Logo
news content
User
Kateqoriyalar

Analitika

“Erməni soyqırımı” – Knesset Netanyahunun qərarını niyə təsdiq etməyə tələsmir?
İsrailli ekspert ölkəsində bu qərarın təsdiqlənməməsinin səbəblərini açıqlayır...

 İsrail parlamentində Birinci Dünya müharibəsi dövründə Osmanlı imperiyasında ermənilərlə bağlı baş vermiş hadisələri “soyqırımı” kimi tanınması ilə bağlı səsverməni təxirə salıb. Bu barədə Jewish News Syndicate (JNS) agentliyi vəziyyətlə tanış olan israilli rəsmiyə istinadən məlumat yayıb.

Bu addım İranla atəşkəs razılaşmasının pozulmasından sonra regionda yenidən artan gərginlik və son dərəcə həssas diplomatik məqamda atılıb. Eyni zamanda, bu qərar ötən həftə Türkiyədə keçirilən NATO sammitindən sonra qəbul edilib. Həmin sammitdə Ankara ABŞ-dan F-35 qırıcılarının alınması məsələsini gündəmə gətirmişdi”, – nəşr yazır.

JNS xatırladır ki, İsrail Nazirlər Kabineti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrail əleyhinə bəyanatlarından sonra bu ölkə ilə münasibətlərin sürətlə pisləşməsi fonunda ötən ay ermənilərə qarşı zorakılıqların soyqırımı kimi tanınmasını nəzərdə tutan təklifi yekdilliklə dəstəkləyib. Bu qərarın yekun təsdiqi üçün Knessetdə səsvermə keçirilməsi planlaşdırılıb.

Lakin indi həmin səsvermə qeyri-müəyyən müddətə təxirə salınıb. Üstəlik, Knesset bu həftənin sonunda yay tətilinə çıxacaq və oktyabrın 27-də keçiriləcək ümummilli seçkilərə qədər iclas keçirməyəcək.

JNS qeyd edir ki, ötən ay bu təklifi Nazirlər Kabinetinin müzakirəsinə çıxaran İsrailin xarici işlər naziri Gideon Saarın mətbuat katibi bununla bağlı şərh istəyənlərin zəngləri və mesajlarına cavab verməyib.

İsrail indiyədək Birinci Dünya müharibəsi dövründə baş vermiş hadisələri rəsmi şəkildə “soyqırımı” kimi tanımaqdan çəkinirdi. Lakin Türkiyə ilə münasibətlərin kəskin şəkildə pisləşməsi fonunda hökumət bu istiqamətdə addım atıb.

İsrailin baş naziri Benyamin Netanyahu da ermənilərlə bağlı həmin hadisələri “soyqırımı” adlandırıb. Bununla belə, bu məsələ ilə bağlı indiyədək parlamentdə rəsmi səsvermə keçirilməyib.

Türkiyə İsrail Nazirlər Kabinetinin qərarını siyasi motivli oyun adlandırıb. Öz növbəsində Azərbaycan da İsrailin Osmanlı imperiyasında baş vermiş hadisələri “erməni soyqırımı” kimi tanımaq niyyətini pisləyərək, İsrail hökumətini bu qərardan imtina etməyə çağırıb. Bakı həm Ankara, həm də Təl-Əvivlə strateji tərəfdaşlıq münasibətlərini qoruyur və dəfələrlə iki müttəfiqi arasında vasitəçi rolunda çıxış edib.

Parlamentdə səsvermənin dondurulması qərarı regiondakı qeyri-sabitlik fonunda Türkiyə ilə İsrail arasında gərginliyin azaldılmasına yönəlmiş beynəlxalq səylərin tərkib hissəsi kimi qiymətləndirilə bilər”, – JNS yazır.

Bəs Knessetin bu qərarı əslində nə deməkdir? Parlament yaxınlaşan və böyük maraqla gözlənilən seçkiləri nəzərə alaraq belə həssas məsələyə toxunmamağa qərar verib? Yoxsa, doğrudan da, JNS-in yazdığı kimi, regiondakı qeyri-sabitlik fonunda Türkiyə ilə İsrail arasında gərginliyin azaldılmasına yönəlmiş müəyyən beynəlxalq təşəbbüslərin əlamətləri müşahidə olunur?

Pressklub.az-ın suallarını Qafqaz üzrə mütəxəssis, Şərq Tərəfdaşlığı İnstitutunun (Yerusəlim) rəhbəri Avraam Şmuleviç cavablandırıb.

