Logo
news content
User
Kateqoriyalar

Analitika

“Evləndiyim qızdan ayrıldım, bir neçə dəfə də evləndim, teatrdan ayrıla bilmədim” – Xalq artisti
“Aktyorlar iclasda bir-birinin qanını içir”

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının baş rejissoru, Xalq artisti, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri. 2008-ci ildə Azərbaycanın “Şöhrət”, 2018-ci ildə “Şərəf” ordeni ilə, 2023-cü ildə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmiş sənətkar. Səhnədə 50-dən çox rol oynayıb, 54 tamaşa qurub... 

Böyük bir yoldur, burda söhbətə haradan başlamaq lazımdır ki, o yolu qısa və əhatəli keçə bilək... Görüş üçün vədələşdiyimiz Rus Dram Teatrına onunla söhbətə haradan başlayacağımı düşünə-düşünə gəlib çıxdım. O da oturan kimi nədən danışacağımızı soruşdu. “Sizdən - dedim, - yaradıcılığınızdan, həyatınızdan. Çox maraqlıdır, necə oldu ki, Xarici Dillər İnstitutunun məzunu heç bir sənət təhsili almadan gəlib çıxdı teatra, aktyor və rejissor oldu, baş rollar oynadı, tamaşa qoydu?” 

Həmsöhbətim Aleksandr Yakovleviç  Şarovskidir. Sualımı təbəssüm qəbul edib, söhbətə başlayır:

- Bunun kökündə sevgi dayanır, məni Gənc Tamaşaçılar Teatrına o gətirdi. 10-cu sinifdən sevdiyim qız musiqi məktəbinin piano sinfini bitirib, Gənc Tamaşaçılar Teatrının orkestrində pianoçu kimi işləməyə başladı. Mən də qərara gəldim ki, onu təəccübləndirim. Məktəbdə dram dərnəyində məşğul olmuşam, aktyorluq bacarığım var. Getdim teatra, o vaxt teatrın baş rejissoru Zəfər Nemətov, direktoru Bala Qasımov idi. Dedim, aktyor olmaq istəyirəm. Əslində, məqsəd yalnız qızı heyrətləndirmək olub. Və mən ilk dəfə teatrın səhnəsinə çıxanda qız yalnız çox təəccüblənmədi, az qala dəli oldu, mən arzuma çatdım. Tezliklə biz evləndik, övladımız oldu, 12 il bir yerdə yaşadıq... Sonra ayrılmalı olduq. Onunla ayrıldım, amma teatrdan ayrıla bilmədim. Xarici Dillər Universitetində gecə şöbəsində təhsil almaqla atamı tovladım, dedim narahat olma, aktyor olmayacam, müəllim olacam. Universiteti bitirəndən də sonra teatrdan ayrılmadım. Həmişə də deyirdim ki, müvəqqəti işləyirəm, tezliklə bu işdən ayrılacam. 

- Amma ayrıla bilmədiniz.

- Bacarmadım. Atam bir dəfə də olsun məni səhnədə görmədi, qəbul etmədi, gəlib baxmadı. Mən milliyyətcə yəhudiyəm, bizim ailədə aktyor olmaq ailəyə naxələf çıxmaq kimi qəbul edilirdi. Gedəcəm deyə-deyə ömürlük bağlandım teatra. Ostrovskinin, Puşkinin əsərlərində oynadım və nəhayət, ilk böyük rolum olan “Üç muşketyor”da Dartanyanı. Bir dəfə şəhərdə gəzərkən Yuli Qusmanla rastlaşdıq. Dedi ki, Dartanyan əsil sənin rolundur, oynamaq istəyərsən? Dedim, əlbəttə. Dedi, o zaman teatrın rəhbərliyi ilə danış. Mən də teatrın baş rejissoru ilə danışdım. Dedi, buyur, başla işə.

- Yuli Qusman Gənc Tamaşaçılar Teatrında işləyirdi?

