Gürcüstanda “Rusiya rejimi” ittihamı – Rəsmi Tbilisi hara gedir?
Müxalifət zəifləyib, demokratik institutlar təzyiq altında, cəmiyyət isə yorulub...
29 Sentyabr 2026
“Gürcüstanın hazırkı hakimiyyəti Rusiyaya xidmət edir və vəziyyəti yalnız ölkə olaraq birləşməklə düzəltmək mümkündür”. “Gürcüstan Online” bunu ölkənin beşinci prezidenti Salome Zurabişvili Fransanın Milli Assambleyasında Gürcüstana həsr olunmuş kollokviumda çıxışı zamanı bildirib.
“Gürcüstanda artıq demək olar ki, hər şey kriminallaşdırılıb: fikir bildirmək, sadəcə səkidə dayanmaq. Bəzi insanlar Facebook-da səsləndirdikləri fikrə görə artıq məhkum olunub və həbs ediliblər, Daxili İşlər Nazirliyində isə vətəndaşların paylaşımlarını izləmək üçün xüsusi departament yaradılıb.
Bu, Rusiyanın xidmətində olan rejimdir – məcburən, yoxsa könüllü şəkildə, bunu heç kim heç vaxt sübut edə bilməyəcək. Amma bir şeyi müşahidə edirik: yalnız Rusiyayönümlü narrativlər deyil, həm də Rusiyayönümlü siyasi mövqelər təbliğ edilir. Rejim Kremlin geniş dəstəyindən yararlanır və onu gah Kremlin sözçüləri, gah da rəhbərlərin özləri təbrik edirlər”, – beşinci prezident bildirib.
Zurabişvilinin sözlərinə görə, Gürcüstanın gələcəyi ilk növbədə gürcü cəmiyyətinin özündən, siyasi və qeyri-siyasi vətəndaş qüvvələrindən, mədəniyyətdən, mediadan və müqaviməti davam etdirən insanlardan asılıdır.
“Xaricdən dəstəklənən avtoritar rejimə yalnız ölkə ekzistensial təhlükə qarşısında birləşəndə qalib gəlmək mümkündür. Mövcud vəziyyət artıq adi partiyalararası rəqabət çərçivəsindən çıxıb və təkcə siyasi partiyalardan deyil, bütün vətəndaş cəmiyyətindən vahid cavab tələb edir”, – Zurabişvili Fransa Milli Assambleyasının deputatlarına müraciət edərək deyib.
O, ölkəsində demokratik institutların sökülməsindən, vətəndaş cəmiyyətinə və müstəqil institutlara təzyiqin güclənməsindən, eləcə də müxalifət partiyalarının qadağan olunması riskindən danışıb.
Zurabişvilinin sözlərinə görə, Gürcüstan hakimiyyəti tənqidi susdurmaq, tarixi yaddaşı yenidən nəzərdən keçirmək və gürcü mədəniyyətinə təzyiq göstərmək üçün “rusofobiya” ritorikasından istifadə edir. O, buna nümunə kimi Kordz-un konsertinin və onunla bağlı festivalın ləğvini göstərib.
Zurabişvili həmçinin bildirib ki, Gürcüstan getdikcə daha çox Rusiyanın iqtisadi və enerji təsiri altına düşür. Onun sözlərinə görə, limanların fəaliyyəti, hava əlaqəsi və kriptovalyuta sektorunun inkişafı beynəlxalq sanksiyalardan mümkün yayınma kontekstində suallar doğurur.
“Gürcüstan Avropa üçün xəbərdarlıqdır”, – Salome Zurabişvili bildirib və Avropa ölkələri tərəfindən aydın və vaxtında siyasi reaksiyanın, eləcə də diplomatik həmrəyliyin vacibliyini vurğulayıb.
Keçmiş prezidentin bu çıxışı nədən xəbər verir? Onun hazırkı rejimin Rusiyanın xidmətində olması barədə iddiası reallığa nə dərəcədə uyğundur? Zurabişvili bunları Fransa parlamentinin deputatlarına danışmaqla hansı effekti əldə etməyə çalışır?
Konfliktoloq, beynəlxalq münasibətlər doktoru, Gürcüstan Texniki Universitetinin professoru Amiran Xevtsuriani Pressklub.az-a şərhində bildirib ki, bu suallara birmənalı cavab vermək çətindir, çünki xanım Zurabişvilinin fransalı parlamentarilər qarşısındakı çıxışı kifayət qədər qəti tonla səslənib.

