İrəvana gedən ekspertlər hansı təəssüratla qayıdıblar? – AÇIQLAMA
“Sülh prosesinin davamlı və real nəticələr verməsi üçün cəmiyyətlər də prosesə cəlb olunmalıdır”
23 Oktyabr 2025
Azərbaycan və Ermənistan arasında sülh prosesinin inkişafı çərçivəsində Yerevanda yüksək səviyyəli ekspert görüşü keçirilib. Görüşdə vətəndaş cəmiyyəti üzvləri, ekspertlər və media nümayəndələri iştirak edib. Tədbir tamamilə ikitərəfli formatda təşkil olunub və uzun illərdən sonra ilk dəfə Azərbaycan təyyarəsinin Zvartnots hava limanına enişi baş tutub.
Görüşdə iştirak edən politoloq, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov Pressklub.az-a bildirib ki, bu görüş Azərbaycan və Ermənistan arasında sülh gündəliyinə ciddi impuls verir.
Fərhad Məmmədov bildirib ki, oktyabrın 21-22-də baş tutan görüş Ermənistan və Azərbaycan ekspert cəmiyyətinin nümayəndələrinin birgə təşəbbüsü və hər iki ölkənin rəsmi qurumlarının dəstəyi ilə həyata keçirilib. O qeyd edib ki, bu təşəbbüs 2025-ci il avqustun 8-də Vaşinqtonda qəbul edilən Birgə Bəyanatın ruhuna uyğun olaraq sülh gündəliyinin təşviqinə xidmət edir: “Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan atdıqları addımlarla əldə olunan nəticələri daha da möhkəmləndirməyə çalışırlar. Hazırkı mərhələdə bütün işlər ikitərəfli formatda aparılır və bu, prosesin uğuru üçün vacibdir”. Onun sözlərinə görə, görüş zamanı iştirakçılar Ermənistan–Azərbaycan münasibətlərində sülh prosesinin perspektivləri, humanitar məsələlər, əlaqələrin normallaşması fonunda iqtisadi və logistika imkanları, etimadın qurulması üçün gələcək addımlar və mümkün əməkdaşlıq planlarını müzakirə ediblər.
“Sülh prosesinin davamlı və real nəticələr verməsi üçün yalnız dövlət strukturlarının deyil, cəmiyyətlərin də prosesə aktiv şəkildə cəlb olunması vacibdir. Cəmiyyətlərarası dialoq qarşılıqlı anlaşmanın və inamın formalaşmasına töhfə verə bilər”, – deyə o əlavə edib.

F.Məmmədov bildirib ki, tədbir çərçivəsində iştirakçılar Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla da görüş keçiriblər. Bu görüşlər bir tərəfdən rəsmi strukturlarla əlaqələrin qurulmasına, digər tərəfdən isə vətəndaş cəmiyyətinin fikirlərinin qarşı tərəfə çatdırılmasına imkan yaradıb.
“Bu tip təşəbbüslər davamlı olmalıdır. Təkcə ekspertlər deyil, medianın, gənclərin və müxtəlif sosial təbəqələrin də prosesə qoşulması vacibdir. Sülhə doğru atılan hər addım həm də bu iştirakın genişlənməsi ilə ölçülür” – deyə F.Məmmədov bildirib.
Politoloq hesab edir ki, ekspertlərin ikitərəfli formatda görüşməsi, bütün detalları — təyyarə uçuşundan proqramın hazırlanmasına qədər öz məsuliyyətini daşıması sülh prosesində yeni mərhələnin başlanğıcıdır. Bu, həm regionun sabitliyinə, həm də cəmiyyətlər arasında etimadın artmasına töhfə verəcək.
Fərhad Məmmədov bildirib ki, görüşün yüksək səviyyədə təşkil olunması və təhlükəsizliyin təmin olunması həm prosesin səmərəliliyini artırır, həm də uzunmüddətli sülhün təmin olunmasına zəmin yaradır: “Görüşdə həm geosiyasi, həm də ictimai maraqları əhatə edən geniş spektrdə məsələlər müzakirə olunub. Bu cür tədbirlər cəmiyyətlərin sülh gündəliyinə öyrəşməsi üçün vacibdir”.
Politoloq vurğulayıb ki, ekspertlərin bu ilk ikitərəfli görüşü regionda sabitliyin və əməkdaşlığın möhkəmlənməsi baxımından önəmlidir.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri sonda qeyd edib ki, bu görüş tərəflər arasında birbaşa və açıq dialoq üçün mühüm platforma olub və gələcəkdə bu tip görüşlərin həm format, həm də iştirak səviyyəsi baxımından inkişaf etdirilməsi məqsədəuyğundur.
Turqut