Gəncəli erməni agentinin gizli əməliyyatı və 70 il sonrakı seçkilərdə Moskva izi
Rusiya niyə Fransanın 2027-ci il prezident seçkilərinə maraq göstərir?
12 Avqust 2026
Fransa hakimiyyəti 2027-ci il prezident seçkilərində mümkün namizədlər kimi nəzərdən keçirilən iki aparıcı siyasətçi haqqında yalan məlumatların yayılmasının arxasında Rusiyanın dayana biləcəyindən şübhələnir. Bu barədə AFP təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, Fransa xüsusi orqanları Kremlə qarşı sərt mövqeyi ilə tanınan və ölkə prezidentliyinə mümkün namizəd hesab olunan Avropa Parlamentinin solçu deputatı Rafael Qlüksmana qarşı dezinformasiya kampaniyası aşkarlayıb. İddialara görə, əməliyyat daha əvvəl Rusiya xüsusi xidmət orqanları ilə əlaqələndirilən Storm-1516 təbliğat şəbəkəsi ilə bağlı olub.
Qlüksman özü bildirib ki, Rusiya strukturları “2027-ci il seçki kampaniyasını qarışdırmaq üçün əməliyyatlara başlayıb”. Siyasətçinin sözlərinə görə, onun namizədliyinə dəstək verilməsi ilə bağlı guya mövcud olan plan barədə saxta məlumat hazırlanıb. Bunun yayılması üçün süni intellektlə yaradılmış saxta sənədlər, səslər və tamamilə saxtalaşdırılmış videodan istifadə olunub.
Gələcək namizədin sözlərinə görə, kampaniyanın məqsədi Rusiya hakimiyyətinin öz rəqibləri hesab etdiyi şəxsləri gözdən salmaq üçün “tamamilə yalan məlumatlar” yaymaq olub.
Daha əvvəl Storm-1516 şəbəkəsi Fransa hökumətinin keçmiş baş naziri, seçkilərdə ifrat sağçıların ən güclü potensial rəqiblərindən biri hesab olunan Eduar Filipin səhhəti ilə bağlı yalan məlumatların yayılmasında da şübhəli bilinib.
Bundan əlavə, Fransa hakimiyyətinin məlumatına görə, həmin şəbəkə prezident Emmanuel Makronun amerikalı cinayətkar Ceffri Epşteynlə guya əlaqəsinin olması barədə saxta iddiaların yayılması kampaniyası ilə də bağlı ola bilər.
Bundan əlavə, Fransanın keçmiş baş naziri və prezidentliyə namizəd Qabriel Attal 2027-ci il prezident seçkiləri ərəfəsində Rusiyanın ehtimal olunan dezinformasiya kampaniyası ilə bağlı şikayət ərizəsi verib. Bu barədə Politico yazır.
Attalın vəkilləri bildiriblər ki, cümə günü təqdim olunan şikayət xarici müdaxilə, informasiyanın manipulyasiyası, eləcə də Fransanın fundamental maraqlarına zərər vura, qarşıdakı seçkilərin dürüstlüyünə təsir göstərə biləcək saxta materialların yayılması ilə bağlıdır.
Müdafiəçilərin sözlərinə görə, X sosial şəbəkəsindəki bir neçə hesab saxta videomateriallar və paylaşımlar yayıb. Onların bəziləri özünü Fransa və beynəlxalq media qurumları kimi təqdim edib. Bu materiallarda Attalın adından onu namizəd kimi gözdən salmağa yönəlmiş saxta fikirlər yayılıb.
Ötən həftənin əvvəlində Attal Rusiyadan qaynaqlandığını bildirdiyi seçkiyə müdaxilə cəhdinin hədəfinə çevrildiyini açıqlayıb. Onun sözlərinə görə, 2027-ci ilin aprelində keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca bu cür destabilizasiya kampaniyaları güclənəcək.
Onlayn dezinformasiyaya qarşı mübarizə aparan Fransanın Viginum agentliyi Attala qarşı kampaniya aşkar etdiyini təsdiqləyib. Qurumun məlumatına görə, kampaniya Rusiyayönlü dezinformasiyanın yayılması üsullarına xas olan əlamətlərə malikdir.
Fransada prezident seçkiləri 2027-ci ildə keçiriləcək. Sağçı qüvvələrin əsas namizədlərindən biri, dələduzluq işi üzrə təqsirli bilinməsinə baxmayaraq, seçkilərdə dördüncü dəfə iştirak etmək niyyətində olan Marin Le Pen hesab olunur.
Maraqlıdır, Rusiya saxta məlumatların və dezinformasiyanın yaradılması ilə bağlı bu addımları nə məqsədlə ata bilər? Moskva Le Penin Fransada hakimiyyətə gəlməsində nə dərəcədə maraqlıdır? Bəlkə bunun səbəbi onun dəfələrlə Avropa İttifaqının ləğv edilməsinə çağırışlar etməsidir?
