Logo
news content
User
Kateqoriyalar

Analitika

Əlçatmaz 300 manat...
Hökumət o vətəndaşları qoruya biləcəkmi?

Maliyyə Nazirliyi bu il üzrə orta illik inflyasiya proqnozunu 4,8%-dən 5,7%-ə qaldırdı. Rəsmi rəqəmlərin üstünə gələcək bu 0,9 faiz bəndi ilk baxışda kiçik görünə bilər, lakin gündəlik bazarlıq edən, sabit gəlirlə dolanan yüz minlərlə vətəndaş üçün bu, alıcılıq qabiliyyətinin daha da zəifləməsi deməkdir. Nəzərə alsaq ki, Azərbaycan reallığında real inflyasiya rəqəmləri hökumət qurumlarının açıqladığı və ya proqnoz etdiyi rəqəmdən daha yüksək olur. 

Beləliklə, rəsmi və qeyri-rəsmi inflyasiya göstəricisi ilə marketlərdəki qiymətlər arasında yaranan və artmaqda davam edən fərqin əhalinin aztəminatlı qruplarına necə təsir göstərəcəyi maraq doğurur.

Ötən ilin sonlarında səngiyən inflyasiya tempi 2026-cı ilin ilk 7 ayında yenidən yüksəliş xəttinə qədəm qoydu. Rəsmi statistika illik inflyasiyanı təkrəqəmli göstərsə də, əhalinin real gündəlik xərc səbətində - xüsusilə əsas ərzaq məhsulları, xidmət və kommunal xərclərdə bahalaşma daha kəskin hiss olunur. Mütəxəssislərin fikrincə, istehlakçının hiss etdiyi faktiki ərzaq inflyasiyası 10-12%-i ötür.

Hökumət ilin əvvəlində pensiyaların indeksasiyası və bir sıra sosial ödənişlərin tənzimlənməsi ilə alıcılıq qabiliyyətini qorumağa çalışdı. Lakin ilin ortasına doğru enerjidaşıyıcılarının, xidmət sektorunun və idxal mallarının bahalaşması həmin artımların müsbət effektini faktiki olaraq sıfırladı.

Ölkədə rəsmi ehtiyac meyarı və yaşayış minimumu 300 manat müəyyən edilib. Rəqəmlərə diqqətlə nəzər salsaq, qiymət artımının ilk növbədə sosial baxımdan ən həssas təbəqəni vurduğunu görərik:

Ehtiyac meyarından aşağı gəliri olanlar:

177,5 min nəfər yaşa görə sosial müavinət alanlar (orta hesabla 220 AZN).

180 mindən çox yarımştat çalışanlar (rəsmi gəlirləri 400 manatdan aşağı düşür).

Bu qrup üçün 5,7%-lik rəsmi (və iki rəqəmli faktiki) inflyasiya çətin vəziyyət yaradır. Gəlirləri yaşayış minimumuna belə çatmadığı üçün artan qiymətlər birbaşa onların minimum ərzaq səbətinə zərbə vurur, keyfiyyətli qidalanma və dərman təminatını məhdudlaşdırır.

Ehtiyac meyarından bir qədər yuxarı gəlir əldə edənlər (300 – 400 manat):

Təqribən 100 min nəfər minimum pensiya alanlar (320 manat);

250-260 min nəfər isə minimum əməkhaqqı alanlardı (400 manat).

Beləliklə, təxminən 350 min nəfər vətəndaş tam olaraq bu "həssas zolaqdadır". Onların aylıq gəliri 300 manatlıq yaşayış minimumunu çətinliklə üstələyir. İnflyasiya bu kiçik fərqi sürətlə əridir və onları faktiki olaraq yoxsulluq həddinin altına sürükləyir.

Onu da qeyd edək ki, ölkədə rəsmi işləyən 1,81 milyon nəfərin yarısı (təxminən 900 min nəfər) median əməkhaqqından (670-700manat) aşağı gəlir əldə edir. Bu kateqoriyaya həm 400 manat alanlar, həm də 500–600 manat civarında maaşla dolananlar daxildir. Qiymət artımı bu təbəqənin də alıcılıq qabiliyyətini nəzərəçarpacaq dərəcədə aşağı salır, qənaət imkanlarını sıfırlayır.

Məsələ yalnız aşağı da olsa sabit gəliri olanlarla bitmir. Mənzərəni tamamlayan daha iki vacib amil var:

Rəsmi və qeyri-rəsmi işsizlər, eləcə də gündəlik mövsümi işlərlə dolananlar inflyasiya qarşısında tamamilə müdafiəsizdir. Gəlirlərin sabit olmaması qiymət artımı fonunda bu ailələrin sosial durumunu daha da ağırlaşdırır.

Son vaxtlar dövlət aparatında optimallaşdırma, agentlik və publik hüquqi şəxslərin birləşdirilməsi paralelliyində kütləvi ixtisarlar həyata keçirilir. Bu addımlar büdcə xərclərinə qənaət etsə də, əmək bazarına əlavə təzyiq yaradır. Sabit maaşını itirən şəxslərin işsizlər ordusuna qatılması sosial gərginlik riskini artırır.

Yaranmış iqtisadi reallıq göstərir ki, inflyasiyanın yüksəlməsi xüsusilə fiks olunmuş gəlirlə yaşayan yarım milyondan çox vətəndaşın gündəlik həyatını çətinləşdirir. 

Hökumət operativ və kompleks sosial addımlar atmalıdır:

Minimum əməkhaqqı və minimum pensiya məbləğlərinə təcili şəkildə yenidən baxılmalıdır. Minimum əməkhaqqının ən azı 450–480 manat, minimum pensiyanın isə 360–380 manata qaldırılması həssas təbəqəni inflyasiya zərbəsindən qismən sığortalaya bilər. Yaşa görə 220 manat sosial müavinət alanların problem isə daha ciddidir. Hökumət yaşlı əhalini ehtiyac meyarından xeyli aşağı olan bu kiçik gəlirə möhtac etməməlidir.

Əlbəttə, 300 manatlıq ehtiyac meyarı da mövcud qiymət reallıqlarını əks etdirmir. Bu rəqəm real istehlak səbətinə uyğun olaraq artırılmalıdır.

Əsas tələbat mallarının (un, yağ, kərə yağı, uşaq qidaları və s.) daxili bazarında süni qiymət artımına qarşı anti-monopol nəzarət gücləndirilməli, vacib ərzaq məhsullarının idxalında ƏDV azaldılmalı və ya ləğv edilməlidir.

Paralel olaraq dövlət qurumlarında ixtisara düşən kadrların sürətli yenidən hazırlıq kurslarına cəlb olunması və onlara ödənilən işsizlik müavinətlərinin əhatə dairəsinin genişləndirilməsi vacibdir.

Nəticə olaraq, inflyasiya proqnozunun artırılması sadəcə iqtisadi hesabat deyil, həm də sosial siqnaldır. Sabit gəlirli və həssas təbəqənin alıcılıq qabiliyyətini qorumaq üçün vaxt itirmədən çevik iqtisadi-sosial qərarların qəbul edilməsi günün tələbidir.

Turqut