Logo
news content
User
Kateqoriyalar

Analitika

Gələn seçkilərdə görüşənədək

Müəllif: Orxan Əli (Lion, Fransa)

Axır ki.... Bir çox məntəqələrdə seçki nəticələrinə yenidən baxılması üçün video görüntülərlə təsdiqlənən faktlar əsasında verilmiş şikayətlər apellyasiya məhkəməsi tərəfindən təmin edilmədi. “Müdriklər kollegiyası” çəkilişlərin aidiyyəti qurumlardan və “süjet qəhrəmanlarından” icazəsiz aparıldığını vurğulayır, təqdim edilmiş video sübutları dəlil  kimi qiymətləndirmir və beləliklə, onları qanunsuz hesab edir. 

Müdriklərimiz haqlıdır. Bəlkə, görüntülənən adam əqli və mənəvi qüsurlarına dəlalət edən kadrların çəkilib yayılmasını istəmir? Bəlkə, kimsə belə mühüm tədbirdə iştirak etməyə evdəkilərdən xəbərsiz gəlib və burada törətdiyi cinayət əməllərinin şəxsi sirr kimi qorunmasını istəyir? Yaxud hansısa qadın naməhrəm yerindən topa bülleten çıxardıb qutuya atır, sizsə utanmazcasına, qadının özündən icazəsiz həmin anı gizlindən lentə alırsınız! Belə də şey olar?! 

Həzərat! İnsan hüquqları mötəbər və alidir, onların icazəsiz, xəlvətcə pozulması qeyri-qanunidir! Yalnız icazəli, kütləvi və göz görə-görə pozuntular qanunidir! 

Axır ki.. Güman edirəm ki, apellyasiya məhkəmələrinin yeni qərarları presedent kimi toylarımıza da şamil olunacaq. Qarşında bol süfrə, 2-3 gün öncədən tutduğun pəhriz... və toy günü ağzın sulana-sulana yeməklərə əl uzadırsan ki, birdən bəlli olur, bu “arsız” kamera xəlvəti, özünün icazən olmadan səni çəkirmiş. Kimə şikayət edəsən!!! Belə mühüm qərardan sonra şikayətçi düşəcəyim ünvan bəlli oldu.

Amma bir dəqiqə. “Presedent məsələsi” barədə mülahizəm subyektiv alındı. Çünki “müdriklərimiz” bu qərarla çox şeyi alt üst edə bilərlər. Olmaya, DTX-mızın seçki öncəsi keçirdiyi əməliyyatlar da qanun pozuntusu imiş? Keçmiş icra başçılarının ofislərində onların xəbəri olmadan kamera yerləşdirmək, bu məmurların çirkin əməllərini gizli lentə almaqdamı qanun pozuntusu kimi qiymətləndirilməlidir? Axı, çirkin və qanunsuz əməllə məşğul olandan “icazə verirsinizmi, bu məqamda bir görüntünüzü alım?” soruşmazlar. Belə işlərlə məşğul olmaq hər bir səviyyədə xəyanətdir, millətin uca amal və gözləntilərinə sarsılmaz zərbədir. Axı, həmin video görüntülərin yayınlanmasını hamılıqla alqışladıq. MSK sədrinin özü seçkilərdən sonra sosial şəbəkələrə uzun bir tərif oxudu. İndi isə “müdriklərimiz” deyirlər ki, alqışladığımız işdə ciddi hali-pozuntu varmış. 

Həəə... anladım, deyəsən. “Müdriklərimiz” öz qərarları ilə biz bəndələrin asan dərk edə bilmədiyi nəsnələrə işarə vururlar. Bəlkə, növbəti seçkilərdə belə çəkilişləri birbaşa, eksklüziv olaraq xüsusi xidmət orqanları aparacaqlar, ona görə indidən hər bir özfəaliyyəti kökündən baltalayırlar? MSK-dan fərqli olaraq, DTX bu işin öhdəsindən gəlmək üçün lazımi avadanlıqlara, hətta məntəqələrdə işıq sönəndə belə gecə rejimində çəkiliş üçün cihazlara malikdir. Onun apardığı çəkilişlərdən sonra kim etiraz edib deyə bilər ki, videodakı o deyil, əməlləri qanunidir, yaxud çəkiliş özü qanunsuzdur? 

Deməli ki, mahiyyət biz gördüyümüz qədər sadə deyil. Müdrik hakimlərimiz sosial şəbəkələrdə video görüntülərə əsaslanan çoxsaylı şikayətlərə belə absurd qərarla xitam verməklə bizi gələcəyə aparır, növbəti seçkilərdə yeniliklərə hazırlayır. 

Nə isə, həzərat, gələn seçkilərə kimi...