Logo
news content
User
Kateqoriyalar

Analitika

Faşizmə yuvarlanan Rusiya – “İşgəncə azadlığı” qanuniləşdirilir
Polisə “günahların bağışlanması” icazəsi verirlər

Rusiya hökuməti prezident Vladimir Putinə işgəncələrin, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzalandırmanın qarşısının alınması üzrə Avropa Konvensiyasını denonsasiya etməyi təklif edib. RBC xəbər verir ki, müvafiq qərarı Baş nazir Mixail Mişustin imzalayıb.

“Rusiya Federasiyası adından 28 fevral 1996-cı ildə Strasburqda imzalanmış işgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzalandırmanın qarşısının alınması üzrə 26 noyabr 1987-ci ildə qəbul edilən Avropa Konvensiyasının və ona 4 noyabr 1993-cü il tarixli protokolların denonsasiya olunması barədə təklif bəyənilsin və Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına təqdim olunmaq üçün Rusiya Federasiyası Prezidentinə təqdim edilsin”, – sənəddə bildirilir.

Bu nə deməkdir? Onlar onsuz da qeyri-rəsmi olaraq həyata keçirdikləri qanunsuz addımlara, vəhşiliklərə “günahların bağışlanması” icazəsi verirlər? Başqa sözlə, insan taleyi qarşısında hər cür məsuliyyətdən imtina edirlər? Yəni, “istədiyimi edirəm – siz isə mənim üçün bunun izahını və bəhanəsini tapın?!”

Tanınmış siyasi analitik, “Deutsche Welle”-nin köşə yazarı Konstantin Eqqert (Vilnüs) Pressklub.az-a açıqlamasında bildirib ki, bu ilk növbədə Rusiya cəmiyyətində hələ də hər şeyi anlamayan insanlara göndərilən siqnaldır – sakit oturun, əks halda daha pis olacaq. 

İkincisi, bu, nəzəri cəhətdən etiraz edə biləcək insanları qorxutmaq məqsədi daşıyır. Üçüncüsü isə bu, məsələn, işğal olunmuş ərazilərdə yaşayan və bu işğaldan narazı olan ukraynalılara əlavə təzyiq vasitəsidir. Nəhayət, Kremlin baxış bucağına görə, bu, Rusiyada xüsusi xidmət orqanları və siyasi polisə hər yerdə hər şeyə icazə verildiyinin əlavə nümayişidir”, – ekspert izah edib.

Eyni zamanda o, əks tərəfdən baxanda, bu cür addımın daha çox zəifliyin nümayişi olduğunu əlavə edib. “Əgər siz kimisə qorxutmaq məcburiyyətindəsinizsə, deməli, kiminsə sizdən qorxmadığı ehtimalı var. Məncə, bu, ümumilikdə Putin rejiminin tamamilə qanunauyğun təkamülüdür. Bu rejim bundan sonra da vətəndaş azadlıqlarının olan-qalan izlərini məhv edəcək. Məncə, bu, Rusiya rejiminin məntiqi inkişaf yoludur – indi onun məntiqi tamamilə totalitar xarakter daşıyır. Totalitar sistem qurmaq üçün mütləq QULAQ və ya güllələmələr lazım deyil. Əsas məsələ bütün cəmiyyət üzərində total polis nəzarəti qurmaq, total ideologiya və bütün cəmiyyətdən mütləq sadiqlik tələbidir. Bu mənada, təəssüf ki, Rusiyanı daha dərin uçuruma yuvarlanma gözləyir”, – Eqqert proqnozlaşdırıb.

Rauf Orucov