Logo
news content
User
Kateqoriyalar

Analitika

Ənənəvi tədrisə sürətli qayıdış

Son günlər yoluxma sayındakı müsbət dinamika təhsillə bağlı pozitiv gözləntiləri doğrultdu. İbtidai siniflərin ardınca yuxarı siniflər və universitetlərdə də ənənəvi tədris qismən bərpa olunur.

Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə olmaqla, bərpa ediləcək. 2021-ci il 8 fevral tarixindən etibarən isə Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verən ümumi təhsil müəssisələrində tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla keçiriləcək. Layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verməyən ümumi təhsil müəssisələrində isə tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla, bərpa ediləcək.

Qərara münasibət bildirən təhsil eksperti Elşən Qafarov “Press Klub”a açıqlamasında bildirdi ki, Təhsil Nazirliyinin təklifi əsasında qırmızı zolağa daxil olan, yoluxmaların çox olduğu ərazilərdə - Bakı, Sumqayıt, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrində ümumi orta təhsil səviyyəsində  (I-IX siniflərdə) tədrisin başlaması Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərar əsasında fevralın 15-i üçün gözlənilirdi:

“Amma bu qərarın bir həftə önə çəkilməsi marağa səbəb oldu. Görünür ki, bu tip qərarlar yalnız Təhsil Nazirliyinin təklifi əsasında verilmir. Bildiyimiz kimi, Operativ Qərargahda ölkənin bütün qurumları təmsil olunur. Vəziyyət öncə araşdırılıb və belə bir nəticəyə gəlinib”.

Ekspertin fikrincə, fevral ayının ikinci yarısı və mart ayı ərzində pandemiyanın yenidən alovlanması gözləniləndir. Çünki Avropada hazırda pandemiya yenidən baş qaldırıb. Lakin əgər Operativ Qərargah belə bir qərar veribsə, o, müzakirə olunub, yerinə yetirilməlidir. Xüsusən də təhsil işçiləri, təhsil müəssisələrinin rəhbərləri, təhsil müəssisələrini idarə edən qurumlardan ilk növbədə sanitar-gigiyenik tələblərə əməl etmək, sosial məsafəni gözləmək tələb olunur. “Əgər həqiqətən də biz bir ilə yaxındır ki, məhdud şərtlər daxilində keçirilən dərslərə son qoyaraq ənənəvi tədrisə qayıtmaq istəyiriksə, ilk növbədə burada cəmiyyət institutları, təhsil prosesində iştirak edən tərəflər - istər valideynlər, təhsil alanlar, istərsə də müəllimlər daha fəal olmalıdır. Düşünürəm ki, bundan sonrakı mərhələdə əgər yoluxma sayı artarsa, Operativ Qərargah vəziyyətə uyğun olaraq əlavə qərarlar verəcək”, - deyə E.Qafarov söylədi.

Ekspertin sözlərinə görə, ənənəvi dərslərin bərpa olunması təhsil prosesinin tərəflərinin arzusu idi:

“İstər sosial şəbəkələrdə, istərsə də mediada ən çox müzakirə olunan mövzu ənənəvi təhsilə nə vaxt geri qayıtmağımız barədə idi. Görünür, yoluxma sayının belə az olması bu qərarı qəbul etməyə imkan vermiş oldu. Arzulayırıq ki, yoluxma sayında artım olmasın və biz ənənəvi tədrisi tamamilə bərpa edə bilək”.

E. Qafarov onu da əlavə etdi ki, müəllimlərin kütləvi şəkildə peyvəndlənməsi vacib şərtlərdən biridir:

“Baxmayaraq ki, peyvəndlənmə müəllimlər üçün könüllülük prinsipi əsasında həyata keçirilir, cəmiyyətdə daha çox insanlarla ünsiyyətdə olmaları, o cümlədən ənənəvi tədrisdə təhlükəsizliyin qorunması, yoluxmanın sayının qismən aşağı salınmasına görə həkimlərdən sonra ilk növbədə müəllimlərin peyvəndlənməsi gündəmə gətirilməlidir. Müəllimlər də başa düşməlidirlər ki, onların, eyni zamanda təhsil alanların və təhsil prosesində iştirak edən digər şəxslərin peyvəndlənməsi ilk növbədə onların özlərinin sağlamlığı üçün çox vacibdir. Digər tərəfdən, əgər biz ənənəvi tədrisə belə sürətlə qayıdırıqsa, peyvəndləmə müəllim və təhsil prosesində iştirak edən bütün şəxslər üçün məcburi olmalıdır”.

Ülviyyə Şahin