Erkin Qədirlinin hesabatı necə qarşılanıb?
04 Avqust 2020
Bir neçə gün əvvəl Milli Məclisin deputatı Erkin Qədirli sosial şəbəkədə özünün 5 aylıq gəlir və xərcləri barədə hesabatını bölüşdü. Onun atdığı bu addım birmənalı qarşılanmadı. Bəziləri bildirdilər ki, gəlir və xərclərin hesabatını verincə, MM-dəki fəaliyyətinin hesabatını versəydi, daha yaxşı olardı. Bəziləri düşündü ki, deputatın belə detallı şəkildə hesabat verməsi düzgün deyil. Bir qisim insanlar isə onun atdığı addımı təqdirəlayiq hesab etdilər.
Maraqlıdır, digər deputatlar da analoji hesabatla çıxış edəcəkmi? Erkin Qədirlinin nümunəsi necə qiymətləndirilir?.
Milli Məclisin üzvü Vüqar Bayramov xatırlatdı ki, deputatların əmək haqları ilə bağlı məlumatlar rəsmi olaraq MM tərəfindən ictimaiyyətə təqdim olunur:

Bayramov hesab edir ki, hər bir deputat hansı məlumatları ictimaiyyətə təqdim etməklə bağlı müstəqil qərar verir, o cümlədən də Erkin Qədirlinin qərarı müstəqil olaraq onun tərəfindən verilib və buna hörmətlə yanaşmaq lazımdır:
“Amma şəxsən mən həmin məlumatları paylaşmıram, dediyim kimi, o məlumatlar artıq ictimaiyyətdə var. Düşünürəm ki, seçicilərim üçün mənim hansı fəaliyyətləri həyata keçirməyim, qanunvericilik orqanında, eləcə də komitə iclaslarında hansı məsələləri qaldırmağım, hansı təkilf və tövsiyələrlə çıxış etməyim daha vacibdir. Çünki mən seçki kampaniyasına bəlli bir platforma ilə getmişdim və həmin platformada qeyd edilən məsələlər üzrə də seçicilərlə münasibət və fəaliyyətlərimizi formalaşdırırıq. Mən seçicilərimin və ictimaiyyətin bilmədiyi məlumatları, xüsusən də fəaliyyətim haqqında məlumatları bölüşməyə üstünlük verirəm. Amma yenə də qeyd edirəm ki, deputatın maaşı ilə bağlı hər hansı qaranlıq məqam yoxdur. Hər bir kəs internet vasitəsilə axtarış edib, həmin məlumatları əldə edə bilər”.
Milli Məclisin digər deputatı Aydın Mirzəzadə deputat həmkarı Erkin Qədirlinin addımını dəstəklədiyini bildirdi:

A.Mirzəzadə əlavə etdi ki, o da sosial şəbəkələrdə gördüyü işlər haqda vaxtaşırı hesabat verir:
“İndi karantinə görə seçicilərimlə görüşə bilmirəm, amma əvvəlki dövrlərdə görüşlərdə insanlara gördüyüm işlər barədə hesabat verirdim. Ən əsası, mənim mobil nömrəmi hər bir seçicim və demək olar ki, hər kəs bilir. İstənilən vaxt, istənilən şəxs mənə zəng eda bilir. Bu gün beş-altı nəfərin zənginə cavab verərək, kömək etmişəm. Hesabatlara gəlincə, hesabatım Erkin bəyin hesabatı ilə təxminən eynidir, çünki maaşlarımız da eynidir. Amma ondan fərqli olaraq, mənim ailəm var. Ona görə də xərclərimin bir hissəsi ailəyə gedir. Digər tərəfdən, Erkin bəydən fərqli olaraq, ehtiyacı olan seçicilərimə maddi yardım edirəm. Bəzilərinin dərman puluna, digərlərinin övladlarının təhsil haqqına, bəzilərinin də yol puluna kömək edirəm. Bundan sonra da edəcəyəm, çünki qanun buna qadağa qoymur”.
“Yeni Müsavat” media qrupunun rəhbəri, deputatlığa keçmiş namizəd Rauf Arifoğlu isə xatırlatdı ki, E. Qədirli bu hesabatı öz şəxsi “Facebook” səhifəsində təqdim edib:

Arifoğlunun sözlərinə görə, vəzifəli şəxslər, xaricdə əmlakı, bank hesabı olan tanıdığımız məmurlar, vəzifədən çıxarılmış, lakin oliqarx statusunu saxlamış adamlar bu tip hesabatlar versələr, daha yaxşı olar:
“Yəni bir deputatın üç-dörd min manatlıq maaşının hesabatında maraqlı heç nə olmayacaq. Amma Azərbaycan Respublikasının qanunlarına görə, gəlirlərin deklarasiyası verilməlidir. Vəzifəli məmurlar, yüksək rütbəli dövlət xadimləri, istefaya göndərilmiş, vəzifədən çıxarılmış şəxslər gəlir deklarasiyası versələr, çox yaxşı olardı”.
Ülviyyə Şahin