DTX-nın həbs etdiyi məmura məxsus kafe-bar söküldü
14 May 2020
Mayın 8-də Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılan Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovla bağlı yeni məlumatlar üzə çıxıb. Tarixi memarlıq abidələrinin qorunmasına birbaşa məsul olan bu şəxsin Bakıda bir sıra memarlıq nümunələrini sökdürərək yerində müxtəlif təyinatlı binalar tikdirdiyi deyilir. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özünün sahibi olduğu “Casual Brasserie” adlı kafe-barın da ərazisini qanunsuz yolla genişləndiribmiş.
“Pressklub”a daxil olan məlumata görə, şəhərin memarlıq ənənələrinin qorunmasına cavabdehlik daşıyan Zakir Sultanov hökumətin müvafiq qərarlarına zidd hərəkət edərək Nizami küçəsində yerləşən obyektinin ərazisini 3 metr qabağa çəkdiribmiş. Halbuki elə həmin ərəfələrdə paytaxtın Fəvvarələr meydanı ətrafında və Nizami küçəsindəki ictimai iaşə və xidmət obyektlərinə əlavə edilən və gediş-gəlişə mane olan atırmalar sökülüb. Amma şəhərin memarlıq görkəminə xələl gətirən artırma və şüşəbəndlər sökülərkən “Casual Brasserie” toxunulmaz saxlanılıb.
Z.Sultanov saxlanılandan sonra onun sahibi olduğu kafe-barın sökülməsi barədə göstəriş verilib. Buna səbəb kimi şüşəbənd artırmanın şəhərin infrastruktur təsərrüfatının normal fəaliyyətinə imkan verməməsi göstərilir. Belə ki, obyektin 3 metrə qədər artırılmış şüşəbənd hissəsi “İtalyan həyəti” kimi tanınan yaşayış binasına gedən kommunikasiya xətlərinin, o cümlədən içməli su və kanalizasiya borularının üzərində tikilib. Hətta əlavə edilmiş şüşəbənd artırma yaşayış binasının içməli su və qaz sayğaclarına çıxış imkanlarını məhdudlaşdırıb.
Mayın13-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən göndərilmiş bir qrup işçi qanunsuz artırmanı sökməyə başlayıb.
Araşdırmalar zamanı məlum olub ki, ərazinin memarlıq görkəmini korlayan və şəhərin mərkəzi meydanının bir tərəfini zəbt edən kafe-barın sahibi qonşuluqdakı obyekt sahiblərinə qarşı kobudluq və sayğısızlıq da edib. O, binanın meydana açılan və ümumi istifadədə olan giriş-çıxışını az qala ərazidə yerləşən fontana qədər ələ keçirib. Fontanla binanın arasındakı ərazini zəbt etdikdən sonra isə ümumi qapıdan istifadədə olan giriş-çıxış qapısını qonşuların üzünə bağlayıb. Bir bloklu, üçmərtəbəli binadakı faktiki yaşayış sahələrini pulla alıb, sakinləri köçürən Zakir Sultanov sahibi olduğu restoranın ərazisini genişləndirmək naminə qonşularla konfliktə getməkdən də çəkinməyib. Hələ onun sahibi olduğu restoranın üzərindəki mənzilləri bir dövlət məmuru olaraq hansı pulla aldığı, sakinləri hansı şərtlər əsasında köçürdüyü, şəhərin ən bahalı zonasında yerləşən kafe-barını birdən-birə üçmərtəbəli obyektə necə çevirdiyi də çoxlu suallar doğurur. Axı, Bakının ən prestijli yaşayış zonalarından sayılan həmin ərazidə torpaq sahəsinin və mənzillərin bazar qiymətləri də hər kəsə bəllidir.
Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Zakir Sultanov barəsində CM-in 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə) maddələri üzrə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Mədəniyyət Nazirliyinin həyata keçirdiyi tikinti işlərinə nəzarət edərkən dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə ittiham olunur.
Heç şübhəsiz, həbsindən cəmi bir neçə gün sonra ortaya çıxan faktlar Mədəniyyət Nazirliyində yüksək post tutmuş məmurun qanunsuz əməllərinin çox cüzi hissəsidir. Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək şəhərin kommunal strukturlarını iflic edən, öz biznesini genişləndirmək naminə qonşularının yolunu bağlamaqdan belə çəkinməyən Zakir Sultanovun daha hansı qanunsuzluqlara yol verdiyi, korrupsiya və rüşvət hesabına topladığı sərvətlərə dair yeni məlumatlar 4 ay davam edəcək istintaqın gedişində üzə çıxacaq.
Elxan SALAHOV