Əfqan Muxtarlının azadlığa buraxılması barədə müraciət eşidiləcəkmi?
31 Oktyabr 2019
Məhbus jurnalist Əfqan Muxtarlının vəkili onun səhhətinin ağırlaşması barədə məlumat yaydıqdan sonra Press Klubun təsisçiləri dövlət rəhbərinə müraciət etmişdilər. Onlar həmkarlarının azadlığa buraxılmasını istəmiş və ictimaiyyəti bu müraciətə qoşulmağa çağırmışdılar. Ölkənin bir çox QHT təmsilçiləri, hüquqşünasları, insan haqları müdafiəçiləri, həmçinin jurnalistləri çağırışa səs vermişdilər. Onların arasında Almaniya, İsveç, Norveç, Fransa, Kanada, Niderland, Danimarkada yaşayan, o cümlədən bu ölkələrin nüfuzlu KİV-lərində çalışan onlarla azərbaycanlı həmkarımız var idi. Hələlik müraciətə cavab alınmayıb, amma biz məsələni diqqətdə saxlamağa çalışırıq. Həm yerli mediada işləyən, həm də ABŞ-da, Gürcüstanda, Çexiyada, Rusiyada, Türkiyədəki jurnalistlərimizdən dəstək almaqda davam edirik. Ümidvarıq ki, həmkarımız Əfqan Muxtarlının azadlığa buraxılması barədə müraciətimiz eşidiləcək və, onun müalicəsinin səmərəli təşkili üçün şərait yaradılacaq.