Logo
news content
User
Kateqoriyalar

Analitika

Ermənistanda Konstitusiya ehtirasları: Bu il sülh razılaşması olmayacaq?
Hakim partiya əlavə müzakirələrə ehtiyac olduğunu bildirir

Ermənistanda yeni Konstitusiya layihəsi yekunlaşdırılaraq ictimai və peşəkar müzakirəyə təqdim ediləcək. TASS-ın məlumatına görə, bu barədə Ermənistan hökumətinin 2026–2031-ci illər üçün proqram layihəsində qeyd olunur.

Yeni Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də Ermənistan xalqının dövlətin gələcəyi, daxili və xarici münasibətlərin əsas prinsipləri ilə bağlı vahid siyasi razılaşmasına çevrilməlidir <...>. Yeni Konstitusiya hüquqi dövlətin formalaşmasına, demokratiyanın və ictimai etimadın dərinləşdirilməsinə, həmçinin dövlətin uzunmüddətli və dayanıqlı inkişafına töhfə verməlidir <...>. Ermənistanın yeni Konstitusiya layihəsi yekunlaşdırılaraq ictimai və peşəkar müzakirəyə təqdim ediləcək və onun referendumda səsə qoyulması üçün addımlar atılacaq”, – hökumətin saytında dərc olunan sənəddə bildirilir.

Bir neçə gün əvvəl parlamentin iclasında hakim “Mülki müqavilə” partiyasının deputatı Arusyak Culyakyan müxalif “Ermənistan” blokunun fraksiya rəhbəri Anna Qriqoryanın suallarını cavablandırarkən bildirib ki, yeni Konstitusiya layihəsinin preambulasında Müstəqillik Bəyannaməsinə istinad yoxdur.

Layihədə olması nəzərdə tutulan preambulada Müstəqillik Bəyannaməsinə istinad varmı? Xeyr və orada belə bir istinadın olması da nəzərdə tutulmayıb. Siz bu məsələ ilə bağlı nə qədər danışsanız və spekulyasiya etsəniz də, Əliyevin bununla heç bir əlaqəsi yoxdur”, – hakim partiyanın deputatı bildirib.

Onun sözlərinə görə, əsas məsələ hər kəsin dövlətçiliyin möhkəmləndirilməsi və xalqın, eləcə də dövlətin öz ərazisində uzunmüddətli mövcudluğunun təmin edilməsi imperativini rəhbər tutmasıdır.

Yeni Konstitusiya layihəsinin mətninin nə vaxt dərc olunacağına gəlincə, Arusyak Culyakyan əlavə müzakirələrə, o cümlədən komanda daxilində müzakirələrə hələ də ehtiyac olduğunu qeyd edib. Bununla belə, sənədin bu ilin sonunadək dərc olunması nəzərdə tutulur.

Bu məlumatlardan çıxış edərək belə qənaətə gəlmək olar ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin 2026-cı ildə imzalanmasını gözləməyə dəyməz. Bəs ölkələrimiz arasında rəsmi sülh nə vaxt olacaq? Bu sənədin imzalanıb-imzalanmamasının ümumiyyətlə dövlətlərimiz və xalqlarımız üçün hər hansı əhəmiyyəti varmı? Yoxsa Bakı və İrəvandakı rəhbərlər hazırda mövcud olan “yarımsülh” münasibətləri səviyyəsini kifayət qədər məqbul hesab edirlər?

Pressklub.az-ın bu suallarına müstəqil siyasi ekspert Nəsimi Məmmədli cavab verib.

O, öncə qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi rəsmi olaraq imzalanmasa da, tərəflər onun mətnini tam razılaşdırıb və paraflayıblar. “Paraflanmış mətndə tərəflər üzərlərinə götürdükləri öhdəliklərə sadiq qalırlar. Sənədin Vaşinqtonda imzalanmasından ötən bir il ərzində tərəflər arasında heç bir insident, mübahisə və ya gərginlik baş verməyib. Əksinə, dialoq və əməkdaşlığa yönələn meyllər daha da intensivləşib.

Bakının əsas rəsmi şərti Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinadın dəyişdirilməsidir. Bakı gələcəkdə mümkün ərazi iddiaları üçün hər hansı hüquqi əsası aradan qaldırmaq məqsədilə bu dəyişikliyi məcburi şərt hesab edir. Azərbaycan hərbi qələbədən sonra prosesi məntiqi hüquqi yekununa çatdırmağa çalışır. Tam hüquqi sülhün əldə olunmaması gələcək siyasi dəyişikliklər zamanı Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlməsi riskini saxlayır. Bundan əlavə, bu, regionda öz maraqları olan üçüncü ölkələrin, xüsusilə də burada təsirini qoruyub saxlamaq istəyən Rusiyanın təzyiq və manipulyasiyaları üçün yenidən şərait yarada bilər. Ermənistanda konstitusiya dəyişiklikləri qəbul ediləcəyi təqdirdə sülh sazişi ən qısa müddətdə imzalana bilər”, – ekspert hesab edir.

Onun sözlərinə görə, sülh müqaviləsi sadəcə kağız üzərindəki imza deyil, hər iki xalqın və dövlətin gələcək geostrateji seçiminə ciddi təsir göstərəcək. “Sərhədlərin açılması, iqtisadi inteqrasiya, regionun blokadadan çıxarılması və beynəlxalq tranzit yollarının, o cümlədən TRIPP-in (Zəngəzur dəhlizi) tam gücü ilə işə salınmasının hüquqi əsası yaradılacaq.

Mövcud vəziyyət hər iki tərəfə müəyyən manevr imkanları verir. Hazırda atəşkəs rejiminə əməl olunur, sərhəddə toqquşmalar yoxdur. Lakin bu vəziyyət uzunmüddətli strategiya kimi kifayət qədər etibarlı deyil. Rəsmi sülh sazişi imzalanmadan Cənubi Qafqazda dayanıqlı sülh, əməkdaşlıq, iqtisadi inkişaf və təhlükəsizlik arxitekturasının yaradılması mümkün deyil”, – Məmmədli hesab edir.

Rauf Orucov