İran: qaçmağa qürbət ölkə, ölməyə vətən yaxşı?
Yaşamaq üçün xaricə üz tutanlar geri dönərkən dar ağacına tuş gəlir
09 İyun 2023
İranda kim yaxşı yaşayır? Bu ölkə öz övladlarını niyə özündən uzaqlaşdırır?
Bu suallar yada N.A. Nekrasovun "Rusiyada kim yaxşı yaşayır?" poemasını salır. 1861-ci ildə Rusiyada təhkimçilik hüququ ləğv edilir. Bundan sonra 7 kəndli bütün Rusiyanı səyahət edərək, xoşbəxt həyat axtarır. Əsər həmin dövrü əhatə edir.
İranda əhali 1979-cu ildə inqilabı xoşbəxt yaşamaq üçün etmişdi. Ancaq yaxşı heç bir şey baş vermədi. Məhəmmədrza Pəhləvinin əyanları getdi, yerinə Xomeyninin adamları gəldi. Baş verən hakimiyyət və rejim dəyişikliyi adi insanların həyatına müsbət anlamda təsir etmədi. Şahın dövründə olduğu kimi, indi də insanlar əmin-amanlıqda və sakit yaşamaq üçün xaricə üz tuturlar.
Tehran rejimi insanların azadlığını məhdudlaşdırır. Hətta onlara necə və nə haqda düşünməyi belə öyrədir.
Ona görə də sosial və sağlamlıq vəziyyətindən asılı olmayaraq, insanlar bu ölkədə xoşbəxt yaşamağın mümkünsüzlüyünü görüb, doğma yurdlarını, şəhərlərini tərk etməyə üstünlük verirlər. O yerlərə gedirlər ki, orada onların düşünmələrinə və davranışlarına kimsə qadağa qoymur.
İranın tanınmış iş adamı, sağlamlıq imkanları məhdud insanlar üçün veb-sayt əlavəsinin yaradıcısı Vahid Rəcəblu ABŞ-a köçdüyünü elan edib. 35 yaşlı iş adamı ABŞ-ın Kaliforniya ştatının San-Rafael şəhərinə köçüb. O, Tehran rejiminin bundan sonra ona mane ola bilməyəcəyini söyləyib: “Onlar artıq mənə əziyyət verə bilməz. Onlar mənə bundan sonra necə davranmağı və necə yaşamağı deyə bilməyəcək”.
Qeyd edək ki, V.Rəcəblu 1988-cı ildə Kərəcdə anadan olub və ABŞ-a köçənə qədər burada yaşayıb. O, “Tovanito” startapının yaradıcısıdır. Serebral beyin atrofiyası xəstəliyindən əziyyət çəkən V.Rəcəblu bədəninin yalnız 2 faizini hərəkət etdirə bilir.
V.Rəcəblu 2016-cı ildə müalicə olunmaq istəyənlər və xidmət təminatçıları arasında körpü kimi “Tovanito” onlayn platformasını yaradıb. Bununla o, 17 birbaşa və minə yaxın isə dolayı iş yeri yaradıb. “Tovanito” vasitəsilə İran vətəndaşlarına səhiyyə, tibb, reabilitasiya, təhsil və dövlət xidmətləri sahələrində xidmət göstərən minə yaxın aktiv xidmət təminatçısı mövcuddur. V.Rəcəblu 14 000-dən çox əlil və əmək qabiliyyətli vətəndaşa “Tovanito”nun onlayn xidmətlərindən istifadə etmək imkanı yaradıb.
Tehran rejimi Rəcəbluya da bu ölkədə yaşamağı çox görüb. Bu hakimiyyət ağlı kəsən, müstəqil düşünən hər kəsdən qorxur. Bu rejim Vahid Rəcəblunun ağıl və zəkasından qorxduğu üçün ona “insanları zəhərləmə” kimi məsləhətlər verib.
Bəs, İranda hakimiyyət təmsilçilərinin övladları üçün bu situasiya xoşdurmu? Yaxud İranda onlar digərlərindən daha yaxşımı yaşayır? Baş verənlər sübut edir ki, problem var-dövlətdə, sosial təbəqədə və sağlamlıqda deyil. Əsas məsələ hökumətin insan hüquq və azadlıqlarına münasibətindədir.
İranın rəsmi nümayəndəsi Mürtəza Mirian təxminən bir il əvvəl elan etmişdi ki, dövlətin rəsmi şəxslərinin 4 mindən çox uşağı xaricdə yaşayır. Onun sözlərinə görə, məmur övladları əsasən ABŞ, Avropa İttifaqı, Kanadada məskunlaşıblar. İranın başqa bir rəsmisi isə bildirib ki, 5400 məmurun övladları xaricdə firavan həyat yaşayır. Məsələn, Tehranın meri Əlirza Zakaninin nəvəsi İsveçrənin Sürix şəhərində anadan olub. İranın vitse-prezidenti Ənsiya Xəzəlinin oğlunun miqrasiyası uzun müddət müzakirə olunub.
Prezidenti İbrahim Rəisinin Qadın və Ailə məsələləri üzrə müavini Ənsiya Xəzəlinin oğlu Seyid Hamed Rzazadənin Kanadanın Vankuver şəhərində 2 milyon ABŞ dollarına aldığı evin sənədi üzə çıxıb. Amma İran pasportu və turist vizası ilə Kanadada kredit götürmək və ya ev almaq mümkün deyil. Buna görə də İran vitse-prezidentinin oğlunun Kanadada yaşamaq icazəsi olduğu bildirilib.
Bu ilin yanvarında Böyük Britaniyaya casusluqda təqsirli bilinən İranın müdafiə nazirinin keçmiş müavini Əlirza Əkbəri barəsində çıxarılan edan hökmü icra olunub. Qeyd edək ki, o, 1997-2005-ci illərdə o vaxtkı müdafiə naziri Əli Şəmxaninin müavini işləyib. O, 1961-ci ilin sentyabrında anadan olub. Britanya-İran ikili vətəndaşlığı olub. 2005-2020-ci illərdə Britaniyada yaşayıb, Tehrana səfəri zamanı casusluqda ittiham olunaraq, həbs edilib. Sonradan girov qarşılığında sərbəst buraxılmışdı. İran kəşfiyyatı 2023-cü il yanvarın 1-də onu yenidən həbs edib. Məhkəmə Əlirza Əkbərini Böyük Britaniyaya casusluqda günahlandıraraq, barəsində edam hökmü çıxarıb.
İran hakimiyyətinin yaratdığı şəraitdən qaçanlar vətənə dönəndə də “casus” sayılaraq, edam olunurlar. Elə ona görə bu ölkəni tərk edənlərin sayı sürətlə artır. Vahid Rəcəblu da bu rejimdən başını götürüb qaçanlardandır.