“Gördüm hər yerdən qan axır, güllələr yağır... axşam xəbəri gəldi...” – ŞƏHİD HƏKİMLƏR
4 illik vüsaldan əbədi ayrılığa: “Tək qalanda yalvarıram ki, burdasansa, bir işarə ver...”
18 Avqust 2023
Birinci Qarabağ müharibəsi dövründə dünyaya gələn oğullar İkinci Qarabağ müharibəsində döyüşdülər, şəhid, qazi, qalib oldular. Onların arasında bütün peşə sahibləri ilə yanaşı və onlarla çiyin-çiyinə həkimlər də var.
old.pressklub.az "Şəhid həkimlər" layihəsi çərçivəsində 44 günlük müharibədə şəhid olmuş tibb xidməti əməkdaşlarının həyatını, yaşam və qəhrəmanlıq hekayətini yazır. Növbəti yazımız şəhid həkim Tariyel Salmanov barədədir.
***
1988-ci ilin 7 fevralında Ağcabədi rayonunun Kəhrizli kəndində ziyalı ailəsində dünyaya gəlib. Tarixə fikir verin, 88-ci ilin fevralı. O illər dünyaya gələn oğulların alnına yazılanı, missiyalarını yalnız indi, o missiya yerinə yetəndən sonra oxuyuruq... Ailədə üç oğul olublar. Qəhrəmanın 15 yaşı olanda anası şəkər xəstəliyindən dünyasını dəyişib. Böyük qardaşı evlənib, ayrılıb öz həyatına. Ortancıl əsgər gedib. Tariyel qalıb gənc yaşlarında yarısını itirmiş və evlənməyən, amma taleyinin qarasına qaraqabaq olan atası ilə baş-başa. Həmin vaxtlar da atasını it qapır, hər iki əlləri sarıqlı, yaralı ataya qulluq etmək Tariyelin boynuna düşür. Bir evin yıxılı dirəyi, həm qadın işini görür, həm kişi, həm də dərslərindən əlaçı olmağa məcbur, çünki bu həyatından qurtuluş yolunun yaxşı təhsildən keçdiyini anlayır.
Uşaqlıqdan həkim olmaq istəyib, travmatologiya ixtisasına yiyələnmək istəyirmiş. Anası stomatoloq olmasını istədiyi üçün o fakültəni seçib. Cəmi 8 ay hazırlaşandan sonra 640 balla Tibb Universitetinə qəbul olub. Gecə-gündüz oxumaqla bitirib ali məktəbi. Yataqxanada yaşayırmış, böyük maddi çətinlik içində. Tariyel öz təqaüdü hesabına yaşayıb tələbəliyini.
Tibb Universitetini bitirəndən sonra hərbi hissələrin tibb məntəqələrində həkim işləyir. 20 aydan sonra ehtiyatda olan tibb xidməti leytenantı kimi tərxis olunur. Orda olanda düşünüb ki, hərbidə qalıb işləsin, amma sonradan fikrini dəyişib. Həyatına Ayna daxil olandan sonra həyat onun üçün mənalanıb, gözəlləşib, yaşamaq həvəsi artıb, həyat eşqi yaranıb.
***
Mən Aynagilə çatanda özü hələ işdən gəlməmişdi. Anası qarşıladı məni, görən kimi ağlamağa başladı, ürəyim dağlandı. Qızı gəlincə danışdı, ağladı: “Mən Tariyeli itirəndən sonra onu nə qədər çox istədiyimi anladım. Mənim qızım, nəvəm başsız qaldılar, nəvəmin çox savadlı həkim, çox gözəl insan atası vardı, artıq yoxdur. Mən öləndən sonra bunların taleyi necə olacaq deyə çox yanıram, qorxuram...”
