Logo
news content
User
Kateqoriyalar

Analitika

Ermənistanda radikallaşma təhlükəsi? – Akademik hakimiyyətə xəbərdarlıq edir
Müxalif düşərgə hesab edir ki, Paşinyanın kursu etimad böhranı yaradıb

“Ermənistanda ictimai narahatlıq artır, hakim komandanın nümayəndələrinin yeni müharibə təhlükəsi ilə bağlı bəyanatları isə gərginliyi daha da gücləndirir və dövlət institutlarına etimad səviyyəsini aşağı salır. Eyni zamanda, daxili islahatlarla bağlı aydın proqramın və xarici siyasət, eləcə də geosiyasi kursun dəyişdirilməsinin məqsədlərinə dair izahların olmaması ictimai əhvali-ruhiyyənin daha da radikallaşması riski yaradır”. Bunu Ermənistan Milli Elmlər Akademiyasının akademiki Gevorq Poqosyan “Cənubi Qafqazın nəqliyyat-logistika əlaqələrinin inkişaf perspektivləri” adlı beynəlxalq ekspert konfransında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, Ermənistan cəmiyyətindəki narahatlığın səbəblərini şərti olaraq xarici və daxili amillərə bölmək olar.

Poqosyan xarici amillər sırasında ilk növbədə Azərbaycan tərəfindən hərbi əməliyyatların yenidən başlanması təhlükəsini qeyd edib. Bununla yanaşı, akademik diqqətə çatdırıb ki, onun qiymətləndirməsinə görə, mümkün müharibə mövzusu Azərbaycan tərəfinin bəyanatlarından daha çox Ermənistan hakimiyyətinin açıqlamalarında səslənir.

O, buna nümunə kimi “Tiqranaşenin” (Kərki) təhvil verilməsindən imtinanın və ya yeni Konstitusiyanın qəbul edilməməsinin “müharibəyə səbəb ola biləcəyi” barədə bəyanatları göstərib.

Poqosyan digər xarici amil kimi İran ətrafında vəziyyətin daha da gərginləşməsi ehtimalını qeyd edib. Onun sözlərinə görə, Ermənistan İranla birbaşa həmsərhəd olduğuna görə Tehrana qarşı istənilən hərbi əməliyyat Ermənistan cəmiyyətində qaçılmaz olaraq narahatlıq yaradır.

Bununla yanaşı, akademik hesab edir ki, gərginliyin heç də az ciddi olmayan səbəbləri Ermənistan daxilində gedən proseslərlə bağlıdır.

Poqosyan bildirib ki, ölkədə milli kimlik, diasporla münasibətlər və Erməni Apostol Kilsəsi ilə bağlı məsələlərə də toxunan ictimai şüurun və geosiyasi istiqamətin genişmiqyaslı dəyişməsi baş verir. Onun fikrincə, problem islahatların həyata keçirilməsinin özündə deyil, cəmiyyətin onların məzmununu, ardıcıllığını və son məqsədini aydın şəkildə anlamamasındadır.

“Bu nədən ibarətdir? Nə qədər davam edəcək? Hara gedirlər? Yol xəritəsi varmı, keçilməli mərhələlər müəyyən edilibmi?” – akademik qeyd edib.

Poqosyanın sözlərinə görə, hakimiyyət həyata keçirilən siyasi, iqtisadi və mədəni dəyişikliklərin mahiyyətini cəmiyyətə kifayət qədər izah etmir. Akademik hesab edir ki, nəticədə vətəndaşlarda qərarların vahid proqram olmadan, situativ şəkildə, bəlkə də xarici amillərin təsiri altında qəbul edildiyi təəssüratı yarana bilər.

O həmçinin qeyd edib ki, beynəlxalq təcrübə cəmiyyət hazırlanmadan və kifayət qədər ictimai dəstək olmadan həyata keçirilən islahatların ciddi problemlərlə üzləşdiyini göstərir.

Poqosyan hesab edir ki, məhz buna görə də, əhali ilə tamhüquqlu dialoqun olmaması hakimiyyətə etimad səviyyəsinə birbaşa təsir göstərir.

Akademik iddia edir ki, hazırda mövcud hakimiyyətə etimad tarixi minimum səviyyəsindədir – təxminən 11–12 faiz.

Bununla yanaşı, Poqosyan başqa mümkün problem barədə də xəbərdarlıq edib: əgər Konstitusiya və qanunvericilikdə nəzərdə tutulan hakimiyyət dəyişikliyi mexanizmləri – seçkilər, parlament prosedurları, impiçment və digər alətlər – cəmiyyət tərəfindən işlək vasitələr kimi qəbul edilməzsə, vətəndaşların bir qismi siyasi təsirin alternativ üsullarını axtarmağa başlaya bilər.

“Radikal üsullar heç birimizin xoşuna gəlməyəcək”, – Poqosyan bildirib.

Akademikin hakimiyyətin və hakim komandanın həyata keçirilən islahatların məzmununu, ardıcıllığını və son məqsədini öz əhalisinə izah etməyə qətiyyən qayğı göstərmədiyi barədə fikri nə dərəcədə doğrudur? Yəni vətəndaşlar hakimiyyətin addımlarında sadəcə aydın məntiq görmür və buna görə də özlərini istiqamətsiz hiss edirlər? Bu, həqiqətən belədir və Paşinyanın özü problemi görürmü?

Pressklub.az-ın suallarını cavablandıran tanınmış erməni analitik və publisist İşxan Verdyanın fikrincə, akademikin vəziyyətlə bağlı təqdim etdiyi mənzərə ciddi elmi təhlildən daha çox, radikal mövqedə dayanan müxalif qüvvənin siyasi bəyanatını xatırladır.

“Çox güman ki, cənab akademik vəziyyəti görmək istədiyi kimi təqdim edir.

Məsələ ondadır ki, Nikol Paşinyan atdığı hər addımı cəmiyyətə çatdırır. O, öz hərəkətlərini əvvəlcədən xalqa izah edir. Bunun alınıb-alınmaması başqa məsələdir, amma belə görünür ki, alınır. Bunu onun son seçkilərdə qazandığı qələbə də göstərir.

Ermənistandakı ictimai vəziyyəti məhz bu cür təqdim etməyə çalışırlar, çünki Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağın və Ermənistanı onun üçün adiləşmiş qarşıdurma məntiqinə qaytarmağın açarını məhz bunda görürlər.

Əslində, cənab akademik yanılır. Onun yazdıqlarının böyük hissəsi obyektiv reallıq deyil, sadəcə öz yozumudur.

Obyektiv reallıq isə ondan ibarətdir ki, Nikol Paşinyan öz ideyalarını irəli aparır və indiyədək bunu uğurla edib. Məhz bu andan etibarən onun hansısa uğursuzluqlarla üzləşməyə başlayacağını düşünmək üçün heç bir əsas yoxdur”, – Verdyan əmindir.

Rauf Orucov