Logo
news content
User
Kateqoriyalar

Analitika

General Polad Həşimovun ölümü ətrafında müəmma...

İyulun 13-dən 14-ə keçən gecə, səhər saatlarında, Tovuz istiqamətində gedən döyüşlər zamanı Azərbaycan ordusunun yüksək rütbəli hərbçilərinin həlak olması cəmiyyətdə geniş müzakirə olunur. Korpus komandanı, general Polad Həşimov, artilleriya briqadasının komandanı, polkovnik İlqar Mirzəyev və digərlərinin hansı şəraitdə şəhid olduqları aydın deyil. Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bu barədə mətbuata açıqlamasında deyib:

"İki sutka ərzində düşmənə sarsıdıcı atəş zərbələri endirilib. Düşmənin 100-dək canlı qüvvəsi, çoxlu sayda döyüş texnikası, nəqliyyatı, mühüm obyektləri məhv edilib. Bu gün səhər saatlarında döyüş zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olub".

Qeyd edək ki, xaricdən internet üzərindən yayımlanan informasiya kanallarında yüksək rütbəli hərbçilərin koordinatlarının düşmənə ötürüldüyü iddiası irəli sürülüb. Keçmiş korpus komandiri, general-leytenant Yaşar Aydəmirov isə LAF TV-yə açıqlamasında bildirib ki, bu, çox ciddi hadisədir və Ali Baş Komandan bu məsələni elə-belə qoymayacaq. O deyib ki, erməni ordusu general Polad Həşimovun hərəkət trayektoriyasını izləyə bilməzdi: 

“Ermənilərdə belə dəqiq sistemlər yoxdur. Kənardan onlara yardım edilib. General daim qərargahda oturmur. O, daim hərəkətdə olur”. 

Y. Aydəmirov xatırladıb ki, P.Həşimovun harada zərbəyə tuş gəlməsi hələ rəsmi açıqlanmayıb: “Mən bilirəm harada olub. Amma Müdafiə Nazirliyi rəsmi açıqlama verməyib”.

Generalın sözlərinə görə, Tovuzda baş verən təxribat əvvəlcədən hazırlanıb və bu, Ermənistanın yox, başqa iri dövlətlərin işidir. O, Polad Həşimov unikal zabit kimi dəyərləndirib. 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz yüksək rütbəli hərbçilərin öldürülməsi ilə bağlı general Yaşar Aydəmirovun fikirlərinə münasibət bildirib. Onun sözlərinə görə, general Aydəmirovun dediyindən belə güman etmək olar ki, mərhum general Polad Həşimovun və onu müşayiət edənlərin hərəkət trayektoriyası peyk ailəsinin üzvü olan qonşu ölkələrin peyklərinin köməyi ilə izlənib:

“Düşünmək olar ki, bu məqsədlə generalın və ya onu müşayiət edənlərin istifadəsində olan xüsusi rabitə vasitələrinə müdaxilə olub. Yeri gəlmişkən, maraqlıdır: görəsən, bizim ordunun xüsusi rabitə vasitələri hansı ölkənin istehsalıdır və hərbi sahə üçün rabitə infrastrukturunu kim qurub?! Beləliklə, güman etmək olar ki, peyk və rabitə texnologiyalarından istifadə etməklə, onların koordinatlarını müəyyən ediblər və bu koordinatlar dərhal, real vaxt rejimində erməni ordusuna yönləndirilib”.

Osman Gündüz qeyd edib ki, peyklə koordinat müəyyən edib, həmin koordinata zərbə endirmək bir anın məsələsidir: 

“Zərbə isə dəqiq olduğundan, düşünmək olar ki, general Polad Həşimovun öldürülməsi ilə bağlı bütün hazırlıqlar və müşahidələr öncədən, real vaxtda ermənilərlə qarşılıqlı formada həyata keçirilib. Xatırlayıram ki, Çeçenistanın ilk prezidenti Cövhər Dudayevi də onun mobil telefonla danışdığı 10 dəqiqə müddətində koordinatlarını peyklə müəyyən edərək, Su-25-dən həmin koordinata atılan raket zərbəsi ilə öldürmüşdülər. General Aydəmirovun dediyindən belə qənaətə gəlmək olur ki , hazırda bu istiqamətdə ciddi araşdırmalar gedir”.

Turqut