İki islam dövləti arasında yeni müharibə təhlükəsi
Pakistan və Əfqanıstan arasında silahlı qarşıdurma dərinləşir
01 Oktyabr 2026
Sentyabrın 26-dan 27-nə keçən gecə Əfqanıstanın Paktiya və Nəngərhar vilayətləri ilə Pakistanın Kurram dairəsi arasındakı sərhəd zonasında yeni toqquşmalar baş verib. Bu barədə Khaama Press məlumat yayıb.
Məlumata görə, hər iki tərəf ağır silahlardan, minaatanlardan və artilleriyadan istifadə edib. Atışma bir neçə saat davam edib və səhərə yaxın müvəqqəti olaraq dayanıb.
Pakistan tərəfi iddia edir ki, əvvəlcə Əfqanıstandan sərhədi keçməyə çalışan silahlıların cəhdlərinin qarşısı alınıb. Pakistanda onları “Fitna al-Khawarij”, yəni “Təhrik-e Taliban Pakistan” adlandırırlar. Bundan sonra isə “Taliban” qüvvələri heç bir səbəb olmadan Nəngərhar və Paktiyadakı mövqelərdən Pakistan tərəfinin mövqelərinə atəş açıblar.
Rəsmi İslamabad “Taliban”ı hərbi postlara və mülki ərazilərə artilleriya atəşi açmaqda ittiham edir. Pakistan tərəfi bildirir ki, onun bölmələri “sürətli və qətiyyətli” cavab zərbəsi endirərək “Taliban”ın bir neçə sərhəd postunu, minaatan mövqelərini və müdafiə istehkamlarını dağıdıb. Pakistan həmçinin iddia edir ki, cavab tədbirləri nəticəsində silahlıların bir qismi isə öldürülüb, “Taliban”ın bəzi qüvvələri mövqelərini tərk edərək geri çəkilib. Lakin itkilərlə bağlı bu məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
“Taliban” nümayəndəsi Zəbihullah Mücahid bundan əvvəl Pakistanın hava zərbələrini Əfqanıstanın suverenliyinin pozulması kimi pisləyib və “müvafiq cavab” veriləcəyi barədə xəbərdarlıq edib.
Pakistan daha əvvəl Əfqanıstan ərazisində pilotsuz uçuş aparatları ilə bağlı olan 10 obyektə zərbə endirdiyini bildirmişdi. Əfqanıstan tərəfi isə bu ittihamları rədd edərək, Pakistanın hava zərbələri nəticəsində 4 dinc sakinin həlak olduğunu açıqlayıb.
Baş verənlərdən sonra Mücahid sosial şəbəkələrdə bildirib ki, onların cavab olaraq gördükləri tədbirlər “olduqca düşünülmüş, qətiyyətli və tarixi” olub. Lakin o, konkret olaraq nəyi nəzərdə tutduğunu deməyib və Kurramdakı toqquşmalarla bağlı təfərrüatı açıqlamayıb.
Bu iki ölkə arasında nə baş verir? Hansı qüvvələr münasibətləri pozmağa çalışır? Əvvəllər bu iki dövlət arasında bu dərəcədə kəskin ziddiyyətlər müşahidə olunmayıb. Barışıq ehtimalı varmı, yoxsa bütün bunlar daha bir müasir müharibəyə çevrilə bilər?
Pressklub.az-ın suallarını tanınmış şərqşünas, NEST Centre-in eksperti Ruslan Süleymanov cavablandırıb.

O qeyd edib ki, Əfqanıstanla Pakistan arasında hələ də həllini tapmayan məsələlər qalır. Bunlardan ən başlıcası XIX əsrin sonlarında britaniyalılar tərəfindən çəkilmiş və Durand xətti adlanan sərhədlə bağlı problemdir.
“Bu günədək heç bir Əfqanıstan hökuməti, o cümlədən “Taliban” hökuməti bu sərhədi tanımayıb, Pakistan isə onu tanıyır. Sərhədin demarkasiyası və delimitasiyası əsas problemlərdən biridir.
Digər problem Pakistan ərazisində fəaliyyət göstərən “Təhrik-e Taliban Pakistan” qruplaşması ilə bağlıdır. Pakistan hakimiyyəti onu Əfqanıstan “Taliban”ının qolu hesab edir, Kabildə isə bununla razılaşmırlar. Əfqan “Taliban”ının nümayəndələri dəfələrlə bildiriblər ki, onlar Pakistanın daxili işlərinə qarışmırlar və “Təhrik-e Taliban Pakistan” yalnız Pakistanın öz daxili məsələsidir.
Son gərginlik Pakistanda törədilən növbəti terror aktı ilə bağlıdır. İslamabadda hesab edirlər ki, bu hücumda da “Təhrik-e Taliban Pakistan” qruplaşmasının əli var və o, Əfqanıstan “Taliban”ı ilə birbaşa sövdələşmə şəraitində fəaliyyət göstərməsə belə, ən azı onların nəzarətsizliyi və ya açıq səhlənkarlığı səbəbindən hərəkət edə bilir. Buna görə də Pakistan “Təhrik-e Taliban Pakistan” silahlılarının gizləndiyi Əfqanıstan ərazilərinə zərbələr endirməyi zəruri hesab edir”, – ekspert izah edib.
Onun sözlərinə görə, açığı, barışıq üçün ciddi imkan görmür. Çünki iki əsas problem həll olunmayıb və yaxın gələcəkdə də həll ediləcəyi inandırıcı görünmür.
“Ən yaxşı halda, ötən ilin oktyabr döyüşlərindən və bu ilin yazındakı gərginlikdən sonra olduğu kimi, müvəqqəti sakitlik gözləmək olar. Vaxtaşırı eskalasiya baş verəcək və Əfqanıstanla Pakistan arasında gərginlik yaranacaq.
Xarici qüvvələrdən danışsaq, heç kim birbaşa Pakistan-Əfqanıstan silahlı münaqişəsində maraqlı deyil. Amma münaqişənin dinamikasına bu və ya digər şəkildə təsir edən bir ölkə var – Hindistan.
Pakistanla münasibətlərin pisləşməsi fonunda Əfqanıstan Talibanı Hindistanla əməkdaşlığı fəal şəkildə gücləndirir. Bir çox istiqamətlərdə, xüsusilə ticarətdə Hindistan artıq sadəcə Pakistanı əvəz edir ki, bu da, əlbəttə, İslamabadın xoşuna gəlmir. Bu, əlavə qıcıqlandırıcı amildir və məncə, Pakistan-Əfqanıstan münasibətlərinin daha da pisləşməsinə xidmət edəcək”, – Süleymanov nikbin olmayan nəticəyə gəlib.
Rauf Orucov