“Ermənilərə xüsusi hüquqlar verilir, cinayət təqibi dayandırılır, Ermənistanla əlaqələr...”
Ortaya Azərbaycanın Konstitusiyasına zidd olan müəmmalı sənəd çıxıb
18 Avqust 2023
Qarabağdakı erməni separatçıların rəhbərlərinin nümayəndələri Xankəndi ilə rəsmi Bakı arasında “sülh müqaviləsi” layihəsinin surətini yerli ictimai fəallara təqdim ediblər. Bu layihə ermənilərin Azərbaycanda yaşamasının hüquqi aspektlərini əks etdirir.
Onlar iddia edirlər ki, sənədi Rusiya Xarici İşlər Nazirliyi hazırlayıb. Layihənin adında xüsusi qeyd olunur ki, o, Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindəki ermənilər üçün nəzərdə tutulub.
“Arsaxpress”in məlumatına görə, “Keçmiş Azərbaycan SSR-in tərkibindəki DQMV-nin erməni əhalisinin təhlükəsizliyinin və hüquqlarının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təmin edilməsinin əsas prinsipləri və parametrləri” adlı sənədi “Arsax Prezidenti yanında Antiböhran Şurasının rəhbəri” Tiqran Petrosyan dərc edib. Petrosyanın sözlərinə görə, bu sənədi Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 25-də Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə görüşdə təklif edib.
Layihəyə əsasən, Azərbaycanın mərkəzi hakimiyyəti qanunvericilik səviyyəsində ermənilərin bütün mədəni və humanitar hüquqlarını, eləcə də ölkə qanunları çərçivəsində Qarabağın erməni əhalisinin özünüidarəetmə hüququnun təmin edilməsinə təminat verir. Bu, məktəbəqədər, ibtidai, orta və ali təhsil müəssisələrində erməni dilinin istifadəsinə və inkişafına, eləcə də ana dilində tədrisə də aiddir. Ermənilərin azad dini etiqad hüququ da təmin edilir.
Bu layihəyə əsasən, Bakı qanunvericilik səviyyəsində Qarabağ ermənilərinin Ermənistanla biznes və humanitar təmas hüquqlarının təmin edilməsinə razılıq verir.
Rusiya Federasiyasının təklif etdiyi sənəd görə, yalnız hərbi cinayətlər törətmiş və məhkəmə tərəfindən cinayətkar kimi tanınmış Qarabağ erməniləri Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən cinayət təqibinə məruz qala bilərlər. Azərbaycana qarşı müharibələrdə iştirak edənlər və separatçıların cinayətlərdə ittiham edilməyən məmurları cəzadan azad edilir.
Layihədə separatçıların Bakı ilə ancaq beynəlxalq vasitəçilərin iştirakı ilə danışıqlar aparmaq və Qarabağda ikinci erməni dövlətinin yaradılması ilə bağlı tələb etdiyi şərtlər yoxdur.
Xankəndidə iddia edirlər ki, layihə Bakı tərəfindən dəstəklənib, lakin separatçılar tərəfindən rədd edilib.
“Turan” xəbər verir ki, Ermənistan sosial şəbəkələrində bununla bağlı 2020-ci il xatırladılır – o zaman 9 noyabrında imzalanmış sənəd ermənilərin 90%-i və onların bütün siyasi partiyaları tərəfindən rədd edilib. Müharibədəki məğlubiyyətdən sonra isə eyni sayda erməni Paşinyanı müharibənin ilkin mərhələsində Azərbaycanın sülh şərtləri ilə razılaşmamaqda ittiham edib.
“Qorxuram ki, tarix təkrarlanır. Amma Allah etsin ki, mən səhv edim”, – Ovanes Xacatur adlı istifadəçi yazır.
Başqa bir istifadəçi Vaan Poqosyan öz fikirlərini bölüşür: “Həqiqətən də başqa çıxış yolu yoxdur, ona görə də, yəqin imza atmalı olacağıq”.
Burada ən maraqlı məqam bunun Rusiyaya niyə lazım olması ilə bağlıdır. Moskva faktiki olaraq Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası üçün şərtləri nəzərdə tutan bu layihəni niyə hazırlayıb? Rusiya doğrudanmı bu məsələnin həllində maraqlıdır? Axı bu zaman o, “sülhməramlı kontingentini” mütləq şəkildə Qarabağdan çıxarmalı olacaq. Bəlkə bu, ümumi prosesi gecikdirmək üçün yeni bir oyundur? Çünki sənəddə Azərbaycan üçün həm məqbul, həm də qəbuledilməz məqamlar var.
Separatçılar iddia edirlər ki, Bakı Moskvanın bu layihəsini qəbul edib. Amma iddia çox şübhəlidir.
Beynəlxalq məsələlər üzrə ekspert, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə Azərbaycan tərəfinin bu sənədin şərtləri ilə razılaşa biləcəyini güman etmir. Çünki sənəd erməni əhalisinin hüquqlarını ölkə daxilində müəyyən xüsusi etnik qrup kimi müəyyən edir.
“Üstəlik, bu layihə, görünür, hansısa beynəlxalq statusa malik bir sənəd kimi qəbul edilməli və təsdiq edilməlidir”, - deyə Vəlizadə Press Kluba açıqlamasında bildirib.
“Bütün bunlar bu və ya digər dərəcədə Azərbaycanın bu ərazi üzərində suverenliyini pozur, digər tərəfdən isə erməniləri dövlətin digər sakinlərinə nisbətən hansısa imtiyazlı vəziyyətə gətirir. Sənədə əsasən, onlar üçün hansısa müstəsna şərait yaradılır, bəzi hüquqlar ayrıca olaraq təmin edilir. Amma Konstitusiyamızda milliyyətindən və dinindən asılı olmayaraq ölkənin bütün sakinlərinə bərabər hüquqlar təmin edilir. Və bu hüquqlar universaldır”, - ekspert deyir.
O hesab edir ki, Azərbaycan ərazisində ermənilərə hər hansı xüsusi sənədlər, hüquqlar verən heç bir sənəd qəbul edilməməlidir - bu, məqsədəuyğun deyil və Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına uyğun gəlmir. “Heç kim kiçik saylı erməni əhalisi üçün ölkənin əsas qanunu dəyişdirməyəcək. Bildiyiniz kimi, Konstitusiyaya dəyişikliklər ümumxalq səsverməsi əsasında aparılır. Tutaq ki, biz referendum keçirdik və bir çox təklif olunan müddəaları ümumi səsverməyə çaxırdıq – Azərbaycan əhalisinin neçə faizi onunla razılaşar? Əminəm ki, çox az hissəsi. Ona görə də, hesab edirəm ki, bu cür təkliflər hüquqi və praktiki şəkildə həyata keçirilməsi baxımından əsaslandırıla bilməz.
Bu layihənin mətninə əsasən, Azərbaycan ərazisində yaşayan ermənilərə hansısa xüsusi status zəmanəti verilir. Biz isə bilirik ki, status məsələsi keçmişdə qalıb. Hətta bu cür təklif edilən formada bu mövzu qəbuledilməzdir və ümumiyyətlə müzakirə oluna bilməz”, - politoloqlar klubunun rəhbəri əmindir.
Rauf Orucov