Logo
news content
User
Kateqoriyalar

Analitika

Elmar Məmmədyarov üzə çıxdı

“Bu, müharibə idi, əməlli-başlı müharibə... Ona görə də, təmas xəttində kimsə dayanmalı idi. Sağ olsun, Rusiya da əsgərlərini verib. Onlar dedilər ki, bəs, biz gələk, Azərbaycan və Ermənistan qoşunlarının arasında dayanaq və müharibəni dayandıraq. Ona görə də, Azərbaycan tərəfi buna getdi və bəyanatı imzaladı. Bunda qorxulu bir şey görmürəm”.

Bu sözləri iyul ayının 14-də qalmaqallı şəkildə işdən çıxarılan keçmiş xarici işlər naziri Elmar MəmmədyarovAzadlıq” radiosuna müsahibəsində deyib. O, 44 günlük müharibə və ondan sonrakı dövrdə regionda cərəyan edən hadisələr, işdən çıxarılması, ABŞ-da övladlarına 4,2 milyon dollara 2 mülk alması barədə suallara cavab verib.

Məmmədyarov Rusiyanın 6 həftəlik müharibədə oynadığı rolu müsbət qiymətləndirir, sülhməramlıların Dağlıq Qarabağa yerləşdirilməsi təqdir edir, 3 rayonun şərtsiz, döyüşsüz ger qaytarılmasını diplomatiyanın böyük uğuru sayır: “Ağdam, Kəlbəcər, Laçın rayonlarının silahsız, şəhidsiz Azərbaycan nəzarətinə keçməsi diplomatiyanın qələbəsidir”.

Keçmiş nazir cəmiyyətdə populyar olan “sülhməramlılar Azərbaycanın daxilinə basdırılmış gec partlayan minadır” fikrini qəbul etmir. “Tarixdən də görürük ki, burda əvvəl də Rusiya qoşunları vardı. Müstəqillik qazanandan sonra sovet qoşunlarını danışıqlar yolu ilə burdan çıxardıq. Axırıncı Rusiya əsgəri Qəbələdən (Qəbələ RLS – A.R.) çıxdı. Bu, bizim tarixdə var və biz bilirik sülhməramlıların danışıqlar yolu ilə burdan çıxarılmasına necə nail ola bilərik. Ona görə inanmıram nəsə problem olsun”,- deyə o, vurğulayıb.

Məmmədyarovun “Rusiya sülhməramlıları tək Azərbaycanda deyil, Moldovada, Gürcüstanda da var. İllərdir müşahidə edilən budur ki, Rusiya sülhməramlıları girdikləri ərazilərdən çıxmırlar”, sualına cavabı maraqlı olub:

“Axı orda saziş yox idi, bəyanat yox idi. Azərbaycanda rus sülhməramlılarının mandatı var. Yəni, nəyə görə gəliblər, harada dayanıblar, neçə il dayanacaqlar, müddəti uzatmaq məsələsi və s. Mexanizm var, başa düşürsünüz? Rusiya qoşunlarının çıxarılması ilə bağlı mexanizm var. Bəyanatda yazılıb ki, 5 ildən sonra hansı tərəf... O ki qaldı dediyiniz Moldovaya, Gürcüstana, orda belə mexanizm yoxdur”.

Keçmiş nazir Abxaziyada olduğu kimi, Rusiyanın Dağlıq Qarabağda separatçı rejimin tərəfdarlarına pasport verəcəyi və bölgəni özünün yeni anklavına çevirəcəyi barədə narahatlıqları da bölüşmür. Onun reaksiyası bir qədər qeyri-adi olub:

