Logo
news content
User
Kateqoriyalar

Analitika

“Dünyanın fabriki” - Çində iqtisadi tənəzzül

Çində iqtisadi vəziyyət və bu ölkənin inkişaf tempi bütün dünyanı yaxından maraqlandıran məsələdir. Çünki bu ölkə planetin 2-ci böyük iqtisadiyyatına malikdir və “dünyanın fabriki” adlandırılır.

Çində bu ilin ilk rübünün iqtisadi göstəriciləri ilə bağlı rəsmi rəqəmlər açıqlanıb. Milli Statistika Bürosunun məlumatına görə, Çində Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 2020-ci ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 6,8% azalıb. Bu, gözləntilərdən (ekspertlər 6% azalma proqnozlaşdırmışdı) daha yüksək olmaqla bərabər, həm də 1992-ci ildən bəri Çində ilk iqtisadi tənəzzüldür. (Ölkədə rəsmi rüblük statistika həmin ildən tətbiq olunmağa başlayıb.) 2019-cu ilin IV rübünə nisbətən isə tənəzzül 9,8% təşkil edib.

Birinci rübdə sənaye istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 8,4% aşağı düşüb. Mart ayında ölkədə pərakəndə satışlar 15,8%, əsas kapitala yatırımlar 16,1% azalıb.

Dünya üzrə istehsal həcminin dörddə biri Çinin payına düşdüyü üçün bu rəqəmlər şübhəsiz ki, bütün ölkələrə, o cümlədən Azərbaycanla qarşılıqlı ticarətə təsir göstərəcək.

2019-cu ildə Azərbaycan-Çin ticarət dövriyyəsində böyük artım qeydə alınıb.

Belə ki, il ərzində iki ölkə arasında ümumi dəyəri 2 184 194 min ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib. Bu, 2018-ci ilin 12 aylıq göstəricisi ilə müqayisədə 873 947,08 min dollar və ya 66,7% çoxdur. 2019-cu ötən il ərzində iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsinin payı Azərbaycanın ümumi xarici ticarətinin 6,56%-nə bərabər olub. Ötən il ərzində Azərbaycanın Çinə ixracının həcmi 752 162,63 min dollar təşkil edib ki, bu da 2018-ci ilin göstəriciləri ilə müqayisədə 638 589,17 min dollar və ya 6,62 dəfə çoxdur. Hesabat dövründə Azərbaycanın Çindən idxalı 1 432 031,37 dollar təşkil edib ki, bu da 2018-ci ilin göstəriciləri iə müqayisədə 235 357,91 min dollar və ya 19,67% çoxdur. Azərbaycanın ixracında Çinin payı ümumi ixracın 3,83%-nə, idxaldakı payı isə ümumi idxalın 10,48%-nə bərabərdir.

Azərbaycanda ticarət, xidmət, sənaye, tikinti, maliyyə, kənd təsərrüfatı və sair sahələrdə 120-dək Çin investisiyalı şirkət fəaliyyət göstərir.

Press Klub