Logo
news content
User
Kateqoriyalar

Analitika

"Hərə əlinə bir mikrofon alıb"? -  Polisdən mediaya absurd qadağa 
Jurnalistlərin ictimai yerlərdə sorğu keçirməsi üçün DİN-dən razılıq alması tələb edilir 

Oktyabrın 5-də Anews.az saytının əməkdaşları Bakının "28 May" metro stansiyası ətrafındakı ərazidə paytaxt sakinləri arasında  sorğu keçirərkən onların işi mülki geyimdə olan, amma özünü polis əməkdaşı kimi təqdim edən  şəxs tərəfindən əngəllənib. Sənədini göstərməyən şəxs  sorğu keçirmək üçün öncədən Daxili İşlər Nazirliyindən (DİN) icazə almağın vacibliyini bildirib. 

DİN mətbuat xidmətinin rəisi Ehsan Zahidov bu barədə adıçəkilən saytın sorğusuna belə cavab verib: 

"Sizin sorğu keçirmək səlahiyyətiniz olmalıdır və hər yerindən duran əlinə bir mikrofon alıb insanlarla sorğu-sual edə bilməz. Bütün hallarda sorğu keçirən jurnalist öz niyyətini bildirməlidir. Jurnalist Mətbuat Şurası və digər aidiyyatı qurumlara bu barədə müraciət etməlidir. Həmin qurumlar da DİN-ə mövzuyla bağlı məlumat verməlidir".

Nazirlik rəsmisinin bu açıqlaması mövcud qanunverciliklə nə dərəcədə səsləşir? Bu tələb davamlı xarakter alarsa, ölkədə medianın fəaliyyətinin daha da məhdudlaşdırılmasına gətirib çıxarmayacaq ki? 

Mətbuat Şurasının sədri Əflatun Amaşov "KİV haqqında" qanunun 8-ci maddəsinə əsas gətirirək bildirib ki, jurnalistlərin məlumat almaq hüququ qanunvericilikdə göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz. "Jurnalist bilməlidir ki, o hardasa sorğu keçirmək üçün kimdənsə icazə almalı deyil və ya hər hansı qurum buna görə jurnalistə icazə verib-verməmək səlahiyyətinə malik deyil", - deyə Əflatun Amaşov əlavə edib.

Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli old.old.pressklub.az-a deyib ki, Ehsan Zahidovun dedikləri yanlışdır- qanunda elə bir şərt yoxdur:

 ""KİV haqqında" qanunun 8-ci maddəsi jurnalistə icazə verir ki, istəyi zaman istədiyi yerdə informasiya toplasın. Azərbaycanda dövlət senzurası qadağandır. Kimin deməsindən asılı olmayaraq, qanunsuz yanaşmadır. İnzibati Xətalar Məcəlləsinin pozulmasını əsas gətirməklə həmin şəxs cərimə oluna bilər". 

Hüquqşünas qeyd edib ki, peşə fəaliyyətini icra edən jurnalistlərə qarşı qanunsuz hərəkət edən, onların ictimai açıq məkanda informasiya toplamasına qəsdən, zor tətbiq edərək mane olan polis əməkdaşları cinayət məsuliyyəti daşıyır: 

“Prokurorluq orqanları bu fakt üzrə cinayət işi başlama öhdəliyi daşıyır. Ombudsman bu məsələyə etiraz etməli və DİN-dən izahat tələb etməlidir". 

Hüquq və inkişaf Mərkəzinin rəhbəri Hafiz Həsənov old.old.pressklub.az-a açıqlamasında bildirib ki, Konstitusiyanın 50-ci maddəsinin I hissəsinə görə, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var: "Əsas Qanunun 71-ci maddəsinə görə digər insan hüquqları kimi bu hüquqn həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz Həmçinin, “Kütləvi informasiya vasitələri haqqında” qanunun 8-ci maddəsinə görə, kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ var və bu hüquq qanunvericilikdə göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz. Eyni zamanda, “Məlumat azadlığı haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarla məlumatın  qanunla qadağan edilməyən istənilən formada alınması təsbit olunub. İndiki halda məlumatın sorğu əsasında alınması və sorğu keçirilmək üçün icazə və ya lisenziya alınması qanunvericiliklə nəzərdə tutulmur. Hesab edirəm ki, bu cür icazələrin olması və gələcəkdə bunun qanunvericiliyə gətirilməsi Konstitusiyaya zidd addım olardı".

"Meydan TV"-nin redaktoru Aynur Elgünəş old.old.pressklub.az-a şərhində deyib ki, bu, tamamilə absurd tələbdir və media azadlıqlarının məhdudlaşdırılmasına yönəlib: "Ehsan Zahidov bunu nəyə əsasən deyib? Hazırkı "KİV haqqında" qanunda belə bir norma yoxdur. Əgər hazırlanan yeni qanuna istinad edirsə, əvvəla, o hələ qəbul olunmayıb, heç ictimai müzakirəyə də çıxarılmayıb. Orada belə bir tələb qoyulacaqsa, bu, ölkədə media azadlıqlarının son işartılarının məhv edilməsi deməkdir".

A. Elgünəş deyir ki, bu cür tələb qoyulması və onun icra olunması fiziki baxımdan da mümkün deyil: "Ölkədə yüzlərlə KİV var, onlar müxtəlif mövzularla bağlı sorğular keçirmək istəyirlər. O zaman hamı Ehsan Zahidova zəng edib DİN-nin razılığını almalıdır? Bu necə mümkün ola bilər? Hesab edirəm ki, bütün jurnalistlər bu cür qanunsuz tələbə, qadağaya qarşı etiraz etməlidir, beynəlxaq jurnalist təşkilatları da bu problemə diqqət ayırmalıdırlar". 

Xatırladaq ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində yazılıb:

163.1. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə - beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. 

163.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Turqut