- O tamaşa ilə Yuli Qusmanı Gənc Tamaşaçılar Teatrına gətirdim, tamaşanı hazırladı, mən onun həm assistenti oldum, həm də baş rolun ifaçısı. Çox maraqlı tamaşa alındı, bütün şəhərə səs saldı, tamaşaya bilet tapmaq olmurdu. Tamaşaçı məni o rolla tanıdı. Bu tamaşadan sonra rejissorluğa yoluxdum və məsələ o yerə çatdı ki, Gənc Tamaşaçılar Teatrı artıq mənə dar gəlməyə başladı. O vaxt teatrı dəyişmək olmazdı, icazə yox idi. Mən rəhbərliyin dəyişikliyi məqamından istifadə edib, keçdim Rus Dram Teatrına, daha dəqiqi, “Fərhad və Şirin” tamaşasında Fərhad rolunu oynamağa dəvət olundum və qaldım burda. Ardıcıl baş rollar oynayırdım, ancaq rejissorluq fikrimdən çıxmırdı.  “Müqəddəs günahkar” tamaşası səhnəyə hazırlanırdı, mənə İblis obrazı həvalə olunmuşdu. Məşq vaxtı rejissorluq edirdim, aktyorlar məni eşidirdilər və fikirlərimi tamaşanın rejissorunun dediklərindən daha real qəbul edirdilər. Bir gün teatrın direktoru Qəzənfər Topçuyev məni kabinetinə çağırdı dedi ki, tamaşanı sənə həvalə etmək istəyirəm. Dedim, axı, həmkar inciyər məndən. Dedi, o zaman ikiniz olun tamaşanın rejissoru. O gündən də məni teatra rejissor ştatına qəbul etdilər. Bəzi tamaşalarda aktyor kimi oynayırdım, bəzi tamaşalara da quruluşçu rejissor olurdum. Uzun müddət bu minvalla davam etdim. Ədalət Vəliyev bura direktor təyin olundu. Ona dedim ki, mənə artıq bu cür maraqlı deyil, ya baş rejissor oluram, ya da teatrdan gedirəm. Amma o teatrdan gedəndən sonra o vaxtkı mədəniyyət naziri Polad Bülbüloğlu məni baş rejissor təyin etdi. Düşünürəm ki, şəxsi həyatım yaxşı alınmasa da, sənət karyeram istədiyim kimi olub. Mən doğma şəhərim Bakını, teatrı çox sevirəm. Zamanında Moskvaya “Sovremennik” teatrına dəvət ediblər, getməmişəm, burda qalmağa üstünlük vermişəm. Başqa şəhərdə yaşaya bilmərəm. Yaradıcılıqla bağlı bütün arzularım burda həyata keçib. 

- Dediniz şəxsi həyatda o qədər də alınmadı? Sayəsində aktyor olduğunuz xanımdan niyə ayrıldınız?

- Ayrıldıq də... sonra mən bir neçə dəfə evləndim. 

- Sizin tanındığınız vaxtlar “Azərbaycanfilm”in qaynar vaxtları idi, niyə cəmi 4 filmə çəkilmisiniz?

- Mən kinoya çəkilməyi sevmirəm. Ona görə də kino taleyim yoxdur. Çəkiliş meydanı, bir gün bir kadr, sabah digər kadrı çəkirlər, sonra daha uzun montaj prosesi, gözləyirsən. Mən teatrı sevirəm, aktyorlar, məşq prosesi mənə daha maraqlıdır. Teatr mənim həyatımdır.

- Kinoya baxmağı da sevmirsiniz?

- Niyə, yaxşı filmə baxmağı xoşlayıram. Kino aktyorlarına, rejissorlarına heç vaxt qibtə etməmişəm. Çəkiliş meydançasına can atmamışam. Hərçənd, Murad İbrahimbəyovun diplom işi olan filmdə çəkilirdim. Orda sevdiyim aktyor Stolevski ilə çəkilirdik, mənə dedi ki, sən kino çəkmək haqda düşün. Dedim yox, istəmirəm. 

- Dediniz kinoaktyorlara, rejissorlara qibtə etmirsiniz, bəs, qibtə etdiyiniz teatr rejissoru var?