Əvvəla onu qeyd edim ki, əslində səsvermə ləğv edilməyib. Knesset oktyabrın 27-dək tətilə çıxıb, lakin buraxılmayıb və zərurət yaranarsa qanunların qəbulu üçün toplaşa bilər. İsrail parlamentinin praktikasına görə, təcili məsələlər meydana çıxdıqda Knessetin sədri növbədənkənar iclas çağırmaq səlahiyyətinə malikdir. Mövcud gərgin beynəlxalq vəziyyəti nəzərə alsaq, belə bir iclasın yaxın vaxtlarda keçirilməsi tam mümkündür.

Əlbəttə, deputatları təkcə “erməni soyqırımı”nın tanınması haqqında qanun layihəsinə görə tətildən geri çağırmayacaqlar. Ancaq İsrail parlamentində belə bir təcrübə var ki, həqiqətən vacib və təxirəsalınmaz bir məsələnin səsverməsinə paralel olaraq daha az əhəmiyyətli bir neçə qanun layihəsi də gündəliyə əlavə edilir. Bu baxımdan, nəzəri cəhətdən həmin məsələnin də səsverməyə çıxarılması mümkündür. Amma bunun həqiqətən baş verəcəyini indidən söyləmək çətindir.

Aydındır ki, prosesə, o cümlədən Türkiyə tərəfindən müəyyən təsir göstərilir. İsrail mətbuatında iki ölkə arasında təmasların davam etdiyi barədə məlumatlar dərc olunub. Məsələn, Türkiyənin xarici işlər naziri Hakan Fidanın səfəri barədə xəbərlər yayılmışdı. Bundan başqa, İsrail üçün Azərbaycanın mövqeyi də böyük əhəmiyyət daşıyır.

İsrailin siyasi elitası erməni təşkilatlarının tutduğu mövqedən ciddi şəkildə təəccüblənib və məyus olub. Demək olar ki, onların hamısı İsrailə qarşı ittihamlarla çıxış edib. Məsələn, Amerika Erməni Milli Komitəsi (ANCA) yaydığı bəyanatda iki dəfə “İsrail soyqırımı törədir” iddiasını səsləndirib. Bu ittihamlardan biri Qarabağ erməniləri ilə bağlı olub. Bu isə İsraildə ciddi narazılıq doğurub.

Bu erməni fəallarının fikrincə, guya Qarabağı məhz İsrail “işğal edib” və indi ölkədən “erməni soyqırımı”nın inkarına qarşı mübarizəyə başlaması tələb olunur. Müxtəlif tərəflərdən səslənən bu cür qəribə tələblər İsrail siyasətçilərini ciddi şəkildə çaşdırıb və bu da mövcud vəziyyətin yaranmasının səbəblərindən biri ola bilər. Amma bir daha vurğulayıram ki, texniki baxımdan baş verənlər səsvermədən imtina və ya qanun layihəsinin rədd edilməsi demək deyil. Söhbət sadəcə parlamentin tətil dövründən gedir.

Nazirlər Kabineti artıq 2026-cı ilin iyun ayının sonunda xarici işlər naziri Gideon Saarın təşəbbüsü ilə bağlı yekdilliklə qərar qəbul edib. Bu, kifayət qədər ciddi siyasi və diplomatik addımdır. Çünki İsrail hökuməti 1915–1916-cı illərdə baş vermiş hadisələri rəsmi şəkildə “soyqırımı” kimi qiymətləndirib.

Knessetin vəzifəsi isə bu qərarı dövlətin rəsmi mövqeyinə, yəni parlament qətnaməsinə çevirmək idi. Nazirlər Kabinetinin qərarı icra hakimiyyətinə aiddir və gələcək hökumət tərəfindən asanlıqla dəyişdirilə bilər. Parlament qətnaməsi isə hüquqi və siyasi baxımdan daha ciddi statusa malikdir.

Hazırda Knesset iyulun ortalarından etibarən yay tətilinə çıxır. Bundan sonra isə 2026-cı il oktyabrın 27-də parlament seçkiləri keçiriləcək. Seçkilərə qədər tam formatlı səsvermə baş tutmayacaq. Seçkilərdən sonra isə hər şey yeni hakim koalisiyanın tərkibindən asılı olacaq.

