Logo
news content
User
Kateqoriyalar

Analitika

“İran Azərbaycanın iradəsini qıracağına inanır, amma…”
Ekspert: “İran özünü ənənələri olan dövlət kimi deyil, cinayətkar dəstə kimi aparır”

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani bu yaxınlarda Azərbaycan Xarici İşlər Nazirliyinin ölkə vətəndaşlarına İrana səfər etməmək çağırışına təəccüblənib. Qeyd edək ki, bu çağırış iranlıların azərbaycanlı tələbə Fərid Səfərlini casusluq ittihamı ilə həbs etməsindən sonra səslənib.

Öz növbəsində Kənani bu yaxınlarda Bakıda səfərdə olan İsrail prezidentini İranla Azərbaycan arasında münasibətləri korlamaq cəhdində ittiham edir. O, özünün Twitter hesabında yazıb ki, "Azərbaycan xalqı qollarını azərbaycanlı qardaşlarına açan sivil və islami İrandan deyil, sionist rejimdən qorxmalıdır”.

Xatırladaq ki, iki ölkə arasında münasibətlər 2022-ci ilin payızında İranın Azərbaycanla sərhəddə silsilə hərbi təlimlər keçirməsi və Ermənistanı açıq şəkildə müdafiə etməyə başlaması ilə pisləşməyə başlayıb.

Yanvarın sonunda Tehranda Azərbaycan səfirliyinə qarşı terror aktı törədilib, nəticədə səfirliyin bir əməkdaşı həlak olub, iki nəfər yaralanıb.

Sonradan Azərbaycan və İran xarici işlər nazirləri arasında bir sıra telefon danışıqları münasibətlərin normallaşmasına gətirib çıxarmayıb.

Yeri gəlmişkən, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bazar ertəsi jurnalistlərə bildirib ki, İran Bakıya yanvarın 27-də törədilən terror aktından sonra bağlanmış səfirliyin işini bərpa etməyi təklif edib.

“Azərbaycanın İrandakı səfirliyinə hücum faktı ilə bağlı cinayət işi davam edir. Hesab edirik ki, bu hadisə iki ölkə arasında münasibətlərə çox mənfi təsir göstərdi. Eyni zamanda, diplomatik missiyamızın işinin bərpası ilə bağlı İrandan bir neçə müraciət almışıq”, - Bayramov bildirib.

“Azərbaycan tərəfi tam əmin olmalıdır ki, cinayətkarlar və sifarişçilər məsuliyyətə cəlb olunacaq və ciddi şəkildə cəzalandırılacaq. Bununla bağlı Azərbaycan tərəfinə sözdə deyil, əməldə tam təminat verilməlidir”, - o, əlavə edib.

Nazir azərbaycanlı tələbə Fərid Səfərlinin İranda həbsinə də münasibət bildirib. “Biz uzun müddət bu şəxsin taleyi ilə bağlı məlumat əldə edə bilmirdik. Hazırda Azərbaycanın Təbrizdəki Baş Konsulluğu ilə tələbə arasında əlaqə yaradılıb”, - deyə nazir bildirib.

Beləliklə, hazırda İran-Azərbaycan münasibətləri hansı səviyyədədir? Münasibətlərin yenidən qaydaya salınması ehtimalı necədir? Tehran niyə dostluq niyyəti kimi qiymətləndirilə biləcək heç bir addım atmadan səfirliyimizin fəaliyyətini bərpa etməyə çağırır?

Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktor müavini Fuad Çıraqov Press Klubun suallarını cavablandırıb.

O, qeyd edib ki, qədim sivilizasiya və dövlətçilik iddiasında olan xalqlar belə davranmırlar və İran rəsmilərinin bütün son bəyanatları və hərəkətləri yalnız gülüş və təəccüb doğurur.

“Bizim artıq “Yer kürəsinin ən qədim xalqı” olduğunu iddia edən başqa bir qonşu ilə ünsiyyət təcrübəmiz var. Bu, yəqin ki, patologiyadır.

Fərid Səfərlini tanıyanların hamısı, sinif yoldaşları və dostları onun hər hansısa casusluq fəaliyyətinin iştirakçısı ola biləcəyinə inanmır və rədd edirlər. Onların sözlərinə görə, o, çox sakit, riskdən uzaq duran, təvazökar və savadlı bir gəncdir.

İran özünü ənənələri olan dövlət kimi deyil, cinayətkar qrup kimi aparır. İranın niyə üstündən bu qədər zaman keçəndən sonra Fəridin casus olduğunu iddia etməyə başladı? Ona görə də, Azərbaycanın öz vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırması çox təbiidir, çünki bu, təhlükəsiz deyil. Bu il ikinci dəfədir ki, Azərbaycan vətəndaşları İran xüsusi xidmət orqanlarının hədəfinə çevrilir.

Diplomatik əlaqələrə vurulan belə bir ziyandan sonra münasibətləri düzəltmək istəyən ölkə başqa cür davranmalıdır. İran Azərbaycanın iradəsini özünə tabe etdirə biləcəyinə inanır. Amma Azərbaycanın mövqeyi bəllidir: əgər İran münasibətləri yaxşılaşdırmaq istəyirsə, Tehran səfirliyimizə qarşı terror aktına görə məsuliyyət daşıyanları cəzalandırmalı və Azərbaycan vətəndaşı olan və İranda gizlənən cinayətkar ünsürləri Bakıya təhvil verməlidir”, - politoloq bildirib.

 

Rauf Orucov