Anadır, yanır, qovrulur, övladı gözlərinin önündə əzab içindədir. Ayna gələn kimi gözlərini silib, mətbəxə keçdi anası. Qapını da örtdü ki, biz rahat danışaq, bəlkə qızı ürəyini rahat boşalda bilsin. Hərdən balaca Ləman gəlib anasını qucaqlayır, öpür, onunla danışmasını istəyir. Uşaq 3 yaşından bunları yaşayıb, göz yaşı, iztirab, anasını, nənəsini yalnız ağlayan görüb. Ayna isə ağrılı da olsa, məmnuniyyətlə Tariyeldən danışmaq istəyir:
“Tibb Universitetinin yanında İqtisad Universitetinin korpusu var, mən də orda oxuyurdum. Tariyelin tələbə yoldaşının bacısı da bizimlə oxuyurdu. Bir yerdə gəliblər qızı götürməyə, təsadüfən rastlaşdıq. Universitetin bufetində gördüm. Deyim ki, elə bir təəssürat oyatdı məndə, yox, sadəcə pəncərəyə söykənmişdi, günəşin şüaları düşmüşdü saçlarını qızılı göstərirdi. Sakit, utancaq bir oğlan idi. Elə bir siluet qalıb xəyalımda həmin gündən. Xidmətdə olanda nömrəmi tapıb, yazmışdı mənə. Yazışdıq, münasibət yarandı. Qayıtdı, görüşdük, bağlandıq bir-birimizə”.
Evləndikdən sonra çətinlik yaşayıblar. Tariyelin maddi imkansızlığı ona işə başlamağa imkan vermirmiş. Stomatoloq işləmək üçün kabinetin, avadanlların olmalıdır. Onlara da vəsait lazımdır. Ağcabədidə dövlət xəstəxanasında boş olan yerə Tariyel imtahan verib ki, özüm hələ kabinet aça bilməyəcəm. İki turdan ibarət imtahanda 50 mümkün baldan 48-ini toplayıb orda işə düzəlir. 2014-cü ilin fevralında işə başlayır.
“ Mən onun yanında olmaq, dəstək olmaq istədim. Çox yaxşı işə başlamışdı, tez bir zamanda bütün ətraf rayonlardan da onun yanına gəlirdilər. Tanındı, sevildi, hamı ona hörmət göstərir, böyük bilirdilər. Elə bil, cavan adam deyildi, ağsaqqal idi. Heç kimin qəlbinə dəyməzdi, haqqını tapdamazdı. 4 ildə zərrə qədər incikliyim olmadı ondan. Bütün mənəvi tələbatımı ödəyirdi. Nə istəsəm, dərhal yerinə yetirirdi. Onunla rayon yerində heç bir əziyyətim olmadı. Atasının evində qalırdıq. Bütün şəraiti yaratmışdı, əziyyət çəkməli işim yox idi. Atam da hər şeyin yaxşısını cehiz vermişdi mənə. İşdə də öz kabinetini qurdu, avadanlıq aldı, elə 11 dəst uniforması vardı. Cüssəli idi, işləyirdi, tərləyirdi, tez-tez dəyişməli olurdu. İdmanla məşğul olur, məxsusi rejimlə və cədvəllə qidalanırdı. Çörək yemirdi, şirniyyat yemirdi, soyuducu onun üçün xüsusi hazırladığım yeməklə, meyvə şirəsi ilə dolu olardı. Soyuducumuz elə dolu, paltarı ütülü qaldı…”
Bir anlıq o dolu soyuducu, ütülü həkim forması, xalatları gözlərimin önünə gəldi, bunu yaşamaq asan deyil, həm də ərini çox sevən, cəmi 4 ilin gəlini, atasız qalan körpə uşağın anası üçün…
“Çox mehriban, qayğıkeş adam idi, səhvim olsa da üzə vurmazdı, bağışlayardı. Müharibədən qabaqkı il boyu yuxudan hövlnak dururdu, deyirdi ki, gördüm müharibədir, amma biz qalib gəlirik. Bir ara da mən yuxudan durub ona deyirdim ki, tezliklə öləcəm. Deyirdi, uzaq olsun, mənə nə olursa-olsun, Ləman anasız qalmasın. Bir dəfə yuxuda gördüm ki, xallı paltar geyinmiş, uzun hörüklü, ucaboy bir qadın gəldi durdu qarşımda, dedi ki, 19 yaşım var, üç oğul anasıyam, mən də burda yaşayıram. Oyandım, heç nə anlamadım. Tariyel şəhid olandan sonra anasının şəkli çıxdı qarşıma, gördüm ki, yuxuda gördüyüm qadındı, əynində də həmin xallı paltar. 41yaşlarında rəhmətə gedib, şəkil də həmin yaşın şəkli idi, amma yuxumda 19 yaşında, yəni ərə gəldiyi yaşda göründü. Bütün bu mistik hallar nəyisə demək istəyirmiş bizə. Şəhid olduğu gün yuxuda gördüm ki, hər yerdən qan axır, yuxarıdan da ulduz kimi güllələr yağır. Həmin gün axşam xəbəri gəldi. Zəng çatmırdı, sonra da şəhid olduğunu eşitdik”.