Bu, ilk növbədə, prosedur xarakterli fasilədir. Lakin onun arxasında ciddi diplomatik məzmun dayanır. Netanyahu hökuməti Ərdoğanın sərt bəyanatları fonunda artıq Türkiyəyə ünvanlanmış simvolik və siyasi mesajını verib. Bununla belə, hökumət hələlik prosesi parlament qətnaməsi ilə “geri dönüşü olmayan nöqtə”yə çatdırmaq istəmədi.

Azərbaycan amili isə İsrailin diplomatik hesablamalarında ən mühüm faktorlardan biridir. Azərbaycan İsrailin əsas strateji tərəfdaşlarından sayılır. İsrail istehlak etdiyi neftin əhəmiyyətli hissəsini Azərbaycandan alır. Bundan əlavə, iki ölkə arasında silah tədarükü (o cümlədən 2020 və 2023-cü illərdə mühüm rol oynamış pilotsuz uçuş aparatları) sahəsində əməkdaşlıq, kəşfiyyat əlaqələri və İrana qarşı koordinasiya mövcuddur. Bakı Nazirlər Kabinetinin qərarına dərhal sərt reaksiya verdi və onun ləğv edilməsinə çağırdı. İsrail üçün sırf simvolik xarakter daşıyan bir məsələyə görə Azərbaycanla münasibətləri korlamaq qətiyyən sərf etmir.

Digər tərəfdən, Ankarada keçirilmiş son NATO sammitini, Ərdoğanın ABŞ prezidenti Donald Trampa F-35 qırıcılarının alınması ilə bağlı göstərdiyi təzyiqi və İsrailin bu sövdələşməyə qarşı fəal mövqeyini də nəzərə almaq lazımdır. Belə bir vaxtda “erməni soyqırımı” məsələsi ətrafında əlavə gərginlik yaratmaq məqsədəuyğun görünmür.

Bununla yanaşı, regionda vəziyyət də gərgindir. İranla atəşkəsin pozulması, Fars körfəzi bölgəsində baş verən hücumlar və digər hadisələr fonunda dövlətlər adətən, hətta simvolik olsa belə, yeni qarşıdurma cəbhələri açmamağa çalışırlar.

Nəhayət, oktyabrın 27-də keçiriləcək parlament seçkiləri də mühüm rol oynayır. Hökumət nadir hallarda rast gəlinən tam səlahiyyət müddətini başa vurur və seçkilər ərəfəsində nə müxalifətin, nə də koalisiya tərəfdaşlarının istifadə edə biləcəyi əlavə xarici siyasət gərginliyi yaratmaq istəmir.

JNS yazır ki, səsvermənin təxirə salınmasını “regional qeyri-sabitlik fonunda iki ölkə arasında gərginliyin azaldılmasına yönəlmiş beynəlxalq səylərin tərkib hissəsi kimi qiymətləndirmək olar”. Bu, boş söz deyil – bunun əsası var”, – analitik qeyd edib.

O xatırladıb ki, ABŞ (Donald Tramp administrasiyası) NATO çərçivəsində Türkiyə ilə fəal işləyir və F-35 qırıcılarının satışı məsələsini müzakirə edir.

İsrail bu sövdələşməyə etiraz etsə də, Vaşinqtonun daha geniş geosiyasi maraqlara malik olduğunu anlayır.

Azərbaycan isə ənənəvi olaraq İsraillə Türkiyə arasında vasitəçi və balanslaşdırıcı rol oynayır. Hər iki tərəf – İsrail və Türkiyə – sərt ictimai ritorikaya baxmayaraq, əlaqə kanallarını açıq saxlayır. Münasibətlərin tamamilə pozulması heç bir tərəfin maraqlarına uyğun deyil. Məhz parlament səsverməsinin təxirə salınması diplomatiyada klassik siqnaldır: “Biz müəyyən addım atdıq, amma hələlik daha irəli getmirik”.

Beləliklə, Nazirlər Kabinetinin qərarı qüvvədə qalır və bu artıq siyasi tarixdir. Lakin parlament səviyyəsində rəsmiləşdirilməsi ən azı seçkilərdən sonrakı dövrə qədər təxirə salınıb. Bu, İsrailin tipik realpolitik yanaşmasıdır. “Erməni soyqırımı”nın tanınması Türkiyə ilə münasibətlərin ən gərgin dövründə Ankaraya təzyiq aləti kimi istifadə olundu. İndi isə Azərbaycan, İran və ABŞ-ın F-35 məsələsində tutduğu mövqe kimi yeni prioritetlər ortaya çıxdığından, İsrail bu prosesi hələlik ləngitmək qərarına gəlib.

