Logo
news content
User
Kateqoriyalar

Analitika

“...Ermənistan bu bataqlıqdan çıxa bilməyəcək”
Erməni politoloq Türkiyə və Azərbaycanı Paşinyanın ən ciddi dəstəkçisi sayır

Ermənistan hakimiyyətinin arxasında istənilən vaxt və istənilən formada onlara dəstək göstərə biləcək ciddi qüvvələr var – Türkiyə və Azərbaycan”. Bunu NEWS.am-a açıqlamasında erməni politoloq Stepan Danielyan bildirib.

O, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının 2021-ci ildə hakimiyyət dəyişikliyi və baş nazirin istefası ilə bağlı yaydığı bəyanatı xatırladıb. Danielyanın sözlərinə görə, həmin bəyanatdan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarına bunun Ermənistanda sarsıntılara səbəb ola biləcəyini deyib.

Danielyan hesab edir ki, məhz bu amil hazırkı Ermənistan hökumətinin hakimiyyətdə qalmasına kömək edib və bundan sonra onların Türkiyə və Azərbaycandan asılılığı daha da artıb. O, hazırkı hakimiyyətin təhlükəsizlik qarantları kimi Türkiyə və Azərbaycanın adını çəkib. “Hakimiyyətin ölkə daxilində nüfuzu azaldıqca, Türkiyə və Azərbaycandan asılılığı daha da güclənir”, – deyə ekspert bildirib.

Maraqlıdır, görəsən, politoloqun təsvir etdiyi vəziyyət reallığa nə dərəcədə uyğundur? Doğrudanmı Paşinyan və komandasının hakimiyyətdə qalması bilavasitə Bakı və Ankaranın iradəsindən asılıdır? Axı Ermənistan hakimiyyətinin ölkə daxilində dəstəyi məsələsi də var. Necə ola bilər ki, elə həmin 2021-ci ildə Paşinyan İkinci Qarabağ müharibəsinin nəticələrindən narazı qalanlara cavab olaraq növbədənkənar parlament seçkiləri keçirdi və onun “Vətəndaş Müqaviləsi” partiyası yenidən qalib gəldi, seçicilərin dəstəyini alaraq parlamentdə çoxluğu əldə etdi?

Ümumiyyətlə, Bakı və Ankara hansı vasitə ilə “hakimiyyətin təhlükəsizlik zəmanətçiləri” rolunda çıxış edə bilər? Əgər erməni xalqının böyük hissəsi Paşinyana qarşı çıxıb onu istefaya məcbur etmək istəsə, Türkiyə və Azərbaycan nə edə bilər? Ordularını İrəvana yeridəcəklər? Bu, absurd səslənmir? Bəs niyə Danielyan və onun kimi bir çox erməni siyasətçiləri və politoloqları bu cür qəribə tezislər yaymağa davam edirlər? Onlar nəyə ümid edirlər?

Pressklub.az-ın suallarını region üzrə tanınmış ekspertlər cavablandırıblar.

Kiyevdə Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktor müavini Sergey Danilov bildirib ki, politoloq Stepan Danielyan əslində baş nazir Paşinyana qarşı çıxan Rusiyapərəst müxalifətin nümayəndəsidir.

Onun məqsədi vəziyyəti obyektiv təsvir etmək və ya hadisələrin inkişaf ssenarisini hazırlamaq deyil, Ermənistanda fəaliyyətdə olan hakimiyyətin neqativ obrazını yaratmaqdır. Danielyan bu məqsədlə Paşinyanı Bakı və Ankaranın əlində olan oyuncaq kimi təqdim edərək, onun müstəqil siyasət yürütmək qabiliyyətinə malik olmadığını sübut etməyə çalışır”, – deyə Danilov bildirib.

Beynəlxalq məsələlər üzrə ekspert, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə isə öz növbəsində qeyd edib ki, bu sadəcə, sıravi müşahidəçinin şəxsi, fərdi fikridir və onun real qərarların qəbuluna heç bir təsiri yoxdur.

Deyə bilərik ki, belə politoloqların əksəriyyəti keçmiş hakimiyyətə və hazırkı erməni müxalifətinə simpatiya bəsləyən adamlardır. Onlardan fərqli fikir gözləmək bir qədər sadəlövhlük olardı. Çünki onlar mövcud sosial-siyasi sifarişə uyğun danışır, müxalifət yönümlü media orqanlarında çıxış edir və əslində bilavasitə və ya dolayı yolla öz siyasi patronlarının maraqlarını səsləndirirlər.

Əsas məqsəd — revanşdır. Sabiq elitanın hakimiyyətə qayıdışı, Azərbaycanın və Türkiyənin qarşısında durmaq cəhdi və Ermənistan cəmiyyətində qorxu, gərginlik və səfərbərlik ab-havasını qoruyub saxlamaq. Bu vəzifəni yerinə yetirmək üçün bütün yollar məqbuldur. Təbii ki, növbəti parlament seçkilərində elektorat bazasını gücləndirib yenidən hakimiyyətə gəlmək üçün. Bütün bu gedişlərin arxasında dayanan məqsəd də budur.

Digər tərəfdən, əgər keçmiş iqtidar hakimiyyətə qayıtsa, Ermənistan bu bataqlıqdan, düşdüyü bu çuxurdan heç vaxt çıxa bilməyəcək. Çünki ölkənin bu duruma düşməsində yalnız indiki hökumətin deyil, daha çox əvvəlki rəhbərlərin rolu var. Erməni müxalifəti ümid edir ki, Rusiya yenidən bu gərgin vəziyyətə müdaxilə edəcək, hansısa formada Ermənistanla bir yerdə Azərbaycan-Türkiyə tandeminə qarşı çıxacaq. Amma hazırkı geosiyasi vəziyyətdə bu, mümkün olmayan məsələdir. Ola bilər ki, Rusiyanın özünün belə marağı yoxdur. Çünki regionun siyasi xəritəsi dəyişib. Hətta əvvəlki siyasətin bərpası da mümkün deyil. Yaxşı bir məsəl var: “Bir çaya iki dəfə girmək olmaz”. Bu baxımdan, bu cür bəyanatların heç bir praktik nəticəsi olmayacaq və regionda baş verən proseslərə təsir göstərməyəcək”, – analitik əmindir.

O, deyir ki, Paşinyanın müxalifətlə münasibətləri onun öz problemidir. “Azərbaycan isə istənilən ssenariyə hazırdır. Əgər Paşinyan hakimiyyətdə qalsa və son illər formalaşan konstruktiv siyasi elementlər ana xəttə çevriləcəksə, Ermənistan özünü saldığı izoliyasiyadan çıxmaq və öz siyasi-iqtisadi məsələlərini həll etmək imkanı əldə edə bilər. Əks halda, revanşist qüvvələr hakimiyyətə qayıdarsa, regionda gərginlik daha da artacaq və Ermənistan üçün bu, heç bir xeyir gətirməyəcək. Ancaq bir daha vurğulayıram – bu Ermənistan xalqının seçimidir, Paşinyanın problemidir, bizim həll edəcəyimiz məsələ deyil. Biz sadəcə, müşahidəçiyik”, – İlqar Vəlizadə bildirib.

Rauf Orucov