Üç həkim - Turqut Xəlilbəyli, Tariyel, bir də Nurlan Fərəməzov bir yerdə Cəbrayıl istiqamətində şəhid olublar. Tariyel qan itkisindən ölüb, özünü sürüyüb salıb bir çuxura, o biriləri elə yerindəcə şəhid olublar. Çuxurda qan aparıb onu. Elə həmin gün qardaşları gedib tapıb götürmüşdülər, o birilərinin nəşini üç gün sonra tapıblar.
Üstündə olan sonuncu, əslində özünə saxlamalı olduğu ağrıkəsicini son anda yanındakı yaralı əsgərə vurub.
“Şəhid xəbərlərini oxumurdum, yan keçirdim. Gənc adamın itkisinə dözməzdim, heç ağlıma da gəlməzdi ki, öz başıma gələcək. İndinin özündə də pərişan haldayam. O vaxtdan düşdüyüm boşluqdayam, kiməm, nəyəm, heç bir hissim qalmayıb. Bütün hissiyyatım ölüb, tənhalıq çox ağırdır. Ləman bütün gün atasından danışır, qavraya bilmir yoxluğunu. Atam filan maykanı geyindi, atam çay içdi, atam mənə baxır - bütün gün onunla sayaqlayır. Nə alıb gətirdiyini xatırlayır. Uşaqlarla danışır, deyir atama deyəcəm. Ailənin sayını deyir, atasını da sayır. Onu kefsiz görməzdik, həmişə gələn kimi bizi qucaqlayıb, “qızlarım” deyirdi. Çox çətindir onsuz. Düşünürəm, kaş, bizdən ayrı olaydı, heç görməyəydik, amma biləydim ki, yaşayır. Sağ-salamatam, heç kimdən asılılığım yoxdur, işləyirəm, amma elə deyil, yarımçığam, qırığam. Özümü bir səssizliyə, gölə, təbiətə, dənizə, meşəyə verirəm, yalvarıram ki, Tariyel, burdasansa bir işarə ver, səni hiss edim. Yoxdur adam, qeyb olub. Nəşini də görmədim ki, əlimi üzəm. Çox əzab çəkirəm. Heç bir əşyası, işarəsi verilmədi bizə, bəlkə cibində məktubu vardı, bəlkə telefonunda bizə nə isə saxlamışdı... Yoxdur, vermədilər”.
Şəhid həkimlər arasında iki stomatoloq var- Mirlətif və Tariyel. Hərdən düşünürəm, axı bu insanlar yaxşı mütəxəssis olublar, hamısının həyatını öyrəndikcə ən yaxşı oxuyan, vicdanlı insan, işinin peşəkarı olduqlarını anlayırsan. Tariyel atəş altından 85 şəhid təxliyə edib, 165 yaralı xilas edib. Hamısının faktları var.
“Son mesajında yazmışdı ki, dua elə mənim üçün. Səni çox sevirəm, sənin yaxşı olmağını istəyirəm. Ölümdən qorxurdu, yoldaşları deyir ki, son gün dedi ki, mən şəhid olacam.
Onun 28, mənim 26 yaşım vardı biz evlənəndə. Mən hisslərə önəm verənəm, heç vaxt narazı qalmadım ondan. Bankda işləyirəm, subay vaxtı da işləyirdim, sonra analıq məzuniyyətinə çıxdım. Qızın 3 yaşı olanda işə başladım, cəmi üç gün apardı məni işə, sonra getdi cəbhəyə. Onun yoxluğundan sonra gəldim anamgilə, başladım işləməyə. Orda qala bilərdim, amma orda ana-bacı yox, burda anam baxır uşağa. Gediş-gəlişimiz var, münasibətlərimiz normaldır”.