Ümumiyyətlə isə tarixi hadisənin qanunvericilik səviyyəsində tanınması ideyasının özü kifayət qədər qəribə görünür. Knesset də, istənilən digər parlament kimi, ölkənin həyatını tənzimləyən qanunlar qəbul etməlidir, tarixi faktların mövcudluğunu təsdiqləmək və ya inkar etməklə məşğul olmamalıdır. Eyni məntiqlə təbiət qanunlarının mövcudluğu və ya Volqa çayının Xəzər dənizinə töküldüyü barədə də qanun qəbul etmək olar. Əgər belə bir qanun konkret siyasi addımlar və öhdəliklər nəzərdə tutmursa, onun mahiyyəti aydın deyil.

Məsələn, mən Gürcüstan və Ukrayna parlamentlərinin Rusiya imperiyasında çərkəz soyqırımını tanıması prosesinə dəstək vermişəm. Həmin qərarın konkret siyasi məqsədləri var idi: çərkəz mərkəzlərinin yaradılması, çərkəzlərin hüquqlarının məhdudlaşdırılmasına, onların tarixi vətənə qayıdışının qadağan edilməsinə və milli abidələrinin məhv edilməsinə cavab olaraq bu mövzudan Rusiyaya təzyiq vasitəsi kimi istifadə edilməsi.

“Erməni soyqırımı” məsələsində isə vəziyyət fərqlidir. İsrailin ermənilər qarşısında hər hansı öhdəliyi yoxdur və Knessetin bu tanınmadan sonra hansı addımlar atacağı da aydın deyil. Ermənilər özləri də Türkiyəyə qarşı ciddi tələblər irəli sürmürlər. Buna görə də hökumətin və ya parlamentin belə bir qərarı müəyyən mənada qeyri-müəyyən təsir bağışlayır.

Gözlənilən nəticələrə gəlincə, burada hansı konkret məqsədlərə nail olunmasının hədəfləndiyi də tam aydın görünmür.

Bu qərarın niyə qəbul edildiyi sualı açıq qalır. İlk növbədə, burada Türkiyə ilə münasibətlərlə bağlı motiv axtarmaq olar. İstisna etmirəm ki, xarici işlər naziri Gideon Saar bunu səmimi şəkildə “mənəvi borc” hesab edir.

Tarixən İsraildə “erməni soyqırımı”nın tanınması məsələsi daha çox sol siyasi düşərgənin gündəmində olub. Maraqlıdır ki, İsrail başqa dövlətlərdən yəhudi xalqının məruz qaldığı çoxsaylı soyqırımların tanınmasını tələb etmir. Məsələn, Birinci Dünya müharibəsi dövründə Rusiya imperiyasının qərb quberniyalarında həyata keçirilən etnik təmizləmələr və ya Vətəndaş müharibəsi zamanı 300 minədək yəhudinin həlak olduğu kütləvi talanlar bunun nümunəsidir.

Məhz “erməni soyqırımı”nın xüsusi olaraq ön plana çıxarılması Qərbin sol siyasi elitasının ideoloji yanaşması ilə bağlıdır. Bunun səbəbi ondan ibarətdir ki, erməni diasporunun əsas siyasi təşkilatları – “Daşnaksütyun” və “Hnçak” – sosialist yönümlüdür. “Daşnaksütyun” bu gün də Sosialist İnternasionalının üzvüdür. Nəticədə bu məsələ Fransa və ABŞ Demokrat Partiyası da daxil olmaqla beynəlxalq sol hərəkatın gündəliyinə daxil edilib.

İsraildə “Merets” Partiyası bu məsələni demək olar hər il parlamentin müzakirəsinə çıxarırdı. Bunun nəticəsində jurnalistlərdən, akademiklərdən və digər sol yönümlü ziyalılardan ibarət çevrə formalaşıb. Onlar “erməni soyqırımı”nın tanınmasını səmimi şəkildə mənəvi borc hesab edir, tez-tez Holokostla bağlı ritorikadan istifadə edir, hətta Hitlerin guya “erməni soyqırımını artıq heç kim xatırlamır” dediyi barədə uydurma sitatlara da istinad edirlər.

Şəxsən mən hesab edirəm ki, bu, həqiqətən də soyqırımı olub. Amma onun qanunvericilik səviyyəsində tanınması formasının özü suallar doğurur”, – Şmuleviç yekunlaşdırıb.

Rauf Orucov