Logo
news content
User
Kateqoriyalar

Analitika

İkinci Fələstin müharibəsi başlayır?
İsrail İordan çayının qərb sahilindəki administrasiyanı məhv etməklə hədələyir

İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, orduya İordan çayının qərb sahilində Fələstin Milli Administrasiyasının qüvvələrinə qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşmaq barədə əmr verilib.

Katsın sözlərinə görə, Fələstin Milli Administrasiyasının qüvvələri və onunla əlaqəli “Tənzim” təşkilatı İsrail hərbçilərinə və məskunlaşanlara hücum edərsə, Fələstin Milli Administrasiyasına qarşı müharibə elan olunacaq.

“Belə olan halda Fələstin Milli Administrasiyasına qarşı müharibə elan ediləcək və İsrail Müdafiə Ordusu İsrailin Baş naziri Binyamin Netanyahu və mənim hazırlayıb təsdiq etdiyimiz, İsrail Müdafiə Ordusu üçün müəyyən edilmiş prinsiplərə əsaslanan plana uyğun olaraq genişmiqyaslı hücuma başlayacaq”, – Kats bildirib.

Nazir əməliyyatın “qısa və güclü” olacağını, quru qoşunları, Hərbi Hava Qüvvələri və xüsusi təyinatlı bölmələrin əməliyyatlarını, eləcə də silahların və terrorçu infrastrukturunun məhv edilməsini əhatə edə biləcəyini qeyd edib.

İsrailin belə bir qərarı nə ilə bağlı ola bilər? Nə baş verib? Bəlkə, Fələstin Milli Administrasiyasının qüvvələrinin israillilərə qarşı hansısa hücuma hazırlaşdığına dair siqnallar var? Fələstin Milli Administrasiyasının buna hansı səbəbləri ola bilər?

Tanınmış israilli jurnalist və tarixçi Şimon Briman bu məsələlərlə bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

Ekspertin sözlərinə görə, İsrail Müdafiə Ordusu (TSAXAL) hərbi əməliyyatlara başlamazdan əvvəl KİV vasitəsilə düşmənlərini xəbərdar etmir və müdafiə nazirinin bəyanatları ilə əvvəlcədən xəbərdarlıq etmir. “İsrael Katsın hazırkı açıqlaması daha çox Fələstin Muxtariyyəti hakimiyyətinə xəbərdarlıq xarakteri daşıyır: “Məsuliyyət zonanızdan düşmənçilik hərəkətlərinin qarşısını almaq üçün bütün zəruri tədbirləri görün. Əgər Fələstin Muxtariyyətinin ərazisindən yəhudi yaşayış məntəqələrinə və şəhərlərinə hücum etmək üçün terrorçu qruplar çıxarsa, TSAXAL-ın cavabı genişmiqyaslı və sarsıdıcı olacaq”.

İsraildə yaxşı bilirlər ki, Fələstin Muxtariyyətinin nəzarətində olan Cenin, Nablus, Kalkilya, Ramallah, Beytləhm və Hevron şəhərlərinin yerləşdiyi ərazilər silahlarla və rəsmi hakimiyyətin göz yumması şəraitində təlim keçən, israillilərə hücum planları hazırlayan yüzlərlə silahlı şəxslə doludur. Fələstin Muxtariyyətinin öz polis qüvvələri çoxdan adi polis funksiyalarını yerinə yetirməkdən çıxıb. Fələstin Muxtariyyəti hakimiyyəti 1993–1995-ci illərdə imzalanmış Oslo sazişlərini pozaraq pulemyotlar və zirehli transportyorlarla təchiz edilmiş tamhüquqlu hərbiləşdirilmiş bölmələr yaradıb. Bu birləşmələrin sayına qoyulan məhdudiyyətlər də pozulub.

Təhlükəsizlik sahəsindəki ekspertlərin məlumatına görə, Fələstin Muxtariyyətinin nəzarətində olan ərazilərin əhalisi HƏMAS-a rəğbət bəsləyir və İsrailə qarşı nifrətlə yaşayır. Bu “qaynar qazan” istənilən an partlaya bilər”, – deyə ekspert bildirib.

O qeyd edib ki, Ramallahda oturan korrupsiyalaşmış rəhbərliyin formal hakimiyyəti muxtariyyətin digər şəhərlərində də mübahisə mövzusudur. Həmin şəhərlərdə yerli klanlar və şeyxlər öz “paylarını” almaq istəyirlər. “Nəticədə, “Fələstin Muxtariyyətinin hakimiyyəti” anlayışı getdikcə mücərrəd xarakter alır və İordan çayının qərb sahilindəki gərgin bölgələrə nəzarət etmək iqtidarında olmayan bir struktura çevrilir.

Hazırda xüsusi təhlükə müəyyən edilib. İsraildə oktyabrın 27-də keçiriləcək seçkilərə iki həftə yarım qalmış terrorçular qanlı hücumlar törətmək niyyətindədirlər. Məqsəd Netanyahu hökumətinin təhlükəsizliyi təmin edə bilmədiyini göstərməkdir. Başqa sözlə, silahlıların hədəfi Baş nazir Binyamin Netanyahunun siyasi məğlubiyyətinə nail olmaqdır.

İsrailin təhlükəsizlik qüvvələri – TSAXAL və ŞABAK – Fələstin Muxtariyyətinin nəzarətində olan ərazilərdə aybaay müntəzəm əməliyyatlar keçirərək silah anbarlarını və silahlıların yuvalarını məhv edirlər. Lakin ərazinin tamamilə təmizlənməsi üçün ayrı-ayrı hədəflərə yönəlmiş əməliyyatlar deyil, genişmiqyaslı hərbi əməliyyat lazımdır. Belə böyük əməliyyatın İsraildəki seçkilərdən əvvəl başlayacağı isə dəqiq deyil. Bu variant yalnız iri miqyaslı qanlı terror aktı baş verəcəyi və onun icraçılarının Fələstin Muxtariyyətinin ərazisindən çıxacağı təqdirdə mümkündür. Belə olan halda İsrail cavab verməmək kimi komfortu qalmayacaq və Fələstin Muxtariyyətini bir qurum kimi ləğv etməyə yönəlmiş istənilən addım üçün İsrail hökuməti cəmiyyətdən tam legitimlik alacaq”, – Briman hesab edir.

Rauf Orucov