Çox insanpərvər olub. Əlil pasientləri varmış, onları kabinetə gəlməyə qoymazmış, özü gedərmiş evlərinə. Uşaqları çox sevirmiş, xüsusi diqqət göstərirmiş. Onlar üçün ayrıca avadanlıqları olub, böyüklərə işlətdiyini onlara işlətmirmiş. Yoxluğunda onun qoyduğu briketdən başqa stomatoloqlar baş açmayıblar. Uşaqlar pərən-pərən düşüb, dişlərində briket qalıblar.
Tariyel Salmanov gününü yola verən həkim olmayıb. Pul toplayıb Türkiyəyə kurslara gedirmiş, uzmanlardan öyrənirmiş. O qədər əziyyət çəkib ki... Əziyyətlə böyüyüb, oxuyub, əli çörəyə çatanda vətənin yaşamağını üstün tutub...
“Onun məzarına getmək mənə asan deyil, onu məzar kimi qəbul edə bilmirəm. Ağcabədidə anasının yanında dəfn olundu, atası belə istədi”.
***
Tariyel Salmanov 2020-ci ilin yayında Tovuz döyüşlərinə könüllü qatılmaq istəyib. Deyib, generalın qisasını almayınca rahat olmayacam. Döyüşlər tez dayandığından onu cəbhəyə aparmırlar.
İki ay sonra - sentyabrın 29-da isə o, qismən səfərbərliklə II Qarabağ döyüşlərinə tibb xidməti leytenantı kimi qoşulur. Motoatıcı briqadanın tibb xidməti rəisi olub, amma şəhid, yaralı xilas edib.
Oktyabrın 7-dən 8-nə keçən gecə şiddətli döyüşlər zamanı yaralı əsgərlərimizə kömək edərkən düşmənin atdığı minamyot atəşindən şəhid olur. Tariyel Salmanov şəhadətindən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.
“Onunla bir yerdə şəhid olan Turqut Xəlilbəyli “Azərbaycan bayrağı”na layiq görülüb, nədənsə Tariyelə vermədilər” - deyə xanımı gileylənir. Anlaşılandır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Tariyel Salmanov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" medalları, "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
***
Tariyel Salmanov gününü yola verən həkim olmayıb. Pul toplayıb Türkiyəyə kurslara gedirmiş, uzmanlardan öyrənirmiş. O qədər əziyyət çəkib ki... Əziyyətlə böyüyüb, oxuyub, əli çörəyə çatanda vətənin yaşamağını üstün tutub...
Gözü bayaqdan anasının üzündə qalan Ləman yenə yaxınlaşır bizə, anasının hüznü onu incidir. Qucağıma alıb oxşamaq istəyirəm, qaçıb anasına sığınır. Hansı məktəbə gedəcəksən? - soruşuram. Deyir, evimizin yanındakı məktəbə: “Bağçaya getmişdim, “kaşa” verdilər ağzımı yandırdı, sonra getmədim ora, məktəbə gedəcəm. İndi kursa gedirəm”. Deyir, ingiliscə oxumaq istəyirəm. Mənimlə şəkil çəkdirməyə razılıq verdi, amma anası tərəfdə durmaq şərti ilə. Anası deyir, bu qədər şəhid övladı var, hamısının psixologiyasının müalicəyə ehtiyacı var, gələcəkdə onların həyatı daim nəzarətdə, diqqətdə saxlanmalıdır. Haqlıdır, o uşaqların yaşadıqları onları daima izləyəcək, normal həyat üçün köməyə ehtiyacları olacaq.
Daha bir ana isə bizə çay gətirmək üçün bayaqdan gözləyir. Süfrə başında söhbətimiz uzandı, amma Ayna sabah erkən qalxıb işə getməlidir, onu yaşamaq, yaşatmaq uğrunda mücadilə gözləyir axı…
Ramilə Qurbanlı