Logo
news content
User
Kateqoriyalar

Analitika

Həbs dalğası Səlim Müslümova çatdı

2013-2018-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri olmuş, ondan əvvəl isə 11 il Dövlət Sosial Müdafiə Fonduna rəhbərlik etmiş Səlim Müslümov həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

Sabiq nazirin işi üzrə araşdırmalar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində aparılır. Səbail rayon Məhkəməsinin qərarıyla ilkin istintaq dövrü üçün barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən S.Müslümov DTX-nın təcridxanasında saxlanılır. O, əlillər üçün fərdi yaşayış və internat evlərinin təmir-tikintisinə ayrılmış vəsaitlərin bir hissəsini mənimsəməkdə, nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manata qədər rüşvət almaqda ittiham olunur.

S.Müslümovun məhz indi həbs edilməsi gözlənilməz oldu. Nazir olduğu dövrdə istər onun rəhbərlik etdiyi strukturdakı qanunsuzluqlar, korrupsiya halları, istərsə də özünün şəxsi var-dövləti barədə mediada yetərincə məlumatlar yayılırdı. Amma o zaman ona toxunmamışdılar. S.Müslümov 2002-2013-cü illərdə Dövlət Sosial Müdafiə Fonduna (DSMF) rəhbərlik etdiyi müddətdə bu qurumun fəaliyyətindən saysız-hesabsız şikayətlər var idi. Buna baxmayaraq, 2013-cü ilin oktyabrında onu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edəndə DSMF də nazirliyin tabeliyinə verildi.

S.Müslümov Fonddan əvvəl isə iki il yarım Dövlət Gömrük Komitəsinin sədr müavini olub. O dövrdə ona prezidentin fərmanı ilə gömrük xidməti general-mayoru rütbəsi verilib.

Bu, S.Müslümovun ikinci həbsidir. O, ilk dəfə 1995-ci ildə həbs olunsa da, sonradan azadlığa buraxılmış, bəraət almışdı.

S.Müslümovun həbsini “Press Klub”a şərh edən keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirli bunu korrupsiyaya qarşı mübarizə hesab etmir. Onun fikrincə, bu həbsin daha fərqli səbəbləri var. S.Müslümovun cəzalandırılması üçün yetərincə əsas və faktlar olduğunu vurğulayan iqtisadçının sözlərinə görə, səbəb bu olsaydı, vaxtında tədbir görülərdi:

“Bənzər addımlar əvvəl də olub - müxtəlif icra başçıları və başqa vəzifəli şəxslər tutulub. Amma o həbslərdəki kimi, burada da korrupsiyaya qarşı mübarizədən çox, başqa səbəblər görünür. Əgər hökumət korrupsiyaya qarşı gerçək mübarizədə maraqlıdırsa, antikorrupsiya qanunvericiliyinin işləməsinə şərait yaratmalıdır. Məmur sahibkarlıqla məşğul olmamalıdır, gəlir və əmlak deklarasiyasını ictimaiyyətə təqdim etməlidir. Məmurların fəaliyyəti şəffaf olmalıdır. İndiki şəraitdə bunu istəyən hökumət azad media mühitini təmin etməli, QHT-lərin fəaliyyətinə şərait yaratmalıdır. Ölkədə sosial-iqtisadi durumun ağırlaşdığı, insanların maddi imkanlarının daraldığı bir vaxtda hökumətin məmur sahibkarlığına dəstəkdən diqqəti yayındırmaq cəhdini görürəm. Bundan sonra saytlar Səlim Müslümovun obyektlərini, əmlaklarını ortaya çıxaracaq. Bunların mövcudluğu indi bilinmədi ki... Əvvəl də var idi, amma deyilmirdi. Deyənlərə də əhəmiyyət verilmirdi. Yəni ortada səmimiyyət yoxdur”.

N.Bəydəmirli xatırlatdı ki, S.Müslümov nazir olduğu vaxt bir çox islahatların qarşısını alırdı. Sosial sığorta haqları ilə bağlı dəyişiklik, özəl pensiya fondlarının yaradılması təklifi ilə dəfələrlə çıxış etdiyini yada salan keçmiş deputatın sözlərinə görə, bu sahədə modernləmənin qarşısını alan əsas simalardan biri məhz S.Müslümov olub.

N.Bəydəmirli qeyd etdi ki, sosial sığorta haqlarının yığımında da ciddi problemlər vardı. Bir sıra böyük şirkətlər ödənişlərdən yayınır, rüşvət müqabilində onların bu cür addımlarına göz yumulurdu. S.Müslümovun rəhbərliyi dövründə əsas problemlərdən biri kimi əlilliyin təyin oluması ilə bağlı məsələlər də vurğulanır. N.Bəydəmirli bildirdi ki, bu sahədə rüşvət halları acınacaqlı vəziyyət yaratmışdı:

“Araşdırma zamanı üzə çıxırdı ki, xüsusən bölgələrdə əlillik dərəcələri rüşvət və tapşırıqla verilir. Azərbaycanda hər 100 min nəfərə düşən əlillərin faizi başqa ölkələrlə müqayisədə yüksəkdir. Bu, dövlət vəsaitlərinin mənimsənilməsi anlamına gəlir. Onu da deyim ki, bu, Səlim Müslümovun şəxsindən daha çox, bizdəki iqtisadi siyasət anlayışından irəli gəlir. Məmur sahibkarlığının yaratdığı acınacaqlı vəziyyətdir”.

Büdcə vəsaitlərinin xərclənməsinə nəzarət edən müvafiq dövlət orqanları var – Maliyyə Nazirliyi, Hesablama Palatası... Həmin qurumların dövlət orqanlarındakı mənimsəmə, israfçılıq hallarını vaxtında üzə çıxarmamasına gəlincə, N.Bəydəmirli hesab edir ki, bəzən qohumluq, çox vaxt da rüşvət müqabilində belə hallara göz yumulur:

“Bir-birinin qanunsuzluqlarını ört-basdır eləməklə, ikinci dəfə rüşvətxorluq, korrupsiya halı baş verir. Yəni rüşvət alıb, korrupsiyaya göz yumulur. Azərbaycanda məmurların bir-biri ilə qohumluqları, bağlılıqları var. Bəzən də bu səbəbdən bir-birinin qanunsuz əməllərinə göz yumurlar, susurlar. Prokurorluğun da şikayət əsasında istənilən dövlət orqanını yoxlamaq, araşdırmaq səlahiyyəti var. Prokurorluq zaman-zaman hansısa rayonların tibbi sosial ekspert komissiyalarının rəhbərlərini həbs edib. Amma həmişə araşdırma yarımçıq qalır, məsələnin kökünə gedib çıxmırlar. Aşağı vəzifəli bir neçə nəfəri tutmaqla işlərini bitmiş sayırlar”.

Qeyd edək ki, S.Müslümovun ittiham olunduğu müddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Gülər