Dünyanı titrədən terror təhlükəsi – 174 sərnişin ölümdən necə qurtuldu
Ekspert: Artıq cinayətkar təyyarə kabinəsinin çölündə deyil, içindədir
02 Oktyabr 2026
Sentyabrın 30-da “Flydubai” şirkətinə məxsus FZ1073 saylı Dubay–Təl-Əviv reysində baş verən insident zamanı ikinci pilotun kapitana bıçaqla hücum etməsi və 174 sərnişinin olduğu təyyarəni yerə çırpmağa cəhd göstərməsi aviasiya təhlükəsizliyi və geosiyasi sabitlik üçün misli görünməmiş kompleks təhdidlər yaradır.
İsrail tərəfi baş vermiş hadisəni rəsmi olaraq terror aktına cəhd kimi təsnif edib, faciəni qarşısının yalnız adi sərnişin kimi uçan digər pilotların və sadə vətəndaşların müdaxiləsi nəticəsində alındığını bildirib.
Təyyarənin ikinci pilotunun kabinəyə soyuq silah (bıçaq) keçirə bilməsi və ondan istifadə etməsi ekipaj üzvlərinin uçuşdan əvvəl yoxlanılması prosedurlarındakı zəiflikləri üzə çıxarır.
Hadisə bir daha mülki təyyarənin idarə olunan silah kimi istifadə edilməsi təhlükəsini göstərib. İnsident bu baxımdan 11 sentyabr terror aktının ssenarisini xatırladır: yenə də cinayətkarın təyyarənin idarə edilməsi üçün qanuni icazəsi olub. Belə vəziyyətdə ənənəvi hava hücumundan müdafiə sistemləri, eləcə də kabinəni qoruyan zirehli qapılar faktiki olaraq əhəmiyyətini itirir.
İsrail Nəqliyyat Nazirliyi dərhal “Flydubai”nin uçuşlarının dayandırılmasını tələb edib. Bu cür insidentlər digər beynəlxalq aviaşirkətlərin də təhlükəsizlik riskləri səbəbindən Təl-Əvivə uçuşları kütləvi şəkildə ləğv etməsinə səbəb ola bilər. Bu isə İsrailin turizm sektoruna və hava nəqliyyatına ciddi zərbə vura bilər.
“Flydubai”nin İsrailə uçuş qaydalarına əsasən, pilotlar yalnız İsraillə diplomatik münasibətləri olan ölkələrin vətəndaşları ola bilər. Lakin hücum edən şəxsin İsraillə diplomatik əlaqələri olmayan Oman vətəndaşı olduğu üzə çıxıb. Bu isə aviaşirkətin mövcud razılaşmalara ciddi şəkildə əməl etmədiyini göstərib.
İsrail Hərbi Hava Qüvvələri əlaqənin itməsi və təyyarənin qaçırılması barədə siqnalın (7500 kodu) verilməsi səbəbindən qırıcıları havaya qaldırıb. Vaxtın son dərəcə məhdud olduğu və laynerin yaşayış məhəllələrinin üzərinə düşməsi təhlükəsinin yarandığı şəraitdə sərnişin təyyarəsinin hərbçilər tərəfindən vurulması riski də çox yüksək olub.
Təyyarə Səudiyyə Ərəbistanının Təbuq şəhərində təcili eniş edib. İsrailin Səudiyyə Ərəbistanı ilə rəsmi diplomatik münasibətləri yoxdur. Bu səbəbdən İsrail vətəndaşlarının Səudiyyə Ərəbistanı ərazisindən təxliyə edilməsi məsələsi əlavə diplomatik problemə səbəb olub. Ər-Riyad sərnişinlərin təxliyəsi üçün İsrail Müdafiə Ordusuna məxsus hərbi təyyarənin göndərilməsinə icazə verməyib. Bu da regiondakı əlaqələrin nə qədər kövrək olduğunu göstərir.
KİV-in məlumatına görə, artıq bəzi İsrail vətəndaşları təhlükəsizlik səbəbindən digər ərəb aviaşirkətlərinin təyyarələrinə minməkdən imtina edirlər. Bu tendensiya gələcəkdə Yaxın Şərq ölkələrindən olan ekipajlara uzunmüddətli etimadsızlığa çevrilə bilər.
Baş nazir Benyamin Netanyahu artıq xüsusi xidmət orqanlarına, o cümlədən “Mossad” və “Şin-Bet”ə mülki aviasiyada buna bənzər yeni “potensial təhdidlərin” meydana çıxmasına hazırlaşmaq tapşırığı verib.
Bütün bunlar ümumiyyətlə nədən xəbər verir? Yaxın Şərqdə yeni müharibənin başlamasını gözləməliyikmi? Bu “pilotun” arxasında kim dayanıb? Livanın “Hizbullah”ı, Qəzza sektorundakı HƏMAS, Yoxsa Yəmən husiləri? Bəlkə söhbət birdaşa İranın özünün hücumundan gedir?
Baş verənlərlə bağlı Pressklub.az-a danışan tanınmış israilli publisist Aleksandr Nepomnyaşiy qeyd edib ki, film üçün belə bir ssenari yazılsaydı, onu həddindən artıq dramatikliyə və tamamilə inandırıcı olmadığına görə rədd edərdilər.

“Amma “Flydubai” şirkətinin reysinin göyərtəsində hadisələr məhz bu cür cərəyan edib.