- Hə, olub. Moskvada teatr festivalında böyük alman rejissoru Piterştaynın “Vanya dayı” tamaşasına baxdım, heyran qaldım. O, dünyanın hər yerində tamaşa qoyub, çox böyük rejissordur. Kimsə deyib, yaxşı rəssam nüsxə çıxardır, böyük rəssam oğurlayır. Hansısa detal məni tutursa, rejissorun nə demək istədiyini tuturamsa, o zaman onu özümünküləşdirə bilirəm. Bir az fərqli deyirəm, amma onunla eyni fikri deyirik. Beləcə hamı bir-birindən öyrənir.  Aktyorluğu, rejissorluğu oxumaqla öyrənmək olmur. Mədəniyyət və İncəsənət Universitetini bitirmiş gənclər gəlib burada - teatrda öyrənirlər. Teatrı ancaq teatrda öyrənmək olar. Məşqlərdə, intriqalarda öyrənirsən. Bir müddət dostum Məlik Dadaşov bizim teatrda işlədi. Mən onu zorla gətirmişdim bura. Bir dəfə gəlib gördüm, kefsiz oturub. Dedim, nə olub, Məlik, niyə belə kədərlisən? “Maraqsızdır - dedi, - heç bir intriqa yoxdur”. 

Hər ikimiz gülürük.

- Hə, rəhmətlik mürəkkəb xarakterli aktyor idi.

- Çox mürəkkəb.

- 30 ildən artıqdır bu teatrda işləyirsiniz. 30 ildir baş rejissorsunuz, heç bezdiyiniz, yorulduğunuz, çıxıb getmək istədiyiniz olubmu? 

- Yox. Mən tamaşa qoyanda dincəlirəm. İnsan sevimli işlə məşğul olanda yorulmur. O artıq başqa söhbətdir ki, bəzən insanlar adamın boynundan öz fikirlərini asmağa, müəlliflər yarıtmaz pyeslərini teatra sırımağa çalışırlar. Teatrın ətrafında xoşagəlməz söz-söhbət olanda dözmürəm, bu hallar məni əsəbiləşdirir. İclası, yığıncağı sevmirəm. Aktyor məşqdə olar. İclasda onlar bir-birinin qanını içir.  

- Bayaq dediniz, teatra zəif pyesini soxuşdurmaq istəyən müəlliflər olur, mən bu teatrda zəif pyesin oynanıldıını görməmişəm.

- Siz çox şey görməmisiniz.

- Bütün teatrlarda Məlik Dadaşovun həsrətini çəkdiyi həmin intriqalar var. Sizin teatrın divarlarından kənara bir intriqa, dava sızmayıb, bunu necə bacarırsınız?

- Çalışırıq, komandada olan söz-söhbət kənara çıxmasın. Təbii ki, var, olur. Mən onları sadəcə olaraq, yerində boğmağa çalışıram. İntriqa ədalətsizlik olan yerdə başlayır. Çalışıram olmasın. Mən obrazları aktyorların “blatına” görə vermirəm. Aktrisaları mənə xidmət göstərməyə məcbur etmirəm, bu, mənim  xislətimdə yoxdur. Ona görə də o söz-söhbətə bəhanə yoxdur. Düzdür, aktyorlar bəhanə taparlar, imkan vermirik. Teatrda yalnız rol üstündə intriqa olmalıdır, niyə filan rolu mənə yox, ona verdilər – bu, normal haldır. Aktyor səhnəyə can atar. Digər janrda intriqalar teatrı öldürür. 

- O qədər də müasir dramaturgiyaya müraciət etmirsiniz, deyəsən, klassikaya üstünlük verirsiniz?

- Niyə, son vaxtlar müasir dramaturqlarla işləyirik. “Üç gözəl” adlı tamaşamıza gəlin baxın, əgər baxmamısınızsa. Məsələn, Rüstəm, Maqsud İbrahimbəyovların pyeslərini çox qoymuşam. Anarın da əsərləri repertuarımızda var. Rusiya dramaturqları da çoxdur. Əlimdə Avstriya dramaturqunun əsəri var, onu hazırlayıram. Amma düşünürəm ki, zaman-zaman klassikaya müraciət etmək mütləqdir. Klassikada teatrın, kollektivin və aktyorların vəziyyəti ortaya çıxır. Bu, çox vacib məsələdir. Ona görə də sonuncu işim Çexovun “Albalı bağı”dır. 

- Siz teatrda arzularınızı həyata keçirmisiniz və ən ali mükafatlara layiq görülmüsünüz. Arzular, ümidlər isə heç bitmir. Teatrla bağlı 75 yaşdan sonra hansı arzularınız var?

- Mənə elə gəlir ki, illər keçdikcə daha çox teatrla məşğul olmaq istəyirəm. Mənə elə gəlir, teatrı hələ indi dərk etməyə başlamışam.

Ramilə QURBANLI