Logo
news content
User
Kateqoriyalar

Analitika

İlham Əliyevi Münhendə niyə gözləyirlər?
Rusiya hələ güclüdür, Qərb masası bərpa olunsa belə, irəli getmək çətindir...

Prezident İlham Əliyevin inauqurasiyasından sonra Qərbdən “gecikən” təbriklər gəlməyə başladı. Almaniya kansleri Olaf Şolts, Böyük Britaniyanın Baş naziri Rişi Sunak dövlət başçısına göndərdikləri məktubda Ermənistanla sülh danışıqlarının bərpası və ölkədə hüquqi, siyasi islahatların keçirilməsi məsələsi qoyulub. 

Kansler Şolts İlham Əliyevin sabah başlayacaq Münhen Təhlükəsizlik Konfransına dəvət edib və onunla görüşəcəyini bildirib.

Baş naziri Rişi Sunak isə Azərbaycanla Ermənistan arasında münaqişəyə son qoymaq üçün tarixi bir şans olduğunu bəyan edib. “Mən davamlı müqavilənin hər iki ölkənin və ümumilikdə bütün regionun rifahı və sabitliyi üçün gətirəcəyi böyük faydaları yüksək qiymətləndirirəm. Davamlı sülhə nail olunmasında hər iki ölkəyə Böyük Britaniyanın davamlı dəstəyini bir daha vurğulayıram”, - R.Sunak yazıb.

Xatırladaq ki, Qərbdən Azərbaycan Prezidentini təbrik edən ilk yüksək çinli siyasətçi Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişeldir. Onun da mesajında Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin Brüssel platformasında davam etdirilməsi əsas yer tutub. 

Gözlənilir ki, Avropa İttifaqının əsas dövlətlərindən olan Fransa prezidenti Emmanuel Makron da İlham Əliyevi yenidən Azərbaycan prezidenti kimi seçilməsi münasibəti ilə təbrik etsin. Şübhəsiz ki, onun da mesajında yer alacaq əsas məsələ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması olacaq. 

Beləliklə, prezident seçkilərindən sonra ötən ilin yayından Bakı ilə İrəvan arasında Qərb platformasında dayandırılan sülh danışıqlarının bərpa olunacağına ümid yaranıb. Münhen Təhlükəsizlik Konfransı bu ümidlərin gerçəkləşəcəyi məkan ola bilər. Məlumdur ki, Konfransda Ermənistanın Baş naziri Nikol Paşinyan da iştirak edəcək. Fransa prezidenti E. Makron, Birləşmiş Ştatlardan isə Vitse-prezident Kamala Haris, Dövlət katibi Entoni Blinken də qatılacaq. Hələlik Azərbaycan prezidentinin iştirak edəcəyi tədbirlər, panel müzakirələri, habelə təkbətək görüşlərlə bağlı açıq məlumatlar yoxdur. Amma sülh danışıqları mövzusunda görüşlərin keçirilməsi qaçılmaz görünür...

Prezident ötən gün inauqurasiya mərasimindəki nitqində Bakının sülh razılaşması ilə bağlı şərtlərini təkrarlayıb. O, bəyan edib ki, Ermənistan davamlı sülhü əngəlləyən hüquqi dəyişiklikləri (Konstitusiya və Müstəqillik aktında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını – müəllif) həyata keçirməzsə, sülh sazişi imzalanmayacaq. 

Bu mesajın qarşı tərəflə yanaşı, danışıqlarda iştirak etməkdə qərarlı olan Qərb ölkələrinə, eləcə də Rusiyaya ünvanlandığı məlumdur. Bakı Azərbaycanın Qərb liderləri ilə təmaslarından xüsusi ilə narahat olan Moskvanı sakitləşdirməyə çalışır. Xatırladaq ki, Rusiya və KTMT rəsmiləri fevralın 12-də Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulmasını Qərbin təxribatı adlandırıb. 

KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov bildirib ki, “ayrı-ayrı dövlətlər tərəfindən Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzərin resurslarına çıxış əldə etmək və özlərini Mərkəzi Asiyaya birbaşa çıxışla təmin etmək cəhdləri var”.

Onun sözlərinə görə, bu məqsədlə Ermənistan-Azərbaycan sərhədinin yüksək münaqişə potensialından fəal istifadə olunur. “Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, Qərb Bakı ilə İrəvan arasında münaqişədən sonrakı nizamlanmaya təsir göstərməyə çalışır”, - o qeyd edib.

