“İldırım sürətli” məhkəmə qərarı
29 Noyabr 2019
Lerik rayon məhkəməsi AzToday.az saytının redaktoru Elmidar Əliyevi Salyan rayonunun sabiq icra başçısı Tahir Kərimovun iddiası əsasında 2 min manat cərimələyib.
Keçmiş məmur jurnalisti saytda dərc olunmuş “Kərimovlar ailəsinin Londondakı sərvəti – sabiq icra başçısı ölkə xaricinə milyonlar daşıyıb” başlıqlı məqaləsinə görə məhkəməyə çəkib.
Elmidar Əliyev hakimin qərarından qəti narazıdır:
“Öncə deməliyəm ki, Atabəy Kiçibəyov iddia ilə bağlı hazırlıq iclası keçirmədən, cəmi bir proseslə məhkəmə araşdırmasını başa çatdırdı. Belə ki, məhkəmənin hazırlıq iclasının 7 noyabr 2019-cu il tarixinə təyin edilməsi haqqında mənə göndərilən məktubda iddia ərizəsinin sürəti təqdim olunmamışdı. Məhkəmə ilə əlaqə saxlayıb iddia ərizəsinin sürətini göndərməyi tələb etdim. Ərizənin surəti mənim qeydiyyatda olduğum ünvana poçt vasitəsi ilə noyabrın 16-da çatdırıldı, məhkəmənin məktubunda isə iclasının noyabrın 28-nə təyin olunduğu göstərilmişdi.
Dünən keçirilən prosesdə Tahir Kərimovun iddiasına yazılı etirazımı hakim Atabəy Kiçibəyova təqdim etdim. Şikayətin əsassız olduğunu nəzərə almaqla iddianın rədd edilməsini istədim. Lakin qarşı tərəfin iştirak etmədiyi prosesdə hakim 10-15 dəqiqə ərzində işə baxıb qərar verdi. O, 2 min manat cərimələnməyim və AzToday.az saytında dərc olunmuş “Kərimovlar ailəsinin Londondakı sərvəti – sabiq icra başçısı ölkə xaricinə milyonlar daşıyıb” başlıqlı məqalədəki məlumatların təkzib edilməsi barədə qətnamə çıxardı. Məhkəmə prosesində hakim Kərimovun övladlarının adına olan şirkətlər və daşınmaz əmlaklarla bağlı məlumatları haradan götürdüyümü soruşdu. Bu məlumatların Birləşmiş Krallığın müvafiq əmlak reyestrlərində əks olunduğunu dedim və həmin internet resursların adlarını bildirdim. İlkin təəssüratım o oldu ki, Atabəy Kiçibəyovun müasir informasiya mənbələri barədə ümumiyyətlə anlayışı yoxdur və ya hakim iclasa hazır qərarla gəldiyi üçün sübutlarımızı nəzərə almadı”.
İttiham üçün daha bir əsas isə sabiq icra başçısının yazıda “balıq ovçusu” kimi təqdim edilməsi olub. Jurnalist: “Tahir Kərimovun “balıq ovçusu” olduğunu mən özümdən yazmamışam, bu şəxsin dəfələrlə Azərbaycan mediasında “dəbdəbəli imarətlər, bahalı maşınlar sahibi, balıq ovçusu” kimi qələmə verildiyini qeyd etmişəm” cavabı verib. Buna baxmayaraq, hakim həmin məlumatın da təkzib olunması barədə qərar çıxarıb.
Prezidentin 3 aprel 2019-cü il tarixində imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanından sonra Lerik rayon Məhkəməsinin sədrinin ildırım sürəti ilə, 12 səhifəlik etirazda təqdim olunan sübutları nəzərə almadan qərar çıxarmasının səbəbini jurnalist özü belə izah edib:
“Yəqin, sifariş olub. Başqa səbəb görə bilmirəm. Mən hakim Atabəy Kiçibəyovla bağlı qısa bir araşdırma apardım. Məlum oldu ki, onun qərarlarından xeyli adam şikayət edir. Hakimin qanuni prosedurlara əməl etməməsi barədə Məhkəmə-Hüquq Şurasına şikayət edəcəyəm. Eyni zamanda məhkəmə qətnaməsini aldıqdan sonra apellyasiya şikayəti verəcəyəm”.
Ülviyyə Şahin