan hökumətinin cərimələr, həbslər, təqiblər, işgəncələr vasitəsilə öz xalqının söz, fikir və ifadə azadlığını məhdudlaşdırmaqda davam etməsi barədə məlumatlardan dərin narahatlıq keçiririk. Hakimiyyət bu qlobal böhrandan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri və başqa fəalların, reportyorların ifadə azadlığını məhdudlaşdırmaq məqsədilə sui-istifadəyə son qoymalıdır.”
Press Klub