“İnanmıram. Pasport haqda eşitmişəm, oxumuşam. Mətbuatda var idi. Amma mətbuatda pasport məsələsini yalnız erməni tərəfi qaldırıb, Rusiya müzakirəyə də çıxarmayıb. Bu, erməni tərəfinin təxribat cəhdi də ola bilər, bunu bilə-bilə ortaya ata da bilər ki, Azərbaycanı içəridə qızışdırsınlar. İkincisi, pasport məsələsi... Bizim azərbaycanlılar da Rusiyada yaşayırlar və ora vətəndaşıdırlar, Rusiya pasportu gəzdirirlər. Yəni, pasport məsələsi ciddi məsələdir. Amma o qədər də ciddi deyil ki, camaat desin: vay dədəm vay, Qarabağ getdi, Kalininqrad oldu... Bu, inanılmaz məsələdir mənim üçün”.

Elmar Məmmədyarov Dağlıq Qarabağda ermənilərin azərbaycanlılarla birgə yaşamasını vacib sayır: “Xankəndi, Xocavənd, Xocalı, Ağdərədəki erməni icması ilə azərbaycanlı icması arasında təmas qurulsun. Asan məsələ deyil. Ancaq yavaş-yavaş təmasları artırmalıyıq. Qarabağda yaşayan erməni Azərbaycan vətəndaşlığını qəbul edirsə, qoy qalsın yaşasın, əgər vətəndaşlığı qəbul etmirsə, azərbaycanlılarla birgə yaşamaq istəmirsə, avtobus var, min get!”

Sabiq XİN rəhbəri işdən çıxarılması və övladlarına Nyu-Yorkda bahalı evlər alması ilə bağlı jurnalistlə belə dialoq qurub:

- İyulun 12-ni xatırladıq. Həmin gün Siz doğrudanmı evdən işləyirdiniz? Baş nazir prezidentə dedi ki, Tovuzda atəşkəs pozulanda Siz evdən işlədiyinizi demisiniz.

- Hadisələr olanda mən bəzi nazirlərlə danışdım. Həmin gün 3 saat sonra Leyla Abdullayeva (XİN-in sözçüsü) bəyanat verdi. Mənim səhvim idi, gərək oturub maşına, işə gedərdim. Mənim səhvim idi ki, camaat hamısı işdə idi. Mənə deyən olmadı ki, gərək işdə olasan.

- Siz vəzifədən azad olunmamışdan öncə oğullarınızın Nyu-Yorkda 4 milyon dollarlıq mənzil alması haqda iddialar yayıldı. O zaman nazirliyin mətbuat katibi dedi ki, bu, şəxsi məsələdir. Bu məsələyə indi özünüzün aydınlıq gətirməyinizi istəyirik.

- Mən də təkrar edirəm ki, bu, şəxsi məsələdir.

- Bir nazirin bu qiymətə mülk alması şəxsi məsələ sayıla bilməz axı.

- Necə yəni olmur, mənim şəxsi işimdir də... Siz bank deyilsiniz məndən tələb edəsiniz ki, haradan pul almışam, qazanmışam, necə almışam və s. Ona görə, ən asan, diplomatik cavab verirəm ki, bu, şəxsi məsələdir. Amma inandırım sizi, Amerika sistemində belədir ki, orda nədənsə şübhələnsəydilər, bir sent, bir qəpik, bir manat belə götürməzdilər.

- Azərbaycanda şübhə doğuran o idi ki, nazir olaraq o qədər vəsaiti necə əldə etmişdiniz?

- Mən nazir olmazdan əvvəl 1983-cü ildən XİN-də işləmişəm, 12 il ABŞ-da işləmişəm. Nazir olmazdan öncə başqa qazancım yox idi?

- O zaman niyə nazir olmazdan öncə almadınız o mənzili, Elmar müəllim?

- Yüz yol var ev almaq üçün, kredit, ipoteka ilə almaq olardı, nə qədər imkan var... Amma yenə deyirəm: şübhə olsaydı, Amerikada məni parçalayardılar. Bank cavabdehdir çünki, o pul haradan, necə gəlir. Şübhə olmayanda imkan yaradırlar.

Turqut