“İnsanlar damlara çıxıb, kabab bişirməli, nərd oynamalı deyillər”
30 İyun 2020
Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edərək epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələrin məbləğini ikiqat artırıb. Bunun səbəbi belə izah edilir ki, əhali məsuliyyətli davranmır, qoruyucu vasitələrdən istifadə etmir, nəticədə koronavirusun yayılmasının qarşısını almaq çətinləşir.
Haqlı görünən izahatdır, çünki gerçəkdən də əhalinin bir hissəsi hələ ki təhlükənin fərqində deyil və ümumiyyətlə, virusun mövcudluğuna şübhə edir. Lakin vəziyyətdən çıxış yolu cəzaları artırmaqdırmı? Başqa variant yoxdurmu? Virusun yayılmasını dayandırmaq üçün cəzaya əl atmadan hansı effektiv qərarlar qəbul etmək olar? Bu sualları ekspertlərlə müzakirə etdik.
Hələ koronavirus pandemiyasının başladığı və aşkarlanan yoluxma hallarının minimal səviyyədə olduğu ilk günlərdən sosial şəbəkədə davamlı xəbərdarlıqla çıxış edən, vəziyyətin ciddiliyini insanlara anlatmağa çalışan həkim Müşfiq Hüseynov bildirdi ki, cərimələrin artırılması, cəza metodu çıxış yolu deyil:

M.Hüseynov düşünür ki, cərimələrin miqdarını 100 deyil, 1000 manat edib, insanları maska ilə pulsuz təmin etsələr, daha effektiv olar:
“Maskanı pulsuz ver, məsuliyyətli, özünü qorumaq istəyən, qanunlara əməl etmək istəyən vətəndaş deyilənlərə əməl edəcək, özünü də, ətrafındakıları da, ailəsini də qoruyacaq, virusun daha geniş kütlələr arasında yayılmasının qarşısını alacaq. Tabe olmaq istəməyənlər inanmırlarsa, zarafata salırlarsa, oyundur deyirlərsə, onlar da gedib cərimələri bir dəfə, iki dəfə ödəyəcəklər, sonra ödəyə bilməyəcəklər. Bu zaman da onlar maskanı məcburi taxmalı olacaqlar. Bunun yolu əslində belə olmalıdır. Yoxsa, maddi durumun ağır olduğu zamanda bir də üzərinə bu cərimələri tətbiq etmək uğursuz metoddur. O zaman insanlar klassik üsula keçəcək. Maskaları alıb, bir ay üstündə gəzdirərək istifadə edəcəklər. O da tamamilə əks effekt verəcək, xeyrindən daha çox, zərəri olacaq. Bir şey ki özünün qoruyucu təsirini iki saatda göstərir, onu bir ay istifadə etdikdə evə də, ətrafa da virus yayacaq”.
Həkimin sözlərinə görə, dövlətin kifayət qədər resursları var:
“Biz o qədər də zəif dövlət deyilik, imkanımız var ki, bunu edək. Avtobus dayanacaqlarında, metroların girişində pulsuz maskalar paylamaq olar. Azərbaycanda böyük və özünə hörmət edən şirkətlər var ki, ofislərinin girişlərində insanlara pulsuz maskalar təqdim edirlər. Bəzi avtomobil satışı mərkəzlərində müştərilərə pulsuz maskalar, dezinfeksiyaedici məhlullar verilir”.
Ekspertin fikrincə, ən effektiv çıxış yolu insanların özünü qoruması, qaydalara əməl etməsi, qoruyucu vasitələrdən istifadəsidir: “Bunun başqa yolu yoxdur. Amma istifadə etməsən, 200 manat cərimə ödəməli olacaqsan - deməklə, düzgün yanaşma göstərmirik. Yəni bununla nəticə əldə edilməyəcək”.
Vəkillər Kollegiyasının üzvü Elvin Yusifov da qeyd etdi ki, cəzaların artırılmasını vəziyyətdən çıxış yolu hesab etmir:

Vəkilin sözlərinə görə, ilk növbədə insanlar virusun mövcudluğuna inanmalıdırlar:
“Virusun yayıldığı ilk vaxtlar insanların inamı yox idi. Amma indiki vaxtda demək olar ki, vəziyyətin pis olduğunu hamı hiss edir, görür. Artıq yaxınlarında, tanışlarında virus aşkarlandığının şahidi olurlar və görürlər ki, həqiqətən virus var. İlk növbədə vətəndaşlar özləri məsuliyyətli olmalıdır. İctimai nəqliyyatdan istifadə edərkən maska taxmaq, sosial məsafə saxlamaq, dezinfeksiyaedici məhlullardan istifadə etmək kimi elementar qaydalara əməl etməlidirlər. Metroya daxil olan, avtobuslara minən insanlara polis niyə deməlidir ki, maska taxın?!”
Yusifov hesab edir ki, Operativ Qərargah virusu ağır şəkilə keçirmiş və ondan uğurla çıxmış Çin, İtaliya kimi ölkələrin təcrübəsini öyrənməlidir:
“Milyonlarla insanın yoluxduğu, minlərlə insanın öldüyü ölkələr necə oldu ki, müəyyən müddətdən sonra vəziyyətdən çıxa bildilər? Məncə, bu təcrübəni öyrənmək lazımdır. Belə bir vəziyyət üçün səhiyyəmizin hazır olmadığını gördük. Virus yeni başlayanda bizdə karantin rejimi gücləndirildi, lakin virusa yoluxanların sayı artdıqca karantin rejimi yumşadıldı. Düşünürəm ki, bu, çox səhv addım idi. Amma məcbur oldular. Çünki insanların, əsasən də işsizlərin iki ay müddətində evdə oturması çətin idi və hökumət də məcbur olub, bu addımı atdı. Təbii ki, nəticədə virus kütləvi şəkildə yayıldı. Bu məsələdə əsasən insanları günahkar hesab edirlər və deyirlər ki, onlar qaydalara əməl etmir. Açığı, bu mövqe ilə tam razı deyiləm. Düzdür, bəzi vətəndaşlarımız sadə qaydalara da əməl etmək istəmir. Onlar bu xəstəliyin adi qripdən daha ağır və öldürücü ola biləcəyinə inanmırlar. İnsanları müəyyən müddət təcrid etməsək, xəstəliyə yoluxan şəxs 10-15 nəfərin içərisində təbii ki, kimlərisə yoluxduracaq. Belə olan halda virusun qarşısını almaq çətin məsələdir. Ən yaxşı yol hökümət tərəfindən aztəminatlı ailələrə, işləməyən şəxslərə birdəfəlik maddi yardımlar etməklə, müəyyən müddət tam qapanmaya yaxın bir rejim tətbiq etməkdir. İnsanlar bir-birindən tamamilə uzaqlaşmalıdır. Hesab edirəm ki, bu halda effektiv nəticə əldə etmək olar”.
Millət vəkili Fəzail Ağamalı bildirir ki, çıxış yolu cərimələrin ciddi şəkildə tətbiq edilməsi, heç kəsə güzəşt edilməməsi və Operativ Qərargahın daha sərt tədbirlər görməsidir:

Deputatın fikrincə, Operativ Qərargah məsələyə daha sərt yanaşmalıdır, rejimi daha da sərtləşdirməyə xidmət edən addımlar atmalıdır:
“Milli Məclis özündən asılı olan işi etdi. Mən cərimələrin daha yüksək olmasının tərəfdarı idim. Azlıq çoxluğa tabe olduğu üçün qərar belə qəbul olundu. Artıq bu, müzakirə predmeti deyil. Bundan sonra məsuliyyət vətəndaşlarımızın üzərinə düşür. Onlar nizam-intizamlı olmalı, cərimə ödəməmək üçün maskalardan istifadə etməli və əsassız olaraq küçələrə çıxmalı deyillər. Çıxıb, damların üstündə kabab bişirməli, nərd oynamalı və həyətlərində samovar qaynadaraq saat 03:00-04:00-a qədər domino oynamalı deyillər. Təbii ki, bunlar hamısı nəzərə alınmalıdır. Əgər həyətə çıxırlarsa, hökmən və birmənalı olaraq maskadan istifadə etməli və məsafə gözləməlidirlər”.
İqtisadi ekspert Natiq Cəfərli bu fikirdədir ki, cərimələrin artırılması yersiz və absurd bir qərardır:

Ekspert maskaların qiymətinin çox baha olduğuna da diqqət çəkdi:
“Bir çox ölkələrdə maska pulsuz paylanılır. Bir insan üç saatdan bir maskanı dəyişəcəksə, gün ərzində azı dörd maskadan istifadə etməlidir. Bir ailədə üç-dörd nəfər varsa, gündə beş manat pul edir. Bu isə ayda 150 manat deməkdir. Yəni böyük bir vəsaitdir. Ona görə də maskaların qiyməti kəskin aşağı düşməlidir, ya da pulsuz paylanılmasının yolları tapılmalıdır. Yalnız bundan sonra cəza mexanizmləri haqqında düşünmək olar. Yəni cəza ilkin mexanizm olmamalıdır, ən sonuncu addım kimi düşünülməlidir. Öncə təşviqat-təbliğatla bu məsələnin həlli üçün müəyyən addımlar atılır, sonuncu mərhələdə artıq cərimələr yolu ilə bu məsələnin düzənə qoyulmasına cəhd edilir. Bizdə isə ilk atılan addım cərimədir”.
Ülviyyə Şahin