Fransalı tarixçi və tədqiqatçı Maksim Qoen bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

Onun sözlərinə görə, Marin Le Penin partiyasının Rusiya ilə əlaqələri heç də yeni məsələ deyil. “Onun atası Jan-Mari Le Pen 1990-cı illərdə ifrat millətçi lider Vladimir Jirinovski ilə şəxsi və siyasi dostluq münasibətlərini dəstəkləyib və 1996-cı ildə Moskvaya səfər edib. Vəziyyət 2014-cü ildə daha ciddi xarakter alıb. O zaman Rusiya maliyyə çətinlikləri ilə üzləşən və Avropa İttifaqı banklarının kredit verməkdən qəti şəkildə imtina etdiyi Marin Le Penin partiyasına kredit verərək onu xilas edib. Daha sonra 2017-ci il prezident seçkiləri zamanı rusiyalı hakerlər Emmanuel Makronun seçki qərargahının elektron poçtunu sındırıblar. Lakin qərargah əməkdaşları bu təhlükədən xəbərdar idilər və hakerləri çaşdırmaq üçün hazırlanmış saxta məktublardan başqa ciddi bir şey aşkarlanmayıb.
Aİ-nin parçalanması Rusiyanın ifrat sağçı qüvvələrə (təkcə Fransada deyil) dəstəyinin əsas tarixi səbəbidir və bu da yeni deyil: hələ 1957-ci ildə “KQB” və Çexoslovakiya kəşfiyyatı (StB) Qərbi Avropanın birləşməsinə xələl gətirmək məqsədilə Strasburqda “saxta bayraq” əməliyyatı çərçivəsində partlayış təşkil ediblər. Bu əməliyyatın ilhamvericisi Gəncədə anadan olmuş erməni əsilli KQB zabiti İvan Aqayants olub. Lakin indi səbəblər daha çoxdur. Fransa 2014-2021-ci illərdə Ukraynaya hərbi texnika tədarük edən ən böyük ölkə olub. Hazırda Fransa Ukraynaya, digər vasitələrlə yanaşı, bunları tədarük edir:
- “Scalp” qanadlı raketləri;
- AASM idarəolunan aviasiya bombaları (Amerika istehsalı JDAM-lardan maneəyə daha davamlı və daha uzaqmənzilli);
- Ukraynanın “Flamingo” raketləri üçün tuşlama sistemləri;
- SAMP/T hava hücumundan müdafiə sistemləri (SAMP/T-nin yeni nəsli bu il Ukraynaya çatacaq);
- “Mirage 2000-5” qırıcıları;
- pilotsuz uçuş aparatları üçün süni intellekt və radar sistemləri;
- “CAESAR” haubitsaları;
- dron əleyhinə sistemlərlə təchiz edilmiş “Bastion” zirehli transportyorları;
- VAB MK3 piyadaların döyüş maşınları üçün şassilər, kəşfiyyat məlumatları və s.
Emmanuel Makron ötən ay açıqlayıb ki, ukraynalıların “Scalp”, AASM və “Aster 30” raketlərinin istehsalı üçün lisenziyalar alacaq”, – təhqiqatçı açıqlayıb.
O, hesab edir ki, Makronun yerini onun keçmiş baş nazirlərindən biri tutacağı halda, tədarüklər və lisenziyaların eyni istiqamətdə davam edəcəyi tamamilə aydındır.
“Marin Le Pen 2023-cü ildə “Scalp” raketlərinin tədarükünü “məsuliyyətsiz” adlandırırdı. Lakin Vladimir Putinin son dərəcə aşağı populyarlığı (86 faiz mənfi rəy), o cümlədən onun seçiciləri arasında da populyarlığının son dərəcə aşağı olması (2025-ci ildə 82 faiz), eləcə də Ukraynanın populyarlığı səbəbindən sonradan bu cür fikirlər səsləndirməyi dayandırıb. Ötən il sorğuda iştirak edənlərin 70 faizi, o cümlədən Marin Le Penin seçicilərinin 54 faizi Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyib. Respondentlərin 65 faizi Vladimir Zelenski haqqında müsbət fikirdə olub, Marin Le Pen tərəfdarları arasında isə bu göstərici 52 faiz təşkil edib. Buna baxmayaraq, onun “Milli Birlik” partiyasının Avropa Parlamentindəki deputatları ötən ilin fevralında Ukraynaya 90 milyard avro məbləğində kredit verilməsinin əleyhinə səs veriblər. Bu yardım Ukrayna iqtisadiyyatının qorunub saxlanılması və Avropa və Amerika hərbi texnikasının alınmasının təmin edilməsi üçün həyati əhəmiyyət daşıyırdı. Onların Aİ daxilində maliyyə ehtiyacları ilə bağlı irəli sürdüyü səbəb səmimi deyil: kredit dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına ödənilir”, – Qoen fikirlərini yekunlaşdırıb.
Rauf Orucov