“Mən bu bəyanatı verərkən onun konkret olaraq hansı gözləntilərdən çıxış etdiyini deyə bilmərəm. Amma ehtimal etmək olar ki, bu gözləntilər Avropa İttifaqının “Gürcü Arzusu” nümayəndələrinə qarşı sanksiya siyasətini davam etdirməsi və bəlkə də daha da sərtləşdirməsi ilə bağlı olub.
Bəyanatın özünə gəldikdə, əlbəttə, Gürcüstanda demokratiya baxımından vəziyyətin xeyli pisləşməsi heç kim üçün yenilik deyil. Müvafiq olaraq, onun göstərdiyi konkret nümunələrin əhəmiyyətli hissəsi real hadisələrə əsaslanır. Xüsusilə də, onun “Gürcüstanda artıq demək olar ki, hər şey kriminallaşdırılıb: fikir bildirmək, sadəcə səkidə dayanmaq. Bəzi insanlar Facebook-da səsləndirdikləri fikrə görə artıq məhkum olunub və həbs ediliblər, Daxili İşlər Nazirliyində isə vətəndaşların paylaşımlarını izləmək üçün xüsusi departament yaradılıbsözlərinə” sözləri doğrudur.
Təbii ki, belə proseslər cəmiyyətin əhəmiyyətli hissəsində qıcıq yaradır və ölkədə siyasi və vətəndaş gərginliyinin azalmasına heç bir şəkildə xidmət etmir. Aydındır ki, hakim qüvvələr siyasi proseslər üzərində nəzarətin sərtləşdirilməsi yolunu seçiblər və bunun sayəsində hələlik hakimiyyəti qoruyub saxlaya bilirlər. Lakin qanunauyğun olaraq belə bir sual yaranır: hakimiyyət prosesləri bu şəkildə nə qədər müddət idarə edə biləcək? Xüsusilə də nəzərə alsaq ki, belə siyasət böyük maliyyə, inzibati və insan resursları tələb edir”, – konfliktoloq bildirib.
Digər tərəfdən, onun sözlərinə görə, hakimiyyət bu strategiya vasitəsilə etiraz fəallığını müəyyən dərəcədə azaltmağa nail olub.
“Bu gün cəmiyyət artıq 2024-cü ilin noyabr-dekabr aylarında baş vermiş məlum hadisələr dövründə olduğu qədər fəal deyil. Müəyyən nihilizm və siyasi apatiya əlamətləri də müşahidə olunur. Görünür, cəmiyyətin bir hissəsi yorulub və siyasi baxımdan tükənib ki, bu da təbii olaraq hakimiyyətin maraqlarına uyğundur.
Öz növbəsində, müxalifət də xeyli zəifləyib və parçalanıb. Onun nümayəndələrinin bir qismi həbsdədir, siyasi spektrin azadlıqda qalan digər hissəsi isə vaxtının və enerjisinin böyük bir qismini daxili qarşıdurmalara və bir-biri ilə mübarizəyə sərf edir. Üstəlik, hakimiyyət artıq qəbuledilməz hesab etdiyi müxalif siyasi partiyaların qadağan olunması tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edib. Beləliklə, “Gürcü Arzusu”nun 2028-ci il parlament seçkilərinədək siyasi meydanı mümkün qədər təmizləmək və siyasi rəqiblərinin imkanlarını ciddi şəkildə məhdudlaşdırmaq məqsədi güddüyünü ehtimal etmək olar.
Lakin bütün deyilənlərə baxmayaraq, əsas məsələ – “Gürcü Arzusu”nun xanım Zurabişvilinin iddia etdiyi kimi, Kremlin maraqlarına xidmət edən hakimiyyət olub-olmaması – ayrıca nəzərdən keçirilməlidir. Hazırkı mərhələdə bunu təsdiqləyən birbaşa sübutlar yoxdur və belə birbaşa əlaqələrin mövcudluğunu sübut etmək, yəqin ki, son dərəcə çətin olardı.
Bununla yanaşı, Moskvadan vaxtaşırı “Gürcü Arzusu” hökumətinin ünvanına müsbət və xoşməramlı bəyanatların səslənməsi də faktdır. Amma təkcə bu hal indiki Gürcüstan hakimiyyətinin Kreml tərəfindən idarə olunduğunu və ya onun birbaşa siyasi nəzarəti altında olduğunu sübut etmək üçün kifayət deyil”, – Xevtsuriani yekunlaşdırıb.
Rauf Orucov