Təyyarədəki 174 nəfərin hamısı sağ qalıb. Hadisələrin xronologiyasını daha ətraflı bərpa etdikdə aydın olur ki, faciənin qarşısını yalnız möcüzəvi təsadüflər zənciri və bir neçə insanın inanılmaz cəsarəti alıb.
Bu zəncirin ilk həlqəsi ekipajın Hindistan vətəndaşı olan komandiri olub. Oman vətəndaşı olan ikinci pilot qəfildən ona soyuq silahla hücum edib və layneri sürətlə yerə yönəldib. Kapitan ağır yaralanmasına və qanının axmasına baxmayaraq, ən vacib işi görməyə macal tapıb: təyyarənin qaçırılması barədə siqnal verib və kabinənin qapısının kilidini açıb.
Qışqırıqları eşidən israilli sərnişinlər köməyə qaçıblar. Təyyarə sürətlə aşağı şığıyarkən yaranan güclü təzyiqə baxmayaraq, onlar kabinəyə daxil olaraq hücum edən şəxsi zərərsizləşdirə biliblər. Onlardan biri – həyatında heç vaxt təyyarə idarə etməmiş tikinti podratçısı Yaniv Hayun – aviaqəzalar haqqında sənədli filmdən gördüyü kadrları xatırlayıb. O, idarəetmə sükanını özünə çəkərək təyyarəni kəskin enişdən çıxarıb.
Daha sonra zəncirin digər həlqələri də işə düşüb. Təyyarədə olan israilli stomatoloq yaralı kapitana tibbi yardım göstərib. Həmin reyslə uçan britaniyalı pilot isə idarəetməni öz üzərinə götürərək zədələnmiş layneri Səudiyyə Ərəbistanının Tabuk şəhərində yerə endirə bilib. Mülki təyyarənin tab gətirmək üçün nəzərdə tutulmadığı güclü yüklənmələr onun quyruq hissəsini dağıdıb, idarəetmə sistemi isə terrorçu tərəfindən qismən zədələnib. Bu zəncirin həlqələrindən heç olmasa biri baş verməsəydi, nəticə qaçılmaz olaraq insan tələfatı ilə başa çata bilərdi”, – ekspert bildirib.
Lakin onun fikrincə, bu hadisənin əsas tərəfi insanların xilas olması ilə bitmir. “FZ1073 reysində baş verənlər dünya üzrə aviasiya təhlükəsizliyi sisteminin fundamental zəifliyini üzə çıxardı.
11 sentyabr hadisələrindən sonra aviasiya təhlükəsizliyi bir əsas prinsip üzərində quruldu: kabinəni kənardan gələn təhlükələrdən qorumaq. Zirehli qapılar, yoxlamalar, təyyarələrdə təhlükəsizlik əməkdaşlarının yerləşdirilməsi və sair. FZ1073 hadisəsi isə göstərir ki, bu müdafiə sistemi artıq əvvəlki qədər etibarlı deyil. Çünki təhlükə kabinənin arxasında deyildi – təhlükə birbaşa pilot kreslosunda idi.
Hazırda araşdırmanı Səudiyyə Ərəbistanının müvafiq qurumları aparır. İsrail isə “Flydubai”ın qeydiyyatda olduğu ölkə olan Birləşmiş Ərəb Əmirliləri hakimiyyətinin də istintaqa qoşulacağına ümid edir. Əsas sual isə belədir: pilotun arxasında kim dayanıb?
Söhbət radikallaşmış bir şəxsdən gedir, yoxsa planlaşdırılmış əməliyyatın bir hissəsindən? İran rejimi və onun proksi qüvvələri (Hizbullahdan husilərə qədər) hazırda dağıdıcı cavab zərbəsi almaq qorxusu səbəbindən İsraillə birbaşa hərbi toqquşmadan yayınırlar. Lakin hibrid müharibə aparan qüvvələr üçün qeyri-ənənəvi üsullara əl atmaq həmişə cəlbedici variant olaraq qalır. Çünki belə variantda cinayətin müəllifliyini dərhal müəyyən etmək mümkün deyil.
Əgər bu hücum əvvəlcədən planlaşdırılıbsa, o zaman ortaya daha ciddi sual çıxır: İran strukturlarının və ya beynəlxalq terror şəbəkələrinin öz agentlərini birbaşa aviaşirkətlərin ekipajlarına yerləşdirərək pilot vəzifəsinə qədər irəlilətməsi kimi yeni taktikası ilə qarşılaşırıq?
İsraillə diplomatik münasibətləri olmayan ölkənin vətəndaşı olan pilot ümumiyyətlə Təl-Əvivə uçan reysdə necə peyda olub? Bu, yoxlama sistemində təsadüfi yaranmış boşluqdur, yoxsa hansısa əməliyyatçının məqsədli şəkildə pilot kreslosuna qədər irəlilədilməsi?
Hazırda konkret dövlətin və ya təşkilatın bu hadisədə iştirak etdiyini göstərən birbaşa sübut yoxdur. Lakin bir fakt qalır: terrorizm öz formasını dəyişir. Əvvəllər düşmən kabinənin qapısını sındırmağa çalışırdısa, indi həmin qapının açarını əldə edə bilər. Mülki aviasiya üçün yaranan bu yeni tip təhlükə ilə mübarizə aparmağı isə hələ öyrənməliyik”, – Nepomnyaşiy bildirib.
Rauf Orucov