Logo
news content
User
Kateqoriyalar

Analitika

İctimai nəqliyyatda gediş haqqı qaldırılacaqmı?

Tarif Şurasının Aİ-92 markalı benzinin və dizelin qiymətini qaldırmasının zəncirvari qiymət artımına səbəb olacağı barədə narahatlıqlar var. Belə narahatlıqlardan biri də ictimai nəqliyyatda gediş haqlarının artması ehtimalı ilə bağlıdır. Nəzərə alsaq ki, əhalinin böyük hissəsi ictimai nəqliyyat vasitələrindən istifadə edir, onda bu narahatlığı əsaslı saymaq olar.

Yaxın gələcəkdə ictimai nəqliyyatda gediş haqlarının artması gözlənilirmir?

Bakı Nəqliyyat Agentliyindən (BNA) sorğumuza cavab olaraq bildirildi ki, şəhərdaxili sərnişindaşıma ilə məşğul olan avtobuslarda qiymətlər dəyişməyəcək. Hazırda bu məsələ gündəmdə deyil. BNA-nin mətbuat xidmətinin rəhbəri Mais Ağayev qeyd etdi ki, qurum tərəfindən avtobuslarda gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına hər hansı müraciət edilməyib:

“Hazırda belə bir məsələ müzakirə mövzusu deyil. Bizim əsas diqqətimiz ictimai nəqliyyat xidmətlərində keyfiyyətin artırılması, bu istiqamətdə vətəndaşlarımıza daha müasir xidmətlərin göstərilməsinə nail olmaq, eyni zamanda vətəndaşların rahatlığının təmin edilməsinə yönəlib”.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova da

rayonlar və şəhərlərarası sərnişindaşıma sahəsində qiymət artımı olmayacağını söylədi. Onun sözlərinə görə, bu fəaliyyətlə məşğul olan sahibkarlara müəyyən güzəştlər ediləcək:

“Dizel yanacağı daha çox avtobuslarda, ictimai nəqliyyatda istifadə olunduğu üçün sərnişindaşıma fəaliyyətini həyata keçirən şəxslərə dövlət tərəfindən yanvar ayının sonunadək kampensasiya tədbirləri həyata keçiriləcək”.

Allahyarova bildirdi ki, taksi xidməti sahəsində süni qiymət artımına yol verilməməsi üçün isə nəzarət tədbirləri gücləndiriləcək:

“Taksilərdə süni qiymət artımına rast gələ bilərik. Məlum olduğu kimi, taksi minik avtomobillərində qiymətlər Tarif Şurası tərəfindən müəyyən olunmur. Burada gediş haqları taksi minik avtomobillərini istifadə edən sürücülər və ya sürücülərlə əməkdaşlıq edən şirkətlər tərəfindən təyin edilir. Məhz buna görə də dövlət nəzarət mexanizmini gücləndirəcək”.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən də nəzərə çatdırıldı ki, sərnişin qatarlarında gediş haqqının artırılması gündəmdə deyil.

Yol nəqliyyatı üzrə ekspert İlqar Hüseynli isə dövlət qurumlarının söylədiklərinin əksini düşünür:

“Bildiyiniz kimi, Azərbaycanda istifadə olunan avtobuslar tamamən dizel yanacağı ilə hərəkət edir. Bizim alternativ enerji resursları ilə idarə olunan nəqliyyat vasitələrimiz yoxdur. Sözsüz ki, dizel yanacağının qiymətinin qalxması sərnişindaşıma ilə məşğul olan istənilən şirkət üçün əlavə xərc deməkdir. Dizel yanacağının qiyməti 0,80 qəpiyə kimi qaldırılırsa, bu, şirkətlər üçün kifayət qədər ciddi maliyyə itkisi yaradacaq. Belə olan halda onların itirdikləri qazancı balanlaşdırmağın yeganə yolu ictimai nəqliyyatda gediş haqlarını qaldırmaqdan ibarət olacaq”.

Ekspert hesab edir ki, ictimai nəqliyyatda gediş haqlarının artması ilə bərabər taksi xidməti də bahalaşacaq:

“Çünki Tarif Şurasının qərarı ilə Aİ-92 markalı benzinin qiyməti 1 manata qaldırılıb. Taksilərin böyük əksəriyyəti ya dizel, ya da Aİ-92 markalı benzinlə idarə olunan nəqliyyat vasitəsidir”.

Ülviyyə Şahin