Azərbaycanın sərhəddəki son təxribata cavab tədbirləri zamanı Ermənistanın “Yerkrapa” yarım hərbi təşkilatının 4 könüllüsü öldürülüb. Baş nazir Nikol Paşinyan hökumətin iclasında Azərbaycanı sülh danışıqlarını pozmağa bəhanə axtarmaqda ittiham edib. 

Bakıdan isə Xarici İşlər Nazirliyi bəyanat yayaraq Paşinyana cavab verib. Nazirlik bildirir ki, Baş nazirin növbəti dəfə səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaratmaq məqsədi daşıyır. 

“Ermənistanın bütün qonşularının ərazi bütövlüyünü dəstəklədiyini iddia edən baş nazirə Ermənistan Konstitusiyasında, qüvvədə olan qanunvericilik aktlarında, rəsmi məktublarında, rəsmi bəyanatlarında, beynəlxalq təşkilatlar və məhkəmələrdə yaydığı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddialarını xatırlatmaq istərdik. Ermənistan tərəfi həqiqətən də sülh prosesində maraqlıdırsa, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarından əl çəkməlidir", - XİN bildirir.

Beləliklə, İlham Əliyevin Münhen səfəri və orada Qərb vasitəçiləri ilə ehtimal olunan təkbətək və ya Ermənistan liderinin iştirak ilə keçiriləcək görüşlər kifayət qədər pis atmosferdə baş tutacaq. Həm yerdə vəziyyət gərginləşib, həm də Azərbaycanın sülh danışıqları ilə bağlı mövqeyi sərtləşib. 

“Karnegi” fondunun baş elmi işçisi, Qarabağ münaqişəsi üzrə tanınmış ekspert Tomas De Vaal bildirir ki, Azərbaycanın maraqları təmin olunmasa, sülh sazişinə imza atmayacaq. Ekspert şərtləri belə sıralayır:

“Bunlardan biri Ermənistanla Azərbaycan arasında sərhədin müəyyənləşdirilməsidir. Burada sovet dövrünün müxtəlif dövrlərinə aid çoxsaylı xəritələrdə sərhəd xətlərinin haradan çəkilməli olduğu barədə müxtəlif şərhlər verilir;

İkinci sual, sazişin davamlılığını təmin etmək üçün hansı beynəlxalq təminatlara və mübahisələrin həlli mexanizminə ehtiyac duyulacağıdır. Ermənilər mümkün qədər çox beynəlxalq dəstək, azərbaycanlılar isə minimal iştirak istəyirlər;

Üçüncüsü, Ermənistan ərazisindən keçən, uzun müddətdir bağlı olan və  Azərbaycanın əsas hissəsini onun Türkiyə ilə həmsərhəd Naxçıvan anklavı ilə birləşdirən 43 kilometrlik dəhliz və ya tranzit marşrutunun açılması ilə bağlı olduqca mübahisəli məsələdir. Azərbaycan öz ərazisinin Ermənistandan mümkün qədər az nəzarətə malik olacaq dəhlizlə yenidən birləşdirilməsində maraqlıdır. Ermənistan isə strateji əhəmiyyətli cənub sərhəd ərazisində suverenliyini və təhlükəsizliyini güzəştə getmək istəmir.

Ekspert qeyd edir ki, Azərbaycan Ermənistanın cənubunda istədiyini almayana qədər sülh sazişi imzalanmayacaq. “Yəni 2024-cü ildə Ermənistan çox güman ki, Bakı və Moskvanın güclü təzyiqi altında qalacaq, onlar müxtəlif üsullardan istifadə edərək nə İrəvanın, nə də Qərb dövlətlərinin razı olmadığı Zəngəzur dəhlizi planını həyata keçirməyə can atacaqlar”, - o vurğulayıb.

Beləliklə, Prezident Əliyevin Qərb liderləri ilə sülh mövzusunda təmasları bərpa etməsi Avropa və ABŞ-da nikbin əhval-ruhiyyə yaratmış olsa belə mövcud reallıqlar irəli getməyə imkan vermir. Həm Rusiyanın bölgədə destruktiv vəziyyət yaratmaq imkanlarını nümayiş etdirməsi, həm Azərbaycanın sülh üçün əsas şərtləri geosiyasi dəyişikliklərin yekun mərhələsinə qədər sazişin imzalanmayacağını göstərir...

Turqut