Qazdan qardaş payı
Azərbaycan ən strateji məhsulunu Türkiyəyə yarı qiymətə satır
09 Oktyabr 2026
Azərbaycanın sürətlə inkişaf edən enerji sektoru, ildən-ilə artan qaz hasilatı və ixrac coğrafiyası fonunda Bakı ilə Ankara arasındakı qaz tərəfdaşlığı xüsusi yer tutur. Rəsmi rəqəmlərə, tarixi müqavilələrə və bazar mexanizmlərinə əsaslanan təhlil göstərir ki, bu əməkdaşlıq qarşılıqlı iqtisadi maraqlara, dəqiq hüquqi sazişlərə və strateji güzəştlərə söykənir.
Son illərdə Azərbaycan Avrasiyanın əsas enerji təchizatçılarından birinə çevrilib. Ölkədə həyata keçirilən irimiqyaslı layihələr – xüsusilə “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” və “Abşeron” yataqlarının işlənməsi nəticəsində mavi yanacaq hasilatı davamlı olaraq artır. Rəsmi statistikaya görə, son ildə Azərbaycanda ümumi təbii qaz hasilatı 51,5 milyard kubmetrə çatıb.
Bu həcmin əhəmiyyətli bir hissəsi (illik təqribən 25 milyard kubmetrdən çox) bir çox xarici bazarlara, o cümlədən Avropa İttifaqı ölkələrinə və qonşu dövlətlərə ixrac olunur. İxrac coğrafiyasının şaxələnməsində və Azərbaycan qazının Qərb bazarlarına çatdırılmasında isə Türkiyə bazarı və onun infrastrukturu mərkəzi həlqə rolunu oynayır.
Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) hesabatları və rəsmi mənbələr təsdiqləyir ki, Azərbaycan boru kəməri qazı idxalında qardaş ölkənin əsas təchizatçısıdır. Bu münasibətlər illər ərzində mərhələli şəkildə formalaşan ciddi, tənzimlənən kommersiya sazişlərinə və uzunmüddətli hökumətlərarası müqavilələrə əsaslanır.
Xatırladaq ki, Azərbaycan qazının Türkiyə bazarına rəsmi çıxışı 12 mart 2001-ci il tarixində Türkiyənin BOTAŞ şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanan 15 illik “Doğal Gaz Alım-Satım Anlaşması” ilə başlanıb. Həmin sazişə əsasən, “Şahdəniz” yatağının 1-ci mərhələsindən Türkiyəyə illik təqribən 6,6 milyard kubmetr qaz nəqli nəzərdə tutulmuşdu.
İkinci mühüm mərhələ 26 dekabr 2011-ci il tarixində Ankarada imzalanan strateji hökumətlərarası sazişlər və TransAnadolu Boru Kəməri (TANAP) layihəsi ilə reallaşdı. Bu çərçivədə Türkiyəyə əlavə 6 milyard kubmetr qazın nəql edilməsi hüquqi müstəviyə bağlandı və tədarük müddəti uzunmüddətli perspektivi (25 il) əhatə etdi.
2024-cü ilin iyun ayında Bakı Enerji Həftəsi çərçivəsində imzalanan yeni sənədlərlə mövcud tədarük mexanizmləri yeniləndi. BOTAŞ ilə Azərbaycan Qaz Təchizat Şirkəti arasında başa çatmaqda olan əsas tədarük müqavilələrinin müddəti 2030-cu ilin sonuna qədər uzadıldı, tranzit və qaz mübadiləsi (swap) əməliyyatları tənzimləndi.
Növbəti mərhələdə imzalanan sazişlərə əsasən, 2029-cu ildən etibarən 15 il müddətinə “Abşeron” yatağının işlənməsi çərçivəsində Türkiyəyə ümumilikdə 33 milyard kubmetr (illik təqribən 2,25 milyard kubmetr) əlavə təbii qazın ixrac edilməsi təsbit olundu.
Azərbaycan uzun illərdir sabit həcmdə qaz nəql edir və illik göstəricilər bazardakı konyunktura uyğun olaraq tənzimlənir. Məsələn, müvafiq illərdə Azərbaycandan Türkiyəyə ümumilikdə 8,71 milyard kubmetr və sonrakı mərhələlərdə təqribən 9,6 – 10,2 milyard kubmetr qaz ixrac edilib.
Avropa bazarında qiymətlərin kəskin artdığı dövrlərdə belə, Türkiyəyə yönəldilən həcmlərin sabit saxlanılması Bakının bu istiqamətə verdiyi strateji önəmi göstərir. Məlum olduğu kimi, enerji bazarının təhlili zamanı ən çox diqqətçəkən məqam qiymət siyasətidir. Qlobal bazarlarda qiymətlərin kəskin dəyişməsinə baxmayaraq, Azərbaycanın Türkiyəyə tətbiq etdiyi qiymət mexanizmi açıq-aydın güzəştli xarakter daşıyır. Belə ki, Avropa istiqamətinə ixrac olunan min kubmetr qazın orta qiyməti bazarda pik hədlərdə 550–560 dollar ətrafında dəyişdiyi halda, Türkiyə bazarına tətbiq olunan orta ixrac dəyəri nəzərəçarpacaq dərəcədə aşağı – təqribən 270–280 dollar civarında formalaşır.
Bu yarıbayı qiymət fərqi onu göstərir ki, Azərbaycan Türkiyə bazarının sabitliyini təmin etmək üçün müəyyən maliyyə qazancından imtina edir. İqtisadi baxımdan bu, Azərbaycanın qardaş ölkənin daxili enerji təhlükəsizliyinə və sənayesinin rəqabət qabiliyyətliliyinə etdiyi mühüm geoiqtisadi investisiyadır.
Enerji məsələləri üzrə ekspert İlham Şaban bu münasibətləri şərh edərkən bildirir ki, Azərbaycanın qaz siyasətində Türkiyə bazarı əsas tranzit qapısı olmaqla yanaşı, həm də sabit qiymət mühitinə malik uzunmüddətli bazardır:
“Azərbaycan qazının Avropaya çıxışı (TANAP vasitəsilə) məhz Türkiyə ərazisindən asılıdır. Ona görə də tətbiq olunan güzəştli qiymətlər həm də sabit tranzit mühitinin və siyasi müttəfiqliyin ticarət müqabilidir.
Qlobal birjalardakı şoklardan qorunmaq üçün uzunmüddətli müqavilələr və sabit həcmlər hər iki tərəfə iqtisadi proqnozlaşdırıla bilənlik qazandırır”.
Beləliklə, Azərbaycanın ildən-ilə artan 50 milyard kubmetrdən çox ümumi qaz hasilatı fonunda Türkiyəyə yönələn ixrac xətti xüsusi çəkiyə malikdir. Azərbaycan-Türkiyə qaz ticarəti emosional formullardan kənar, iqtisadi və geosiyasi hesablamalara dayanır. Azərbaycanın illik milyardlarla kubmetr qazı bazar qiymətlərindən xeyli aşağı – təqribən yarıbayı qiymətə Türkiyəyə təslim etməsi Bakının Ankaraya etdiyi ən böyük strateji ticarət güzəştidir. Hüquqi təməlləri 2001-ci ilə gedib çıxan və yeni sazişlərlə 2030-cu illərə qədər uzadılan bu əməkdaşlıq iki ölkə arasındakı münasibətlərin dərinliyini praktik müstəvidə sübut edən əsas amildir.
Turqut